| 
						 
						
						 Dekabrın 
						11-də Azərbaycan Respublikasının Prezidenti yanında 
						Dövlət İdarəçilik Akademiyasında Prezident 
						Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 
						Şah İsmayılın siyasi fəaliyyətini əks etdirən "Şah 
						İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" 
						məqaləsinin müzakirəsinə həsr olunmuş "dəyirmi masa" 
						keçirilib. 
						
						
						Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan 
						Ələkbərov çıxış edərək akademik Ramiz Mehdiyevin bu 
						məqaləsinin istiqamətverici və fundamental bir əsər kimi 
						çox böyük əhəmiyyətə malik olduğunu bildirib. Rektor 
						məqaləni Azərbaycan dövlətçilik tarixinin 
						qiymətləndirilməsi, habelə tarixi faktların zaman 
						kontekstində və zamanın əsas xüsusiyyətləri nəzərə 
						alınaraq araşdırılması baxımından olduqca yüksək 
						tədqiqat kimi səciyyələndirib. 
						
						
						"Dəyirmi masa"da daha sonra akademik Ramiz Mehdiyevin 
						məqaləsində əks olunan fəlsəfi ideyalara toxunularaq 
						qeyd olunub ki, hər bir xalqın tarixi onun 
						mədəniyyətinin tərkib hissəsidir. Tarixin inkişafında 
						böyük şəxsiyyətlərin rolu əhəmiyyətlidir. Böyük 
						şəxsiyyətlərin gördükləri işlər, onların irəli 
						sürdükləri ideyalar xalqın inkişafına xidmət edir. Hər 
						bir xalq ona görə də öz tarixi şəxsiyyətlərinin irsinə 
						mədəni-mənəvi dəyər kimi yanaşmalı, onu qorumalıdır.
						 
						
						
						Akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali 
						məramlı tarixi şəxsiyyət kimi" məqaləsi həm də görkəmli 
						tarixi şəxsiyyət Şah İsmayıl Səfəvi ilə bağlı Azərbaycan 
						dövlətinin mövqeyi kimi dəyərləndirilib. Qeyd edilib ki, 
						ciddi elmi mənbələrə və tarixi ədəbiyyata əsaslanan 
						məqalə Azərbaycanın daxilində və ölkə xaricində 
						tariximizi, tarixi şəxsiyyətlərimizin obrazlarını təhrif 
						edənlərə tutarlı cavabdır, eyni zamanda tarixçi alimlər 
						üçün çox qiymətli mənbə, uzunmüddətli elmi istiqamətdir. 
						
						
						"Dəyirmi masa"da professorlar M.Quliyev, F.Məmmədov, 
						N.Ələkbərova, Ə.Abdullayev, dosentlər F.Əhmədova, 
						R.Əkbərov, E.Nəcəfov və başqaları çıxış edərək məqalənin 
						elmi və siyasi əhəmiyyətindən söz açıblar.  
						
						
						Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən "dəyirmi 
						masa"nın sonunda məqalənin Dövlət İdarəçilik 
						Akademiyasında daha dərindən öyrənilməsi və dövlətçilik 
						tariximizi bilmək, onu yad ünsürlərdən qorumaq üçün 
						gənclərə dolğun tədris edilməsi qərara alınıb.  
						
						
						
						Samirə KƏRİMOVA  |