| 
						 
						
						 Naxçıvan 
						Müəllimlər İnstitutunun elmi-metodiki işlər üzrə 
						prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent 
						Yaqub Məmmədovun anadan olmasının 60 illik yubileyinə 
						həsr edilmiş tədbir keçirilmişdir.  
						
						
						Tədbiri  ali təhsil ocağının rektoru, professor Oruc 
						Həsənli açaraq yubilyarın həyat yolu, elmi-pedaqoji 
						fəaliyyəti barədə danışmışdır. Qeyd olunmuşdur ki, Yaqub 
						Məmmədov 77 elmi-metodik məqalənin, dərs və metodik 
						vəsaitlərin müəllifidir. O, İngiltərə, Türkiyə, Ukrayna, 
						Rusiya və Qazaxıstanda beynəlxalq konfrans və 
						simpoziumlarda iştirak etmişdir. Rektor onu da diqqətə 
						çatdırmışdır ki, Naxçıvan Mərkəzi Gənc Təbiətçilər 
						Stansiyasında dərnək rəhbəri kimi əmək fəaliyyətinə 
						başlayan Y.Məmmədov Azərbaycan Milli Elmlər Akademiyası 
						Kibernetika İnstitutunda mühəndis-proqramçı vəzifəsində 
						işləmiş, 1979-cu ildə Naxçıvan Dövlət Pedaqoji 
						İnstitutunda EHM rəisi vəzifəsinə təyin olunmuş, 
						sonralar NDU-də müəllim, baş müəllim, dosent, bundan 
						başqa Naxçıvan Özəl Universitetində kafedra müdiri, 
						dekan vəzifələrində  çalışmışdır.  
						
						
						Yubiley tədbirində institutun tədris işləri üzrə 
						prorektoru, filologiya üzrə elmlər doktoru Akif İmanlı, 
						pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə 
						doktoru Azad Novruzov,  təbiət və incəsənət fakültəsinin 
						dekanı, pedaqogika üzrə fəlsəfə doktoru İsa Əliyev, 
						filologiya üzrə fəlsəfə doktoru Həsənalı Eyvazlı, 
						riyaziyyat və informatika kafedrasının müdiri, 
						riyaziyyat üzrə fəlsəfə doktoru Miryasin Seyidov və 
						başqaları yubilyarı təbrik etmişlər. 
						
						
						Sonda yubilyar çıxış edərək  iştirakçılara təşəkkürünü 
						bildirmişdir.  
						
						
						
						Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti 
						  |