| 
						 
						
						 Dekabrın 
						19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində bu ali 
						təhsil müəssisəsinin ümumi psixologiya kafedrasının 
						müdiri, Prezident təqaüdçüsü, Şöhrət ordenli, əməkdar 
						elm xadimi, professor Əbdül Əlizadənin 80 illik yubileyi 
						münasibətilə tədbir keçirildi. Tədbirdə təhsil naziri 
						Misir Mərdanov, ADPU-nun rektoru, professor Yusif 
						Məmmədov, BDU-nun rektoru, akademik Abel Məhərrəmov, 
						Milli Məclis deputatları Bəxtiyar Əliyev, Nizami Cəfərov, 
						ziyalılar, universitetin professor-müəllim heyəti, elm 
						xadimləri və digər şəxslər  iştirak edirdilər. 
						
						
						Tədbiri giriş sözü ilə açan  ADPU-nun rektoru, professor 
						Yusif Məmmədov  yubilyarı təbrik edərək alimin həyat və 
						fəaliyyətindən, Azərbaycanda psixologiya elminin 
						inkişafına verdiyi töhfələrdən danışdı. Bildirdi ki, 
						Ə.Əlizadə 1932-ci ildə Bakıda anadan olmuşdur. Orta 
						məktəbi bitirdikdən sonra ölkəmizdə yenicə təşəkkül 
						tapan psixologiya elminə yiyələnmək üçün  Azərbaycan 
						Dövlət Universitetinin (indiki BDU) filologiya 
						fakültəsinin məntiq-psixologiya şöbəsinə daxil olmuşdur. 
						O, 1955-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa 
						vurmuşdur.  1962-ci ildə "Şagirdlərin yaradıcı təxəyyül 
						fəaliyyətində analiz və sintez proseslərinin 
						xüsusiyyətləri" mövzusunda namizədlik, 1975-ci ildə isə 
						doktorluq dissertasiyası müdafiə etmişdir. 1962-ci ildən 
						APİ-nin ümumi psixologiya kafedrasında müəllimlik 
						fəaliyyətinə başlayan Ə.Əlizadə 1976-cı ildən bu günədək 
						fasiləsiz olaraq həmin kafedranın müdiri vəzifəsində 
						çalışır. 
						
						
						Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov alimin 
						Azərbaycan psixologiya elminə verdiyi töhfələrdən və 
						onun inkişafındakı xidmətlərindən söz açdı. Əbdül 
						Əlizadənin Azərbaycan psixologiya elmini ləyaqətlə 
						təmsil və təbliğ etdiyini bildirən nazir alimin nəinki 
						respublikamızda, həm də onun hüdudlarından kənarda 
						tanındığını nəzərə çatdırdı. Alimin gələcək nəslə örnək 
						olan, hamının böyük hörmət və məhəbbət bəslədiyi, yüksək 
						mənəvi keyfiyyətlərə malik ziyalılarımızdan olduğunu 
						vurğulayan Misir Mərdanov yubilyarı təbrik edərək ona 
						uğurlar arzuladı.  
						
						
						Tədbirdə digər çıxış edənlər yubilyarı təbrik edərək ona 
						elmi fəaliyyətində uğurlar arzuladılar. 
						
						
						Sonra Ə.Əlizadəyə universitetin fəxri fərmanı və mükafat 
						təqdim olundu.  
						
						
						Niyazi RƏHİMOV  |