| 
						 
						
						 Dekabrın 
						17-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş 
						Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri 
						Riçard Morninqstar ilə görüşüb. 
						
						
						Öncə Riçard Morninqstarı ölkəmizə səfir təyin olunması 
						münasibətilə təbrik edən təhsil naziri ona ikitərəfli 
						əlaqələrin daha da genişləndirilməsi istiqamətindəki 
						fəaliyyətində uğurlar arzulayıb. Səfiri Təhsil 
						Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir 
						Azərbaycanla ABŞ arasında münasibətlərin uğurla inkişaf 
						etdiyini vurğulayaraq bu əməkdaşlıqda təhsil sahəsinin 
						də mühüm rolu olduğunu bildirib. 
						
						
						Misir Mərdanov bu günlərdə ABŞ-ın Konnektikut ştatının 
						Nyutaun şəhərindəki məktəbdə baş vermiş dəhşətli faciə 
						ilə əlaqədar səfirə başsağlığı verib. 
						
						
						Nazir uğurla həyata keçirilən təhsil və mübadilə 
						proqramlarının əhəmiyyətinə toxunub, bu istiqamətdə əldə 
						olunmuş müsbət nəticələrdən danışıb. "2007-2015-ci 
						illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili 
						üzrə Dövlət Proqramı" çərçivəsində seçilmiş ali təhsil 
						müəssisələri siyahısına 82 ABŞ universitetinin daxil 
						olunduğunu nəzərə çatdıran Misir Mərdanov, həmçinin orta 
						təhsil üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinin 
						mümkünlüyünü söyləyib. 
						
						
						Səmimi qəbul üçün təşəkkürünü bildirən səfir Riçard 
						Morninqstar ölkələrimiz arasındakı əlaqələrin daha da 
						inkişafı baxımından lazımi səy göstərəcəyini vurğulayıb. 
						Azərbaycan-ABŞ münasibətlərində təhsil sahəsinin mühüm 
						əhəmiyyət kəsb etdiyini nəzərə çatdıran səfir öncə 
						müvafiq mübadilə proqramları, xüsusilə Fulbrayt proqramı 
						çərçivəsində əməkdaşlığın davam etdirilməsi, 
						azərbaycanlı gənclərin bu proqram üzrə ABŞ 
						universitetlərində təhsili və bununla bağlı birgə 
						işlərin aparılmasından söz açıb. 
						
						
						Səfir Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili 
						üzrə Dövlət Proqramı çərçivəsində seçilmiş ali təhsil 
						müəssisələri siyahısına digər tanınmış ABŞ 
						universitetlərinin də əlavə edilməsinin səmərəli 
						nəticələr verəcəyinə inandığını bildirib. Təhsilin digər 
						pillələri üzrə əlaqələrin inkişafı yönündə atılacaq 
						addımlara diqqət çəkən qonaq bu baxımdan Misir 
						Mərdanovun təklifi ilə razı olduğunu nəzərə çatdırıb. 
						
						
						Səfirin qeyd etdiyi məsələlərə münasibətini bildirən 
						təhsil naziri ABŞ-la elmi-tədqiqat sahəsində birgə 
						layihələrin həyata keçirilməsinin mümkünlüyü 
						məsələlərinə toxunub. Nazir, həmçinin birgə elmi 
						simpozium və konfransların təşkil olunması təklifini 
						irəli sürüb. Misir Mərdanov qeyd edib ki, ölkələrimiz 
						arasındakı təhsil əlaqələrinin inkişafı istiqamətində 
						görülmüş işlər və müvafiq əməkdaşlığın mümkün tərəfləri 
						haqqında ictimaiyyətə daha geniş məlumatlar verilməlidir. 
						
						
						Sonda ikitərəfli əməkdaşlığın inkişafı baxımından belə 
						görüşlərin əhəmiyyətindən bəhs olunub, eləcə də 
						qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər 
						ətrafında fikir mübadiləsi aparılıb.   |