| 
						 
						
						
						2012-2013-cü dərs ilinə ümumtəhsil məktəblərinin I və V 
						sinifləri üçün dərslik komplektlərinin hazırlanması və 
						çapının satınalınması üzrə tenderə təqdim edilən beş 
						ədəbiyyat dərsliyindən ikisi (birinin müəllifləri - Afət 
						Süleymanova, Təranə Bağırova, İlhamə Muradova, digərinin 
						isə Soltan Hüseynoğlu, Bilal Həsənli, Əminə Səfərova, 
						Əsgər Quliyev) Dərslikləri Qiymətləndirmə Şurası 
						tərəfindən müsbət qiymətləndirilmiş və hər ikisi 
						ümumtəhsil məktəbləri üçün yararlı hesab edilmişdir. 
						Variativ dərsliyin həmmüəllifi Soltan Hüseynoğlu "Ekspress" 
						qəzetində "Kurikulumun tələbləri dərsliklərdə necə 
						reallaşdırılır" başlıqlı yazı ilə çıxış edib. Bu yazı 
						ilə bağlı həmkarımın diqqətinə bir sıra məsələləri 
						çatdırmaq istəyirəm. 
						
						  
						
						
						Hörmətli Soltan müəllim, Əflatun deyir: "Əgər 
						dostlarınızın düşmənə çevrilməsini istəmirsinizsə, heç 
						zaman uğur qazanmayın". Sizin kimi illərlə, əslində, 
						dost olan bir insanın qərəzli, kəskin sözlü rəqibə 
						çevrilərək mətbuatda əsassız yazı ilə çıxış etməsi belə 
						qənaətə gəlməyə əsas verir ki, V sinif şagirdləri üçün 
						yazdığımız "Ədəbiyyat" dərsliyi uğurlu alınmışdır. 
						Əslində, bu iki dərslikdən hansının ədəbiyyat fənn 
						proqramları baxımından daha səmərəli olduğunu müəllimlər 
						və şagirdlər deyəcək. Bu məqamda siz də, mən də maraqlı 
						tərəflər hesab edilə bilərik. Bu səbəbdən dediyimiz 
						sözün, apardığımız təhlilin əsasında qərəz və şəxsi 
						marağın durduğu ehtimal edilə bilər. Yazılarımızla tanış 
						olanlar düşünə bilərlər ki, gənc nəslimizin tərbiyəsinin 
						təşkilində böyük bir vəzifəni üzərinə götürən "Ədəbiyyat" 
						dərsliyinin müəllifinin əvvəlcə özü yüksək dəyərlərin 
						daşıyıcısı olmalı, həqiqəti, ədaləti, səmimiyyəti, 
						doğruçuluğu, sədaqəti hər kiçik marağın fövqündə tutmağı 
						bacarmalıdır. Əlbəttə, hər bir müəllif yazdığı dərsliyin 
						variativsiz olmasını arzu edərdi. Lakin bu gün biz şəxsi 
						maraq və ambisiyalarımızdan daha çox ictimai maraq və 
						ehtiyaclar haqqında düşünməliyik. Sizin dərslik haqqında 
						(bəzi məqamlar istisna olmaqla) xoşagəlməz bir fikir 
						bildirməyəcəyəm, çünki mən Dərslikləri Qiymətləndirmə 
						Şurasının qərarına hörmət edirəm, orada çalışan 
						mütəxəssislərin peşəkarlığına inanıram. Bununla belə, 
						bəzi fikirlərinizə açıqlama gətirəcəyəm. 
						
						
						Əvvəlcə, onu bildirmək istəyirəm ki, mən Azərbaycan 
						Dövlət Universitetinin filologiya fakültəsini bitirəndən 
						və 11 illik müəllimlik fəaliyyətimdən sonra 2004-cü ildə 
						ABŞ-ın Nebraska Universitetində altı həftə müddətində "Təhsildə 
						Tərəfdaşlıq", 2006-cı ildə ABŞ-ın Montana 
						Universitetində altı ay ərzində Təhsil Sahəsinin 
						İnkişafı Proqramı çərçivəsində "Milli təhsil üçün təhsil 
						standartlarının hazırlanması", 2007-ci ildə Sloveniyada 
						bir həftə Təhsil Siyasəti Mərkəzləri Şəbəkəsinin (NEPC) 
						təşkil etdiyi "Təhsil tədqiqatları, siyasət və 
						təcrübəsinin əlaqələndirilməsi", 2008-ci ildə ABŞ-ın 
						Harvard Universitetində 2 həftəlik "Təhsilin 
						keyfiyyətinin yüksəldilməsi: Keyfiyyətli məktəb 
						quruculuğu" mövzularında ixtisasartırma kurslarını 
						müvəffəqiyyətlə başa vurmuşam. Bundan əlavə, Almaniya, 
						Braziliya, Albaniya və Gürcüstanda təhsil səfərlərində 
						olmuş, həmin ölkələrin təhsillə bağlı təcrübələrini 
						öyrənmişəm. Türkiyə və Şimali Kipr Respublikasında olan 
						zaman da onların dərslik hazırlama təcrübəsini 
						araşdırmışam. Bildiyiniz kimi, 2011-ci ildə "Ədəbiyyat 
						dərslərində İKT-dən istifadə" mövzusunda doktorluq 
						dissertasiyası müdafiə etmişəm (Dissertasiyamı çox 
						bəyənib ona yüksək münasibətinizi əks etdirən rəy və 
						təkliflər verdiyinizə görə sizə təşəkkürümü bildirirəm).
						 
						
						
						Müasir tələblərə çavab verən bir dərsliyin yazılmasına 
						isə illərdir ki, əldə etdiyim təcrübəm tam imkan verir.
						 
						
						
						Hörmətli Soltan müəllim, yazınızda göstərirsiniz ki, 
						tərtib etdiyimiz V sinif "Ədəbiyyat" dərsliyi ilə "tamamilə 
						yad olan metod və metodologiyanı mükəmməl mənimsəmədən 
						məktəblərimizə gətirmək" istəmişik.  
						
						
						Ölkəmiz iyirmi il əvvəl müstəqillik yoluna qədəm qoymuş 
						və Azərbaycan Respublikasının Konstitusiyasında onun 
						niyyəti bəyan edilmişdir. Məhz bu niyyətlərin həyata 
						keçməsini təmin edən bir çox qanunverici və strateji 
						sənədlər ("Təhsil haqqında" Azərbaycan Respublikasının 
						Qanunu, Azərbaycan Respublikasının təhsil sahəsində 
						İslahat Proqramı, Ümumi təhsil pilləsinin dövlət 
						standartları və  proqramları (kurikulumları) və s.) 
						qəbul edilmişdir. BMT-nin bərabərhüquqlu üzvü olaraq 
						dövlətimiz dünya birliyinin qəbul etdiyi müxtəlif 
						bəyannamə və konvensiyalara (Ümumdünya İnsan Hüquqları 
						haqqında Bəyannamə, Uşaq hüquqları, Əlillərin hüquqları, 
						İrqi ayrı-seçkiliyin  bütün formalarının ləğv edilməsi, 
						Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv 
						edilməsi haqqında, habelə İşgəncələrə və digər qəddar - 
						qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza 
						növlərinə qarşı Konvensiyalar) qoşulmuşdur. Həmin 
						sənədlərdəki mühüm konsepsiyalar qanunverici sənədlərdə 
						öz əksini tapmış və cəmiyyətimizə gətirilmişdir. 
						Təhsillə bağlı mühüm qərarlar qəbul edilərkən həmin 
						sənədlər əldə rəhbər tutularaq təhsilin məzmununun əsas 
						prinsipləri müəyyən edilmişdir. Təhsilin məzmunu tərtib 
						və tətbiq edilərkən hər bir şagirdin təlim prosesinə 
						fəal cəlb olunması (şagirdyönümlülük), onun ehtiyac və 
						maraqlarının nəzərə alınması (tələbyönümlülük), nail 
						olunması nəzərdə tutulan nəticələrin əvvəlcədən müəyyən 
						olunması və təlimin təşkilində də məhz həmin nəticələrin 
						reallaşmasına imkan yaradan strategiyaların seçilməsi (nəticəyönümlülük), 
						müxtəlif fənlər üzrə nəzərdə tutulan bilik və 
						bacarıqların təhsilin bir səviyyəsindən digər 
						səviyyəsinə ardıcıl və davamlı şəkildə inkişafının təmin 
						olunması (inkişafyönümlülük), ayrı-ayrı fənlər üzrə 
						bilik və bacarıqların bir-biri ilə və həyatla əlaqəli 
						olması (inteqrativlik) müasir metod və metodologiyanın 
						fəlsəfi, hüquqi, psixoloji, pedaqoji və praktik əsasını 
						təşkil edir. Tərəfimizdən yazılmış "Ədəbiyyat" dərsliyi 
						də "tamamilə yad olan metod və metodologiya"ya deyil, 
						məhz bu tələblərə əsaslanır. Bu məqamda onu da sizə 
						xatırlatmaq istəyirəm ki, qabaqcıl təhsil təcrübəsinə 
						malik  olan ölkələrin əldə etdiyi nailiyyətlərdən 
						istifadəni ümummilli liderimiz  Heydər Əliyev hələ keçən 
						əsrin sonunda əhəmiyyətli hesab etmişdir: "Biz təhsil 
						sahəsində bütün yeniliklərin tərəfdarıyıq, dünya 
						təcrübəsindən səmərəli istifadə etməyi tələb edirik (Heydər 
						Əliyev. Müstəqilliyimiz əbədidir. II kitab. Bakı, 
						Azərnəşr, 1997). O, uzaqgörənliklə tövsiyə etmişdir: "Dünya 
						təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun 
						olan prinsiplər, qaydalar təhsil sisteminə tətbiq 
						edilməlidir... Biz dünyanın bütün ölkələrində - Qərbdə 
						də, Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən 
						öyrənməli və onlardan Azərbaycan üçün müsbət xarakter 
						daşıyan cəhətlərini ölkəmizin təhsil sisteminə tətbiq 
						etməliyik (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. XIX 
						kitab. Bakı, Azərnəşr, 2006).  
						
						
						Hörmətli həmkarım, bildirirsiniz ki, ümumiyyətlə "dərsliklə 
						bağlı xarici təcrübənin mənimsənilməsi çox mürəkkəb, 
						çətin və xeyli vaxtaparan bir prosesdir". 
						 
						
						
						Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan 
						Respublikasının Təhsil Sahəsində İslahat Proqramı hələ 
						1999-cu ildə ümummilli liderimiz tərəfindən 
						imzalanmışdır. Artıq 13 ildir ki, ölkədə üç mərhələdə 
						islahatlar aparılır. 2007-ci ildən yeni fənn proqramları 
						(kurikulumları) təsdiq olunmuş, 2008-ci ildən etibarən 
						isə onların tətbiqinə başlanmışdır. Siz isə hələ indi "dərsliklə 
						bağlı xarici təcrübənin mənimsənilməsinə xeyli vaxt"ın 
						lazım olduğu barədə düşünürsünüz. Bəs on illərdir ki 
						dərslik yazırsınız, müəllif olaraq uzunmüddətli prosesin 
						təməlini qoymağa və onu inkişaf etdirməyə sizə nə mane 
						olurdu? Bu gün on minlərlə vətəndaşımızın bir ölkədə tam 
						orta, digər ölkədə ali təhsil aldığı bir zamanda siz 
						hələ də, "...yabançı metodologiyada mübahisə doğuran 
						yanaşmalar mövcuddur", "ədəbiyyatşünaslığımızın mövqeyi 
						belədir" kimi fikirlərinizlə təhsil işçisi olaraq 
						konservativ mövqeyinizdən əl çəkmir, ölkəmizin təhsil 
						siyasətində əldə rəhbər tutulan proqressivizm və 
						konstruktivizm yanaşmaları ilə ayaqlaşa bilmirsiniz. 
						
						
						Bəyənmədiyiniz dərsliyimizdə isə "öyrənməyi öyrətmək" 
						şüar olmayıb, şagirdin gündəlik praktik fəaliyyətində 
						reallaşır. Şagirdlər müstəqil şəkildə öyrənməyin 
						yollarını addım-addım öyrənir. Məhz bu xüsusiyyətinə 
						görə dərslik, əslində, ədəbiyyatın tədrisi metodikasında 
						yenilik kimi qiymətləndirilə bilər. Dərslikdə şagirdlərə 
						verilən hər bir tapşırığın icrası üçün təlimatlar təqdim 
						edilmişdir. Təlimatlara müvafiq işin icrası hər bir 
						şagirdi təlim prosesinə fəal cəlb edib onun öyrənməsinə 
						şərait yaradır, təlimi təşkil edən müəllimin, övladına 
						dəstək olmaq istəyən valideynin işini xeyli asanlaşdırır, 
						əldə edilən hətta ən kiçik nailiyyət şagirdin 
						özünəinamını artırır və təlim marağını yüksəldir. Bütün 
						bunların nəticəsində isə şagirdlər bədii təfəkkürü 
						inkişaf etdirən əhəmiyyətli bacarıqlara yiyələnirlər. 
						Yəni əsərin quruluşunu müəyyənləşdirməklə onun ideyasını 
						asanlıqla aydınlaşdırırlar. Əsərin ideyasını 
						müəyyənləşdirməklə həyatda qarşılaşdıqları müxtəlif 
						situasiyaları düzgün dəyərləndirib doğru qərarlar qəbul 
						etməyi öyrənirlər. Oxuduqları əsərin dil 
						xüsusiyyətlərini öyrənərək şifahi və yazılı nitqlərinin 
						zənginləşməsində ondan bəhrələnirlər. Əsərdəki 
						obrazların əsas xüsusiyyətlərini müəyyən edib onları 
						dəyərləndirirlər. Sonra isə həmin obrazları ətrafdakı 
						insanların xüsusiyyətləri ilə əlaqələndirərək insanları 
						tanımağın yollarını öyrənirlər. Göründüyü kimi, bütün bu 
						prosesdə şagirdlər həm də əhəmiyyətli həyati bacarıqlara 
						sahib olurlar. Bu məsələlərin keyfiyyətli tədrisinə nail 
						olmaq üçün isə müəllimlər zəruri tövsiyələrlə təmin 
						olunurlar. Yazınızda "Məktəb təcrübəsi bunun uğurlu 
						yolunu çoxdan müəyyənləşdirib", - desəniz də, onillərlə 
						yazdığınız dərsliklərdə bədii əsərin müstəqil şəkildə 
						araşdırılması üzrə işin təşkili mexanizmləri 
						tərəfinizdən hələ də işlənib hazırlanmamışdır. Nə 
						ədəbiyyatşünaslığımızın, nə də metodikamızın inkişafı və 
						nailiyyətlərinə heç kim şübhə etmir. Sadəcə, həmin 
						nailiyyətləri məharətlə dərsliyə gətirmək və şagird üçün 
						öyrənməyi, müəllim üçün öyrətməyi asanlaşdırmaq lazım 
						idi.  
						
						
						Yazınızda belə fikirlər də səslənib ki, guya "başqa 
						bir ölkənin humanitar liseyləri üçün hazırlanmış 
						dərsliyin məzmunu və strukturu eyni ilə saxlanılaraq 
						bizim məktəblərə təqdim edilmişdir". Əminəm ki, 
						dediklərinizi sübuta yetirən heç bir dəliliniz yoxdur. 
						Məlum səbəblərdən hər hansı bir kitabı təqlid etməyə 
						sadəcə ehtiyacımız olmayıb. Yəqin bilirsiniz ki, 
						istənilən yaradıcılıq işinə başlamazdan əvvəl 
						araşdırmalar aparmaq bu prosesin zəruri tərkib 
						hissəsidir. Odur ki, Azərbaycanın, ABŞ-ın, Türkiyənin, 
						Rusiyanın məktəblərində tədris edilən ədəbiyyat 
						dərslikləri ilə yaxından tanış olmuş, onlarda əhəmiyyət 
						verilən məsələləri araşdırmışıq. Eyni zamanda cəmiyyətdə 
						gedən dəyişikliklər, dünyada gedən qloballaşma nəzərə 
						alınmışdır. Fikrimcə, bütün bu addımları atmadan, yalnız 
						mövcud təcrübədən çıxış etməklə yeni fənn proqramının (kurikulumunun) 
						reallaşmasına xidmət edən bir dərsliyin tərtibi mümkün 
						deyil. 
						
						
						Hörmətli Soltan müəllim, dərsliyin iki fəsildən ("Bədii 
						əsərlərdə təsvir" və "Bədii əsərlərdə nəqletmə") ibarət 
						olması sizin xüsusi narahatlığınıza səbəb olmuşdur. 
						Bəlkə ona görə ki, uzun illərdir ədəbiyyat dərsliyi deyə 
						insanların və özünüzün fikrinizdə yaratdığınız bir 
						stereotip dağılıb və fərqli bir tərtibata malik 
						dərsliklə qarşılaşmısınız. "Təsviri mətn", "nəqletmə 
						xarakterli mətn" ifadələri sizi o qədər qıcıqlandırıb ki, 
						nə elmi, nə publisistik yazıya yaraşmayan ifadələrdən 
						belə istifadə etməyi öz alimlik ləyaqətinizə 
						sığışdırmısınız: "Bunu bizim məktəbə, məktəb 
						ədəbiyyat kursuna sırımaq, təcrübə artıq göstərir ki, 
						mənasız, əhəmiyyətsiz olduğu üçün mümkün deyil". 
						Maraqlıdır, dərs ilinin başlandığı 3 aydır. Hansı 
						təcrübə göstərdi ki, bu, mənasız və əhəmiyyətsizdir? 
						Hansı genişmiqyaslı monitorinqlərin nəticələrindən bu 
						qənaətə gəldiniz? Bunları tədqiq edib əks-arqumentlər 
						ortaya qoymaq üçün hansı qiymətləndirmə vasitələrindən 
						istifadə etdiniz? Yoxsa siz də təhsil tədqiqatlarını iş 
						otağınızda aparanlardansınız? İndi isə gəlin bu məsələyə 
						bir qədər aydınlıq gətirək.  
						
						
						Fənn proqramlarının (kurikulumların) ardıcıllıq və 
						davamlılıq prinsipindən çıxış edərək ibtidai təhsil 
						səviyyəsinin "Ana dili" üzrə fənn proqramını 
						(kurikulumunu) araşdırmaq, öyrənmək dərsliyi yazmazdan 
						əvvəl birinci vəzifəniz olmalı idi. Bunu etmədiyinizdən 
						"təsviri mətn", "nəqli mətn" ifadələrinin haradan 
						qaynaqlandığını da özünüz üçün aydınlaşdıra 
						bilməmisiniz. Ona görə də dərsliyimizə əsassız təpkilər 
						göstərmisiniz. Diqqətinizə çatdırıram ki, mətnlərin 
						funksional-məna növlərinə dair ilkin bilik və 
						bacarıqların təlimi birinci sinifdən dördüncü sinfə 
						qədər məzmun standartlarında öz əksini tapmışdır. 
						 
						
						
						 Bu il beşinci sinifdə təhsil alan şagirdlər yeni fənn 
						kurikulumları üzrə ibtidai təhsil səviyyəsini başa 
						vurmuşlar, yəni bu məsələləri ibtidai təhsil 
						səviyyəsində mənimsəmişlər: 
						
						
						
						I sinifdə  
						
						
						3.1.6. Bir neçə cümlədən ibarət müşahidə xarakterli 
						rabitəli mətn yazır.  
						
						
						
						II sinifdə 
						
						
						3.1.5. Müşahidə və təəssüratlar əsasında kiçikhəcmli 
						inşalar yazır. 
						
						
						
						III sinifdə 
						
						
						3.1.4.Təsviri və nəqli xarakterli inşalar yazır. 
						 
						
						
						
						IV sinifdə 
						
						
						3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-inşa yazır.
						 
						
						
						Yazılı nitqin inkişafı istiqamətində aparılan bütün bu 
						işlərlə yanaşı, həm də şifahi nitqdə təsviri, nəqli, 
						mühakimə xarakterli mətnlərin tərtibi ibtidai təhsil 
						pilləsində nəzərdə tutulmuşdur: 
						
						
						
						I sinifdə 
						
						
						1.2.1.Müşahidə etdiyi əşya, hadisələr haqqında və 
						şəkillər üzrə danışır. 
						
						
						
						II sinifdə 
						
						
						1.2.1. Müşahidə etdikləri, eşitdikləri, oxuduqları 
						haqqında danışır. 
						
						
						
						III sinifdə 
						
						
						1.2.1. Müşahidə etdikləri, oxuduqları, eşitdiklərini 
						müqayisə etməklə nəql edir. 
						
						
						
						IV sinifdə 
						
						
						1.2.1.Müşahidə etdikləri, eşitdikləri, oxuduqları 
						haqqında kiçik təqdimatlar edir. 
						
						
						1.2.2. Müşahidə etdikləri, eşitdikləri, oxuduqları 
						haqqında mühakimə xarakterli fikirlər irəli sürür. 
						
						
						Məlum olduğu kimi müşahidə etdikləri - təsviri, 
						eşitdikləri - nəqli, müqayisə etdikləri, 
						qarşılaşdırdıqları, əsaslandırdıqları - mühakimə 
						xarakterli mətnlərdir. 
						
						
						Hörmətli Soltan müəllim, "Ədəbiyyat" dərsliyinə daxil 
						etdiyiniz əsərlər mətnlərdən ibarətdir. Mətnlərin də 
						funksiyaları onların xüsusiyyətlərini müəyyən edir. 
						"Mətnin səciyyəvi əlamətlərini onun sintaktik quruluşu 
						deyil, funksiyası və mənası yaradır" (professor 
						N.S.Valqina. Mətn nəzəriyyəsi. Moskva Dövlət Çap 
						Universiteti). Oxunan mətnin funksiyası dəyişdikcə onun 
						mahiyyətində, quruluşunda və s. dəyişikliklər baş verir. 
						Bu dəyişiklikləri anlamadan şagird hər hansı məkanın 
						gözəlliyini təsvir edən bir mətnlə keçmişdə baş verən 
						bir hadisəni əks etdirən digət mətnin fərqini necə 
						anlayacaq, hansı sistemdən çıxış edərək onun oxusunu 
						təşkil edəcək?! Bu gün "oxu bacarığı" hərfləri 
						hecalarda, hecaları sözlərdə birləşdirib bir dəqiqədə 
						neçə söz oxumaq, yaxud mətnlə bağlı müəllifin 
						hazırladığı 3-4 suala cavab vermək və oxuduğunu nəql 
						etmək kimi dərk edilmir. Elə ona görədir ki, onillərlə 
						yazdığınız "Ədəbiyyat" dərslikləri ilə şagirdlərdə oxu 
						bacarıqlarını formalaşdırmağa nail ola bilməmisiniz və 
						PİSA-nın (Təhsilalanların Qiymətləndirilməsi üzrə 
						Beynəlxalq Proqram) onbeşyaşlılar arasında apardığı 
						yoxlamalarda ən sonuncu yerlərdən birini məhz Azərbaycan 
						məktəbliləri tutmuşdur.  
						
						
						Bütün bu bacarıqlar "Ana dili" və "Ədəbiyyat" fənn 
						proqramlarında (kurikulumlarında) nəzərdə tutulduğu 
						kimi, sinifdən-sinfə ardıcıl və davamlı şəkildə həyata 
						keçirilərsə, məqsədimizə nail ola bilərik.  
						
						
						Beşinci sinfi bitirən şagird mətni oxuyarkən onun 
						təsviri, ya nəqli xarakterli olduğunu anlamalı, esselər 
						də yazanda həmin səciyyəvi cəhətləri əldə rəhbər 
						tutmalıdır. Bütün bu bilik və bacarıqların tədrisinə 
						addım-addım kiçik təlimatlar vasitəsilə nail olunur. 
						İldən-ilə dərsliklərdə mətnlərin digər funksional-məna 
						növlərinə də müraciət edilməsi nəzərdə tutulur. Hörmətli 
						Soltan müəllim, bir daha nəzərinizə çatdırıram ki, 
						dərsliyin planlaşdırılması zamanı bədii əsərlərin tərkib 
						hissəsi olan mətnlərin məna-funksional növlərini əsas 
						xətt kimi götürməklə məktəbə qeyri-adi heç nə "sırımaq" 
						məqsədi daşımamış, sadəcə birinci sinifdən dördüncü 
						sinfə qədər inkişaf etdirilmiş bilik və bacarıqların 
						davamlı və ardıcıl inkişafını təmin etmək üçün 
						düşünülmüş addımlar atmışıq.  
						
						
						Yazınızda göstərirsiniz ki, bir neçə dərs şagirdlərə 
						oxuduqları bədii nümunənin ideyasını müəyyən etmək kimi 
						bir tapşırıq veriləndən sonra, növbəti dərsdə əsərin 
						ideyasının müəyyən edilməsinin mexanizmləri öyrədilməyə 
						başlanılır. Hörmətli həmkarım, problemli təhsilin 
						təşkili metodologiyası ilə bağlı nəzərinizə bəzi 
						məqamları çatdırmaq istərdim.  
						
						
						Şagird hər hansı bir tapşırığı alan zaman həmin 
						tapşırığın icrasının onun qarşısında qoyulan bir problem 
						olduğunu hiss etməlidir. Bu zaman o, öz baza (aşağı 
						siniflərdə əldə edilmiş) bilik və bacarığını səfərbər 
						edib problemin həllinə cəhdlər göstərir. Yalnız bundan 
						sonra problemin həllində daha yüksək nəticələr əldə 
						etməyə imkan verən məlumat (deklarativ bilik) və 
						təlimatlar (prosedural bilik) şagirdə təqdim edilir. 
						Şagirdlər verilən bu biliklərdən istifadə edərək yeni 
						biliklər yaradırlar. Elmi ədəbiyyatda bunlar kontekstual 
						biliklər adlanır.  
						
						
						Bu proses  həmçinin şagirdin ilkin hazırlıq səviyyəsinin 
						diaqnostikasının aparılmasında müəllimə müvafiq şərait 
						yaratması baxımından əhəmiyyətlidir. Ayrı-ayrı 
						şagirdlərin ilkin hazırlıq səviyyəsinin müəyyən edilməsi 
						sonrakı mərhələdə öz strategiyasını müəyyənləşdirməkdə 
						(cüt və ya qrupların tərkibinin müəyyən edilməsi, 
						ayrı-ayrı şagirdlərə fərdi yanaşma, iş yükünün 
						bölüşdürülməsi) müəllimə yardım edir.  
						
						
						Digər tərəfdən, öyrədilən bacarıq baxımından şagirdin 
						ilkin hazırlığının olduğuna əminlik olmasa, 
						planlaşdırılmış dərs nəzərdə tutulan nəticəni verməyə də 
						bilər. Bunun üçün kurikulumun məzmununun ardıcıllıq və 
						davamlılıq prinsipini əldə rəhbər tutaraq aşağı 
						siniflərdə "Ana dili" fənn proqramı (kurikulumu) üzrə 
						həmin bacarığın məzmun standartlarında öz əksini necə 
						tapdığı tərəfimizdən araşdırılmışdır. Nəzərinizə 
						çatdırıram ki, əsərdə başlıca fikri müəyyən etmək, 
						"əsərin ideyasını müəyyən etmək" kimi bacarıqlar birinci 
						sinifdən dördüncü sinfə qədər alt-standartlarda öz 
						əksini tapmışdır.  
						
						
						
						I sinifdə: 
						2.2.8. Mətndəki əsas fikri müəyyənləşdirir və sadə 
						formada ifadə edir.  
						
						
						
						II sinifdə: 
						2.2.4. Mətndəki əsas fikrə münasibətini bildirir. 
						
						
						
						III sinifdə: 
						2.2.4. Mətndəki əsas fikri həyatla əlaqələndirir. 
						
						
						
						IV sinifdə: 
						2.2.4. Mətnin ideyas 
						
						
						ını müəyyənləşdirir və obrazları sadə şəkildə 
						səciyyələndirir 
						
						
						
						V sinifdə: 
						1.2.4. Ədəbi nümunələrin (nağıl, təmsil, hekayə) mövzu 
						və ideyasını izah edir. 
						
						
						Bu baxımdan  B.Vahabzadənin "Ağ saçlar" şeirinin 
						ideyasını müəyyən etməzdən əvvəl şagirdlər həmin 
						problemin həllinə bir qədər hazırlanırlar. Aşağı 
						siniflərdə əldə edilmiş bacarıqlara əsaslanaraq əsərin 
						ideyasının müəyyən edilməsi fəaliyyətinə cəlb olunurlar. 
						Lakin burada hələ ideyanın müəyyən edilməsi ilə bağlı 
						prosedur biliklər şagirdlərə verilmir, onlar mexanizmlər 
						barədə təlimatlandırılmır. Yuxarıda göstərildiyi kimi, 
						şagirdlərin bu məsələ baxımından baza bilik və 
						bacarıqları yoxlanılır. Növbəti dərsdə təqdim edilən 
						prosedurlara əsasən, əsərin ideyasını müəyyən edən 
						şagird nəticələrini əvvəlki dərsdə gəldiyi qənaətlə 
						qarşılaşdıracaq. Bununla da şagird özünün inkişafını, 
						baş verən dəyişikliyi qiymətləndirəcək: "yeni 
						öyrəndiklərim işimi nə qədər dəqiq icra etməyə imkan 
						verdi?" Bu zaman bəzən pafosla söylənilən "tənqidi 
						təfəkkürün inkişafı" şüar olmayıb, real fəaliyyətdə 
						həyata keçirilir.  
						
						
						Oxuduğu əsərin ideyasını müəyyən etməklə bağlı şagirdlər 
						üçün verilən təlimatlara münasibət bildirərək 
						yazırsınız: "İkincisi, bu "başlıqları" yazmaq 
						şagirdlərdə hələ yaradılmamış bacarıq-ümumiləşdirmə 
						tələb edir". Hörmətli Soltan müəllim, Sokrat deyir: 
						"Danış, səni görüm". "Ədəbiyyat" fənn proqramlarının 
						hazırlanması prosesində iştirak etsəniz də, məzmun 
						standartlarının hazırlanmasının nəzəriyyəsi və 
						praktikası ilə bağlı kifayət qədər məlumatlı olmadığınız 
						hər dəfə üzə çıxır. Məsələ burasındadır ki, hələ ibtidai 
						təhsil pilləsində şagirdlər bu bacarıqlara 
						yiyələnmişlər. Artıq V sinifdə təhsil alan şagirdlər 
						aşağıda təqdim edilən bacarıqları nümayiş etdirirlər: 
						
						
						
						I sinifdə: 
						2.2.7. Mətni mənaca bitkin hissələrə ayırır, şəkilli 
						planını tutur. (Əsəri hissələrə ayırır.)  
						
						
						
						II sinifdə: 
						2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə 
						məzmununa aid sadə plan tutur.  
						
						
						
						III sinifdə: 
						2.2.3. Mətnin geniş planını tutur. 
						
						
						
						IV sinifdə: 
						2.2.3. Verilmiş mətni genişləndirmək və davam etdirmək 
						məqsədi ilə yaradıcı plan tutur. 
						
						
						
						V sinifdə: 
						1.1.3. Sadə süjetli bədii nümunələri (əfsanə, nağıl, 
						təmsil, hekayə) hissələrə ayırır, plan tərtib edir, 
						məzmununu müxtəlif formalarda (yığcam və geniş)  nağıl 
						edir. (Ayrılmış hissələrə başlıq vermədən əsərin 
						planını tutmaq, sizcə, mümkündür?) 
						
						
						Gördüyünüz kimi, oxuduğu mətni hissələrə ayırıb, onlara 
						başlıq vermək kimi bir bacarıq (ümumiləşdirmə dediyiniz) 
						hələ ikinci sinifdə şagirdlərə öyrədilir. Başlıqlar 
						əsasında tutulmuş plan da şagirdlərə həm mətni ardıcıl 
						nəql etməyə, həm də əsərdəki başlıca fikri müəyyən 
						etməyə yardım edir. Bu bacarığın inkişafı V sinif fənn 
						proqramlarında da nəzərdə tutulmuşdur.  
						
						
						Hörmətli Soltan müəllim, yazırsınız: "Həmin mətnin 
						ardınca 3-cü tapşırıq (səh. 20) verilmiş və təklif 
						olunmuşdur ki, əsərin ideyasını müəyyənləşdirmək üçün "addımlar" 
						atılmalıdır. Həmin addımlardan ikisi daha mühümdür, 
						birinci belədir: Şeirin hər bəndinə (oxuduğun mətn nəsr 
						nümunəsi olduqda hər abzasına) başlıq ver. Mətnin hər 
						hansı parçasında (parçasına olmalı idi-S.H.) verilmiş 
						başlıq söz, yaxud söz birləşməsi ilə ifadə edilir. Bu 
						başlıqlar ideyanı yaradan fikirlərdir (seçmə mənimdir-S.H.)".
						 
						
						
						Əvvəla, tapşırıq 3-ün səhifə 21-də verilmiş təlimatı üç 
						maddədən - mərhələdən ibarətdir. Tapşırığın birinci 
						bəndi kimi təqdim etdiyiniz təlimat birinci deyil, 
						ikincidir. Bundan sonra işin icrasının üçüncü mərhələsi 
						də vardır ki, bu, şagirdin fəaliyyətinin tamamlanması və 
						ideyanın müəyyən edilməsində ən əhəmiyyətli və həlledici 
						məqamdır: "Bəndlər (abzaslar) üzrə fikirlərə - 
						başlıqlara bax. Onlar ideyanı müəyyən etməkdə sənə kömək 
						edəcəkdir. Bunu riyazi ifadə kimi belə təsəvvvür etmək 
						olar:                                                             
						
						  
						
						
						 Hörmətli həmkarım, bilərəkdən oxucuda yanlış təsəvvür 
						yaratmaq üçün sitat tərəfinizdən təhrif olunmuş şəkildə 
						təqdim edilmişdir. 
						
						Yəni üç mərhələdə yerinə yetirilən tapşırığın birinci 
						hissəsindən söz açmadan ikinci hissəsinə keçib, onu da 
						birinci hissə kimi təqdim etməniz, üçüncü və ən 
						həlledici məqamdan isə söz açmamanızı necə anlamaq olar? 
						Təəssüf edirəm. Əldə etdiyimiz bilik və bacarıqlar bizi 
						kiçik maraqları həqiqətin fövqünə qaldırmağa qədər 
						gətirib çıxarırsa, o zaman özümüzə fayda verməyən bilik 
						kimsəyə də fayda verə bilməz.  
						
						
						Yeri gəlmişkən, yazınızda bir neçə yerdə dərslikdə 
						standartların reallaşdırılmadığını heç bir dəlil-sübut 
						gətirmədən vurğulamısınız. Nəzərinizə çatdırıram ki, 
						standartların reallaşdırılmasını əks etdirən xəritə və 
						dərsliyin planlaşdırılması cədvəlində bu məsələ açıq-aydın 
						təqdim edilmişdir. Əgər Metodik vəsaitə diqqətlə 
						baxsaydınız hər bir məzmun standartının aşağıda təqdim 
						olunduğu sayda tətbiq edildiyini görərdiniz:  
						
							
								| 
								 
								
								1.1.1.  | 
								
								 
								
								1.1.2.  | 
								
								 
								
								1.1.3.  | 
								
								 
								
								1.1.4.  | 
								
								 
								
								1.1.5.  | 
								
								 
								
								1.2.1.  | 
								
								 
								
								1.2.2.  | 
								
								 
								
								1.2.3.  | 
								
								 
								
								1.2.4.  | 
								
								 
								
								2.1.1.  | 
								
								 
								
								2.1.2.  | 
								
								 
								
								2.2.1.  | 
								
								 
								
								3.1.1.  | 
								
								 
								
								3.1.2.  | 
								
								 
								
								3.1.3.  | 
							 
							
								| 
								 
								
								25  | 
								
								 
								
								13  | 
								
								 
								
								25  | 
								
								 
								
								5  | 
								
								 
								
								10  | 
								
								 
								
								3  | 
								
								 
								
								9  | 
								
								 
								
								6  | 
								
								 
								
								21  | 
								
								 
								
								21  | 
								
								 
								
								23  | 
								
								 
								
								23  | 
								
								 
								
								9  | 
								
								 
								
								15  | 
								
								 
								
								12  | 
							 
						 
						
						
						Yazırsınız: "Alim və quldur" əsərinin tədrisi üçün 
						müəyyənləşdirilmiş təlim məqsədlərinin bir qismi 
						standartların tələblərini əks etdirmir, bir qismi 
						standartları bütünlüklə təhrif edir, bir qismi isə 
						müəllim vəsaitində yazılsa da, dərsdə reallaşdırılmır (səh 
						80-82)". 
						
						
						Nəzərinizə çatdırıram ki, bu mövzu diaqnostik 
						qiymətləndirmə aparılandan sonra ilk mövzudur. Oxu 
						strategiyalarından xəbərdar olsaydınız bilərdiniz ki, 
						mütəxəssislər oxucuları 4 qrupa ayırırlar:  
						
							
								| 
								 
								
								OXUCUNUN XÜSUSİYYƏTİ
								  | 
							 
							
								| 
								 
								
								Beləliklə, oxucunu
								
								
								4 qrupa ayırmaq olar:  | 
							 
							
								| 
								 
								
								Mətnlə tanış olan oxucu  | 
								
								 
								
								azdanışan, sakit oxucu  | 
							 
							
								| 
								 
								
								Mətndəki mənanı dərk edən oxucu  | 
								
								 
								
								məlumatlı oxucu  | 
							 
							
								| 
								 
								
								Mətndəki ayrı-ayrı məsələləri tətbiq edən 
								(mətndən istifadə edən) oxucu  | 
								
								 
								
								strategiya ilə oxuyan oxucu  | 
							 
							
								| 
								 
								
								Mətnaltı mənalara yaradıcı reaksiya verən 
								(tənqidi yanaşan) oxucu  | 
								
								 
								
								düşünən oxucu  | 
							 
						 
						
						
						Uzun illərdir yazdığınız ədəbiyyat dərslikləriniz, ən 
						yaxşı halda, məlumatlı oxucu formalaşdırmaq baxımından 
						yararlı olub. Tərəfimizdən hazırlanmış "Ədəbiyyat" 
						dərsliyi isə düşünən oxucu formalaşdırmaq üçün nəzərdə 
						tutulub. Bu səbəbdən də məqsədimiz mətnin "məzmununu 
						mənimsətmək" deyil, ilk dərsdən şagirdə oxu 
						strategiyalarını öyrətməkdən ibarət olub. Düşünən oxucu 
						olmaq üçün oxunun müxtəlif mərhələlərində (oxudan əvvəl, 
						oxu zamanı, oxudan sonra) şagirdin yerinə yetirməli 
						olduğu fəaliyyətlər ona öyrədilir. Ona görə də 
						Ə.Quluzadənin "Alim və quldur" hekayəsi 3 dərs ərzində 
						araşdırılıb:  
						
						
						I dərs: Ə.Quluzadə "Alim və quldur" (Oxu prosesi:oxudan 
						əvvəl) 
						
						
						II dərs: Ə.Quluzadə "Alim və quldur" (Oxu prosesi:oxu 
						zamanı) 
						
						
						III dərs: Ə.Quluzadə "Alim və quldur" (Oxudan sonra) 
						
						
						Həmin dərslərdə tətbiq edilən standartlar və onlardan 
						irəli gələn təlim məqsədlərini nəzərinizə çatdırıram:  
						
							
								| 
								 
								
								
								Məzmun standartı  | 
								
								 
								
								
								Təlim məqsədi  | 
							 
							
								| 
								 
								
								I DƏRS  | 
							 
							
								| 
								 
								
								2.1.2.Bədii əsərlə bağlı fikirlərini aydın 
								və ardıcıl şərh edir.  | 
								
								 
								
								1.   
								İlkin bilik-bacarıqlara əsaslanaraq 
								Ə.Quluzadənin “Alim və quldur” hekayəsi ilə 
								bağlı fərziyyələr irəli sürür. (2.1.2.)  | 
							 
							
								| 
								 
								
								2.1.1.Bədii nümunələrlə bağlı şifahi 
								təqdimatlar edir, öyrəndiyi yeni 
								sözlərdən nitqində istifadə edir.   | 
								
								 
								
								2.Əsərlə bağlı irəli sürdüyü fərziyyələri 
								şifahi şəkildə təqdim edir. (2.1.1.)  | 
							 
							
								| 
								 
								
								2.2.1. Müzakirələrdə söylənilən fikirlərə 
								münasibətini bildirir.  | 
								
								 
								
								3. Digər qrupların təqdimatları ilə bağlı 
								fikirlərini bildirir.( 2.2.1.)   | 
							 
							
								| 
								 
								
								II DƏRS  | 
							 
							
								| 
								 
								
								1.1.1. Heca vəznli şeirlərdə, sadə süjetli 
								bədii nümunələrdə (əfsanə, nağıl, 
								təmsil, hekayə) tanış 
								olmayan sözlərin mənasını lüğətlərdən istifadə 
								etməklə aydınlaşdırır.  | 
								
								 
								
								1.  
								
								
								“Alim və quldur” hekayəsinin 
								
								oxusu zamanı tanış olmayan sözlərin mənasını 
								lüğətdən istifadə etməklə aydınlaşdırır.(1.1.1.) 
								
								
								   | 
							 
							
								| 
								 
								
								1.1.2.     
								Heca vəznli şeirləri, sadə süjetli bədii
								əsərləri hadisələrin məzmununa uyğun 
								ifadəli oxuyur.  | 
								
								 
								
								2.  
								
								
								Əsəri məzmununa uyğun ifadəli oxuyur. 
								(1.1.2.) 
								
								
								   | 
							 
							
								| 
								 
								
								2.1.2. Bədii əsərlə bağlı fikirlərini 
								aydın və ardıcıl şərh edir.  | 
								
								 
								
								3.  
								
								
								Əsərlə bağlı fikirlərini aydın, ardıcıl şərh 
								edir. 
								(2.1.2.)  | 
							 
							
								| 
								 
								
								III DƏRS  | 
							 
							
								| 
								 
								
								1.1.3. Sadə süjetli bədii əsərləri (əfsanə, 
								nağıl, təmsil, hekayə) hissələrə 
								ayırır, plan tərtib edir, məzmununu 
								müxtəlif formalarda (yığcam və geniş) nağıl 
								edir.   | 
								
								 
								
								1.  
								Məsələlərə münasibət bildirərkən 
								fikirlərini əsaslandırmaq üçün əsərdən bir 
								parçanı danışır. (1.1.3.)   | 
							 
							
								| 
								 
								
								1.1.4.     
								Şifahi və yazılı ədəbiyyat 
								nümunələrini janrlarına görə fərqləndirir.
								  | 
								
								 
								
								2.  
								
								
								Əsərin janrını müəyyənləşdirir. 
								(1.1.4.)  | 
							 
							
								| 
								 
								
								2.1.2.Bədii əsərlə bağlı fikirlərini aydın 
								və ardıcıl şərh edir. 
								
								
								3.1.2. Mövzu ilə əlaqədar fikirlərini 
								məntiqi ardıcıllıqla şərh edir.  | 
								
								 
								
								3.  
								
								
								Əsərin ideyası ilə bağlı fikirlərini yazılı 
								şəkildə şərh edir. (2.1.2;3.1.2.)  | 
							 
							
								| 
								 
								
								2.2.1.Müzakirələrdə söylənilən fikirlərə 
								münasibət bildirir.  | 
								
								 
								
								4.  
								Qrup və kollektiv müzakirələrdə 
								söylənilən fikirlərə münasibət bildirir. 
								(2.2.1.)  | 
							 
							
								| 
								 
								
								3.1.1. Bədii əsərlərin məzmununa (əhvalat 
								və hadisələrə, sonluğa) fərqli münasibət 
								bildirir.   | 
								
								 
								
								5.  
								Əsərdə hadisələrin fərqli istiqamətdə 
								inkişafı ilə bağlı fikirlər irəli sürür.(3.1.1.)  | 
							 
						 
						
						
						Hörmətli Soltan müəllim, tətbiqi nəzərdə tutulmuş 
						standartlarla təlim məqsədləri arasındakı əlaqəni görə 
						bilmək üçün təhsil işçisi olmağa da ehtiyac yox idi.
						
						
						Görünür, kurikulumun tətbiqi ilə əlaqədar 10 günlük 
						təlim kurslarımızdan kifayət qədər bəhrələnə 
						bilməmisiniz. Əslində, kurikulumun nəzəriyyəsi və 
						praktikası bir dəryadır. Onu ongünlük kursda kifayət 
						qədər mənimsəmək asan iş deyil. Bu səbəbdən 
						təhlillərinizdəki təhrifləri normal hesab edirəm. 
						 
						
						
						Əsərdəki mətnlərin bədii cəhətdən sönüklüyü irad 
						tutulur. Hörmətli Soltan müəllim, mən 1975-ci ildə 
						beşinci sinifdə oxumuşam. O zaman da ədəbiyyat 
						dərslərində N.Gəncəvinin "Kərpickəsən kişinin dastanı", 
						S.Vurğunun "Ceyran", "Ana ürəyi, dağ çiçəyi", Mark 
						Tvenin "Tom Soyyerin macəraları" əsərindən "Fərasətli 
						oğlan", "Yetim İbrahimin nağılı", Əhməd Cəmilin "Can 
						nənə, bir nağıl de", Abdulla Şaiqin "Köç" kimi 
						əsərlərini oxuyurduq. Aradan 37 il keçmişdir. Yenə həmin 
						mətnlər. Maraqlıdır, gənc nəslin formalaşmasında yararlı 
						və beşincilərin yaş xüsusiyyətlərinə uyğun ola bilən elə 
						bu klassiklərin başqa əsərləri yox idimi? On illərlə 
						istifadə edilən bədii nümunələrin dərsliyinizdə təkrarən 
						verilməsi, fikrinizcə, normaldırmı? Klassiklərimizin 
						dərsliyə daxil edilmiş əsərlərinin bədii dəyərini 
						müzakirə etmək fikrindən çox uzağam. Sadəcə, bu fakt 
						sizin dərsliyinizin orijinallığını kölgə altına alır və 
						o, təqlid obyekti kimi tənqid edilə bilər. Əslində, 
						tərəfimizdən hazırlanmış dərslikdə həmin klassiklərin 
						əsərlərinə də geniş yer verilmişdir. Amma Nizami 
						Gəncəvi, Rəşid bəy Əfəndiyev, Səməd Vurğun, Süleyman 
						Rəhimov, Süleyman Rüstəm, Əzizə Cəfərzadə, Bəxtiyar 
						Vahabzadə, Nəbi Xəzri, İsmayıl Şıxlı, Zəlimxan Yaqub, 
						Tofik Bayram, Gülhüseyn Hüseynoğlu, Hikmət Ziya, Teymur 
						Elçin, habelə dünya ədəbiyyatından Sədi Şirazi, Mixail 
						Prişvinin nə zamandan bədii cəhətdən sönük əsərlər yazan 
						qələm sahibləri olduqları mənə aydın olmadı.  
						
						
						Siz şagirdin oxu bacarığının səviyyəsinin 
						diaqnostikasının aparılması məqsədi ilə verilmiş 
						testlərin Blum taksonomiyasının səviyyələri baxımından 
						ən aşağı - "Bilik" səviyyəsində olduğunu və məlumatların 
						şagirdin gözü qarşısında olduğunu, bununla da 
						diaqnostikanın əhəmiyyətinin heçə endiyini 
						bildirirsiniz. Nəzərinizə test tapşırıqlarını bir daha 
						çatdırmaq istəyirəm: 
						
						
						1. Əsərin əsas ideyası budur. (Hər bir sualın qarşısında 
						variantlar təqdim edilir.) 
						
						
						2. Qəhrəmanın hissləri ilə bağlı hansı fikir doğrudur?
						 
						
						
						3. "Ulduzlar göndərənlər Ayın, Günün yanına" misrasında 
						"ulduzlar" sözü hansı mənada işlənmişdir?  
						
						
						4. "Qara qızıl" sözünün mənası nədir?  
						
						
						5. Müəllif həvəslənirdi ona görə ki,....  
						
						
						6. İlk zəngin yenə də səslənməsini istəyirdi, ona görə 
						ki, ...  
						
						
						7. Məktəb zənginin səsi nəyə bənzədilirdi? 
						
						
						8. Aşağıda verilən hansı hadisə bu əsərdə baş vermir?
						
						
						(Variantlar təqdim edilir.) Diqqətli oxu. 
						
						
						Əsərin ideyasını müəyyən etmək şagirddən idrak 
						taksonomiyalarının ən yüksək səviyyələrində düşünmə 
						tələb edir. İkinci və yeddinci testlər şeirdə verilən 
						təsvir vasitələrinin şagird tərəfindən müəyyən 
						edilməsinə istiqamətlənib. Üçüncü testdə şagirdin bədii 
						təfəkkür səviyyəsi, dördüncü testdə həm şagirdin lüğət 
						ehtiyatı, həm də təsvir vasitələri ilə bağlı 
						bilik-bacarıq səviyyəsi yoxlanılır. Beş və altıncı 
						testlərdə şagirdin oxuduğu mətndə səbəb-nəticə 
						əlaqələrini müəyyən etmək bacarığı dəyərləndirilir. 
						Sonuncu, səkkizinci testdə şagirdin tənqidi düşünməsi 
						qiymətləndirilir. Təqdim edilən təlim və ya 
						qiymətləndirmə materiallarının altında yatan əhəmiyyətli 
						məsələləri görə bilmiriksə, bu, onların orada olmaması 
						anlamına gəlmir.  
						
						
						 Hörmətli həmkarım, siz bilirsiniz ki, istənilən əsəri 
						təhlil edən zaman əvvəlcə onun ən azı bir-iki üstün 
						cəhəti göstərilir, sonra isə nöqsanlı cəhətlərindən söz 
						açılır. Necə düşünürsünüz, yəni bu dərslikdə heç bir 
						üstün cəhət yoxdur? Yalnız bu fakt sizin dərsliyə 
						qərəzli mövqedən yanaşdığınızı bir daha sübut edir. Amma 
						alimin silahı qərəz və qəzəb deyil, elm və hikmət 
						olmalıdır. Ədəbiyyatın tədrisinə yeni yanaşmaya bu qədər 
						sərt münasibət göstərməyinizi və onu hər yolla gözdən 
						salmaq cəhdlərinizi təəssüflə qarşılayıram. Bu gün 
						təhsil işçiləri qarşı cəbhələrdə deyil, bir cəbhədə 
						olmalıdırlar. Hədəfimiz isə təhsilimizin keyfiyyətini 
						yüksəltmək olmalıdır. 
						  
						
						
						
						Afət SÜLEYMANOVA, 
						Təhsil Nazirliyinin aparıcı məsləhətçisi  
						
						
						
						P.S. 
						Bizim V sinif "Ədəbiyyat" dərsliyinin digər müəllifləri 
						də açıq məktubda öz əksini tapmış bütün məsələlərlə 
						bağlı mənimlə həmfikirdirlər. Həmçinin qərara gəlmişik 
						ki, bundan sonra bizə ünvanlayacağınız heç bir yazınıza 
						cavab verməyəcəyik. Çünki vaxtımızı daha faydalı işlərə 
						sərf etmək istəyirik. Sizə isə uğurlar!   |