| 
						 
						
						 Dekabrın 
						20-də paytaxtdakı "Avropa" otelində "Azərbaycan 
						Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların 
						ailələrə verilməsi (De-institusionalizasiya) və 
						alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" 
						çərçivəsində "2012-ci ilin yekunları və qarşıda duran 
						vəzifələr" mövzusunda konfrans keçirildi. 
						
						
						Konfrans iştirakçılarını salamlayan təhsil naziri Misir 
						Mərdanov "Azərbaycan Respublikasında dövlət uşaq 
						müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) 
						və alternativ qayğı Dövlət Proqramı"nın icrası ilə bağlı 
						təqdimat-məruzə ilə çıxış etdi. Hər ilin sonunda Təhsil 
						Nazirliyi tərəfindən Proqramın icrası ilə bağlı hesabat 
						konfransı keçirildiyini deyən nazir  budəfəki konfransın 
						BMT-nin mühüm sənədi olan  Uşaq hüquqları haqqında 
						Konvensiyanın  Azərbaycanda qəbul olunmasının 20 illik 
						yubileyinin  keçirildiyi bir dövrə təsadüf etdiyini 
						bildirdi. Qeyd etdi ki, sözügedən Dövlət Proqramının 
						əsas məqsədi də məhz uşaqların ailə mühitində 
						böyüməsinin zəruriliyi nəzərə alınaraq, müəssisədə olan 
						uşaqların ailələrə verilməsi və alternativ qayğının 
						təşkil edilməsidir.  
						
						
						Təhsil Nazirliyinin Dövlət Proqramının həyata 
						keçirilməsində aparıcı  qurum olduğunu diqqətə çatdıran 
						nazir nazirliyin Dövlət Proqramının həyata 
						keçirilməsində öz işini Maliyyə, Səhiyyə, Ədliyyə, 
						Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi 
						nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə 
						Dövlət Komitəsi və yerli icra hakimiyyətləri ilə sıx 
						əməkdaşlıq çərçivəsində qurduğunu, bununla yanaşı, 
						müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatlarının 
						Proqramın icra olunmasında Azərbaycan hökumətinə dəstək 
						verdiklərini dedi. Təhsil naziri qeyd etdi ki, Dövlət 
						Proqramının uğurla həyata keçirilməsində Heydər Əliyev 
						Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun 
						xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban 
						xanım Əliyevanın uşaq evləri və internat məktəblərinə 
						göstərdiyi qayğı mühüm rol oynayır. 
						
						
						Sonra nazir bu il ərzində Dövlət Proqramı qarşısında 
						duran vəzifələrin  icrası ilə bağlı məlumatları konfrans 
						iştirakçılarının nəzərinə çatdırdı. Bildirdi ki, dövlət 
						uşaq müəssisələrinin transformasiyası üzrə Baş planın 
						icrası olaraq, Azərbaycan Respublikası Nazirlər 
						Kabinetinin 2012-ci il 22 iyun tarixli qərarına əsasən, 
						sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 nömrəli və 3 
						nömrəli xüsusi internat məktəbləri şagird kontingentinin 
						azalması səbəbindən birləşdirilmiş, 2012-ci il  6 dekabr 
						tarixli qərara əsasən isə Qusar şəhər internat məktəbi 
						ləğv edilərək bazasında Qusar peşə liseyi yaradılmışdır. 
						
						
						Beləliklə, 2008-ci ildə ölkə üzrə dövlət uşaq 
						müəssisələrinin sayı 55 olduğu halda,  Dövlət Proqramı 
						çərçivəsində görülən tədbirlər nəticəsində müəssisələrin 
						sayı 42-yə enmişdir.  
						
						
						Dövlət Proqramının Tədbirlər Planına və Baş plana əsasən, 
						uşaq evləri və internat tipli dövlət uşaq 
						müəssisələrinin tədricən ailə əsaslı və icma əsaslı 
						xidmətlər ilə əvəz olunması işinə başlanıldığını diqqətə 
						çatdıran nazir Təhsil Nazirliyi tərəfindən bu 
						istiqamətdə aparılan məqsədyönlü işlər nəticəsində ölkə 
						üzrə  ümumilikdə bu il  589 nəfər uşağın dövlət uşaq 
						müəssisələrinə  düşməsinin qarşısının alındığını 
						bildirdi.  
						
						
						Nazir qeyd etdi ki, Dövlət Proqramı çərçivəsində "Müəssisədə 
						yaşayan uşaqların ailələrə verilməsi və alternativ 
						qayğıya cəlb edilməsi", "Yerli hakimiyyət orqanları ilə 
						qeyri-hökumət təşkilatları arasında himayədar (foster) 
						qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin 
						işlənib hazırlanması" pilot layihələinin icrası 
						istiqamətində görülən işlər nəticəsində cari ildə 
						valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat 
						məktəbləri və uşaq evlərində yaşayan 123 nəfər uşaq 
						rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə 
						həmin müəssisələrdən bioloji ailələrinin və yaxın 
						qohumlarının himayəsinə qaytarılmışdır.  
						
						
						Hazırda Dövlət Proqramının əhatəsində olan  dövlət uşaq 
						müəssisələrində 8336 nəfər uşağın təlim-tərbiyə aldığını 
						deyən Misir Mərdanov onlardan 3671  nəfərinin müəssisədə 
						gecələyən, qalan 4665 nəfərin isə müəssisənin yalnız 
						təhsil və günərzi xidmətlərindən istifadə edən, gecəni 
						isə ailəsi ilə birgə keçirən uşaqlar olduğunu söylədi. 
						Bildirdi ki, Təhsil Nazirliyi tərəfindən aparılan 
						məqsədyönlü tədbirlər nəticəsində dövlət uşaq 
						müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı ilbəil 
						azalır. Belə ki, onların sayı 2006-cı ildə 21000, 
						2007-ci ildə 18400, 2008-ci ildə 14389 nəfər, 2009-cu 
						ildə 10055 nəfər, 2010-cu ildə 9827 nəfər, 2011-ci ildə 
						9776 nəfər, 2012-ci ildə isə 8336 nəfər olub. 
						 
						
						
						Dövlət uşaq müəssisələrindən məzun olan uşaqların 
						sonrakı həyatı haqqında fikirlərini söyləyən nazir 
						sağlamlıq imkanları məhdud uşaqların bütün təhsil 
						pillələri üzrə digər uşaqlarla birgə keyfiyyətli 
						təhsillə (inklüziv təhsillə) təmin olunması üçün YUNİSEF-lə 
						birgə həyata keçirilən tədbirlərdən bəhs etdi. Ölkəmizdə 
						de-institutlaşma və uşaqların müdafiəsi sahəsində həyata 
						keçirilən islahatların nüfuzlu beynəlxalq təşkilatlar 
						tərəfindən yüksək qiymətləndirildiyini nəzərə çatdıran 
						Misir Mərdanov bu sahədə görülən işlərə hər zaman dəstək 
						verən YUNİSEF-ə və digər müvafiq qurumlara təşəkkürünü 
						bildirdi. 
						
						
						Sonra konfransda "Empatiya" adlı sənədli film nümayş 
						olundu. 
						
						
						Konfransda çıxış edən YUNİSEF-in Azərbaycandakı 
						nümayəndəsi Mark Herevard, Milli Məclisin Sosial Siyasət 
						Komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin 
						deputatları Qənirə Paşayeva, Ceyhun Osmanlı, Bakı Şəhər 
						İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova və 
						başqaları hesabat məruzəsinin ətraflı hazırlandığını 
						qeyd etdilər, de-institutlaşdırma prosesi, uşaqlar üçün 
						sosial xidmətlərin təşkili ilə bağlı fikirlərini 
						bildirib, proqramın icrası istiqamətində görülən işləri 
						yüksək dəyərləndirdilər.  
						
						
						Konfransın sonunda Dövlət Proqramının həyata 
						keçirilməsinə dəstək verən hər kəsə təşəkkürünü bildirən 
						təhsil naziri Misir Mərdanov bununla bağlı qarşıda duran 
						bütün vəzifələrin uğurla yerinə yetiriləcəyinə 
						əminliyini ifadə etdi.   
						
						
						
						Yusif ƏLİYEV   |