| 
						 
						
						
						Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetinin 
						rektoru, professor doktor Hikmet Koçakın rəhbərlik 
						etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində 
						işgüzar səfərdə olmuşdur. Türkiyəli qonaqlar Azərbaycan 
						xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan 
						şəhərindəki abidəsini ziyarət etmiş, Heydər Əliyev 
						muzeyində olmuş, Naxçıvanın görməli yerlərinə, qədim 
						tarixi abidələrinə ekskursiya etmişlər.  
						
						
						 Naxçıvan 
						Dövlət Universitetində keçirilən görüşdə universitetin 
						rektoru, akademik İsa Həbibbəyli Azərbaycan və Türkiyə 
						arasındakı dostluq və birliyin qədim tarixi köklərindən 
						və bugünkü  inkişafından danışmışdır. Rektor, ölkəmizdə, 
						o cümlədən muxtar respublikada elmin, təhsilin 
						inkişafına göstərilən diqqət və qayğıdan, bu sahədə 
						qazanılan müvəffəqiyyətlərdən bəhs etmiş, Naxçıvan 
						Dövlət Universitetinin inkişaf yolu, strukturu,  
						beynəlxalq əlaqələri haqqında məlumat vermişdir. Qeyd 
						olunmuşdur ki, Avropa Rektorlar Klubunun, Asiya 
						Universitetlər Assosiasiyasının, İpək yolu və Qafqaz 
						Universitetləri Cəmiyyətlərinin, Qara Dəniz Ölkələri 
						Birliyinin üzvü olan  Naxçıvan Dövlət Universiteti 
						Avropa Birliyi ölkələrinin TEMPUS proqramının və dıgər 
						beynəlxalq təşkilatların layihələrində uğurla iştirak 
						edir.  Universitet bir çox beynəlxalq tədbirlərə, o 
						cümlədən 2011-ci ilin noyabr ayında keçirilən, 
						Azərbaycan-türk-gürcü xalqlarının tələbə gəncliyinin 
						intellektual inkişafında, elmi-mədəni tərəfdaşlıqlarının 
						möhkəmlənməsində böyük əhəmiyyətə malik olan Qafqaz 
						Universitetlər Birliyinin Birinci Naxçıvan Beynəlxalq 
						Gənclik Simpoziumuna ev sahibliyi etmişdir. Dünyanın  
						80-ə yaxın tanınmış universiteti ilə tərəfdaşlıq edən  
						bu ali məktəb Türkiyə universitetləri ilə əməkdaşlığa 
						xüsusi əhəmiyyət verir. Belə ki, Türkiyənin 40-a yaxın 
						ali təhsil ocağı ilə, o cümlədən Ankara, Ərdahan, Van 
						Yüzüncü İl, Kocaeli, Qars Qafqaz, Elazığ, Ərzincan  
						universitetləri ilə elmi əməkdaşlıq bu gün də uğurla 
						davam etdirilir. Bu ali məktəbdə dünyanın 10 ölkəsindən 
						314 xarici vətəndaş təhsil alır ki, bunlardan da 256 
						nəfəri Türkiyə vətəndaşıdır.   
						
						
						Rektor xatırlatmışdır ki, Naxçıvan Dövlət 
						Universitetinin Türkiyə universitetləri ilə əlaqələrinin 
						təməli 20  il öncə Ərzurum Atatürk Universiteti ilə 
						əməkdaşlıq vasitəsilə qoyulmuşdur. 1992-ci ildə NDU-nun 
						Ərzurum Atatürk Universiteti ilə əməkdaşlıq əlaqələrinin 
						bu gün yeni inkişaf mərhələsinə qədəm qoymasında rektor, 
						professor doktor Hikmet Koçakın xüsusi əməyi var. 
						Təsadüfi deyil ki, Naxçıvan Dövlət Universitetinin Elmi 
						Şurasının 28 noyabr 2012-ci il tarixli qərarı ilə 
						Azərbaycan Respublikası ilə Türkiyə Respublikasında ali 
						təhsilin və universitetlərarası elmi-mədəni əlaqələrin 
						inkişafı sahəsindəki görkəmli xidmətlərinə görə Ərzurum 
						Atatürk Universitetinin rektoru, professor doktor Hikmet 
						Koçaka Naxçıvan Dövlət Universitetinin fəxri doktoru 
						alimlik dərəcəsi verilmişdir.  
						
						
						Tədbirdə Ərzurum Atatürk Universitetinin rektoru, 
						professor doktor Hikmet Koçaka universitetin fəxri 
						doktoru diplomu və geyimi təqdim olunmuşdur.  
						
						
						Ərzurum Atatürk Universitetinin rektoru, professor 
						doktor Hikmet Koçak çıxış edərək  Naxçıvan Dövlət 
						Universitetinin fəxri doktoru  adına layiq görülməkdən 
						böyük qürur və məmnunluq duyduğunu qeyd etmiş, 
						universitetlərin timsalında türk dünyasının böyük 
						liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin 
						birlik, dostluq və sədaqət ideyalarının əzmlə davam 
						etdiriləcəyini bildirmişdir. Rektor bundan sonra da 
						Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığın türkdilli 
						universitetlərə örnək ola biləcək səviyyədə inkişaf 
						etdiriləcəyini vurğulamışdır.  
						
						
						Çıxışlarda universitetlər arasında elm və tədris, o 
						cümlədən tibb, baytarlıq, incəsənət, memarlıq, turizm 
						sahəsində əməkdaşlığın inkişafının zəruriliyindən bəhs 
						olunmuşdur. Sonra iki universitet arasında əməkdaşlıq 
						müqaviləsi imzalanmışdır. 1992-ci və  2011-ci illərdə 
						imzalanan, 2012-ci ildə yenilənən əməkdaşlıq 
						müqaviləsində beynəlxalq simpoziumların keçirilməsi, 
						Boloniya prosesinə uyğun olaraq tələbə mübadiləsinin 
						həyata keçirilməsi, tələbələrin qış, yay məktəblərində 
						iştirakının təmin olunması, "İpək yolu üzərində yerləşən 
						Ərzurum və Naxçıvan" mövzusunda elmi-tədqiqat işlərinin 
						yerinə yetirilməsi, universitetlərin elmi nəşrlərinin 
						mübadiləsi, müştərək mədəni tədbirlərin, idman 
						yarışlarının təşkili nəzərdə tutulur.    
						
						
						Naxçıvan ziyalıları adından AMEA Naxçıvan Bölməsinin 
						sədri, akademik İsmayıl Hacıyev, universitetin 
						Azərbaycan tarixi kafedrasının müdiri, Azərbaycan 
						Respublikasının əməkdar müəllimi, tarix üzrə elmlər 
						doktoru Zəhmət Şahverdiyev çıxış edərək Ərzurum Atatürk 
						Universitetinin rektoru, professor doktor Hikmet Koçakı 
						təbrik etmiş, onun NDU-nun fəxri doktoru  adına layiq 
						görülməsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 
						sədri Vasif Talıbovun iki dost və qardaş ölkə arasındakı 
						çoxcəhətli əlaqələrin, eləcə də elm, təhsil sahəsində 
						əməkdaşlığın inkişafındakı xidmətlərinin bəhrəsi kimi 
						qiymətləndirmişlər.  
						
						
						Sonda Ərzurum Atatürk Universitetinin rektoru, professor 
						doktor Hikmet Koçakın Naxçıvan Dövlət Universitetinin 
						fəxri doktoru  adına layiq görülməsi münasibətilə 
						qonaqlara konsert proqramı təqdim olunmuşdur. İncəsənət 
						fakültəsində çalışan tanınmış incəsənət ustalarının, 
						tələbələrin iştirakı ilə hazırlanmış, zəngin repertuara 
						malik konsert proqramı hərarətli alqışlarla 
						qarşılanmışdır.   
						
						
						
						Mehriban SULTAN   |