| 
						 
						
						
						Ana dilimizə tərcümədə "istiqamət", "yol" mənasını verən 
						"kurikulum" bu gün ən çox eşitdiyimiz və işlətdiyimiz 
						sözlərdən biri olduğundan və onun əhatə etdiyi 
						elmi-metodiki ədəbiyyatlar, təhsil qanunvericiliyi 
						aktları, ən əsası da fəaliyyət sahəsi cəmiyyətin 
						müxtəlif təbəqələri tərəfindən birmənalı 
						qarşılanmadığından və bəzən haqsız və yersiz olaraq 
						"tarixin təkərini geriyə qaytarmağ"ı arzulayanların səsi 
						ucaldığından bir təhsil işçisi kimi bütün bunlara 
						münasibətimi bildirməyi özümə borc hesab edirəm.  
						
						
						 Açığı, 
						məqaləni daha çox geniş ictimaiyyətə - valideynlərə, 
						məktəbin təəssübkeşi olmağa hazır hər bir vətənpərvərə 
						ünvanlamağı üstün tutduğumdan Milli Kurikuluma keçidin 
						elmi-nəzəri əsaslarından, onun ehtiva etdiyi sənədlər, 
						anlayışlar, məqsəd, vəzifə və vasitələrdən çox, 
						ictimai-siyasi, ideoloji və faktoloji, qismənsə 
						elmi-metodiki cəhətlərindən bəhs etməyə çalışacağam. 
						Çünki hər bir təhsil işçisinin əlinin altında kifayət 
						qədər metodiki göstərişlər və normativlər, I-V siniflər 
						üçün  ayrı-ayrı fənlər üzrə dərslik komplektlərində 
						kurikulumun mahiyyəti və fəlsəfəsi,  yeni tələblər 
						nəzərə alınmaqla ənənəvi dərsdən müasir dərs modelinə 
						keçidin yolları barədə müəllimə lazımi kömək göstərə 
						bilən vasitələr var. Hətta bir sıra fənlər üzrə müəllim 
						üçün vəsaitlərdə fəal və inteqrativ təlimin yolları və 
						mexanizmləri, fənn üzrə qiymətləndirmə meyarları və 
						üsulları barədə gərək olduğundan da çox məlumatlar 
						verilir ki, bu da psixoloji və professional cəhətdən 
						hazırlıqsız müəllimi qorxudur. Sözün qısası, biz bəzən 
						bu anlayışa əcaib don geydirir, pedaqoji ictimaiyyətdə, 
						ayrı-ayrı sosial qruplarda təhsil islahatlarının gedişi 
						barədə yanlış təsəvvür formalaşdırırıq. 
						
						
						Son beş-on il ərzində bank-maliyyə, iqtisadiyyat, 
						tikinti, neft-qaz, siyasi-diplomatik, idman, mədəniyyət, 
						mətbuat  və s. sahələrdə azmı indiyədək bizə məlum olan 
						və  olmayan termin və anlayışlar üzə çıxıb, proseslər 
						reallaşıb. Cəmiyyət  və ən əsası da bu işlərin içində 
						olan professionallar digər sahələrdəki yenilikləri həzm 
						edə bilirlərsə, millətə və xalqa dərs deyən müəllimə nə 
						olub ki?! Biz niyə geri çəkilməli, zamanın tələbi ilə 
						tutduğumuz yolun sonuna boylanıb nikbincəsinə 
						baxmamalıyıq? Axı digərlərindən fərqli olaraq, hamı 
						bizimlədir: atalar, analar, babalar, nənələr  və daha 
						kimlər, kimlər... İşlədiyim Bakı Slavyan Universitetinin 
						Məktəb-Lisey Kompleksində biz müəllimlər üçün kurikulum 
						üzrə təlim kursları ilə yanaşı, həm də valideynlər üçün 
						mühazirələr təşkil edirik. Kompleksə pedaqoji təcrübəyə 
						gələn tələbələrimizə - sabahın müəllimlərinə, kurikulum 
						islahatı barədə geniş məlumatlar çatdırırıq, məktəb 
						ətrafında cəm olan insanlara kurikulumla bağlı lazımi 
						bilgilər veririk...    
						
						
						Müstəqil Azərbaycanın təhsil sistemində islahatlar 
						proqramına 1998-ci ildən start verildi. Ulu öndər Heydər 
						Əliyevin xeyir-duası ilə başlanan bu genişmiqyaslı və 
						mərhələli təhsil islahatları müstəqilliyini yenicə bərpa 
						etmiş və milli ideologiya axtarışlarında olan, 
						mədəniyyət və mənəviyyatını azərbaycançılıq məfkurəsi 
						üzərində qurmağın vacibliyini dərk edən bir xalq və ölkə 
						üçün hava və su kimi olduqca vacib idi. Təbii ki, 
						dağılmış, köhnə və müasir tələblərə tam cavab verməyən 
						təhsil sistemi (modeli) Azərbaycanı qane edə bilməzdi. 
						MDB ölkələri təhsil məkanında yeni təhsil sistemləri, 
						modelləri və təlim texnologiyalarının tətbiqi ilə bağlı 
						bir sıra tədbirlərin iştirakçısı olduğumdan onu deyə 
						bilərəm ki, istər ali, istərsə də orta təhsil 
						pillələrində yeniliklərin labüdlüyü, müasir təhsil 
						qanunvericiliyi bazasının yaradılması məsələsi 
						Azərbaycanı hamıdan çox narahat edirdi... Və bu gün 
						arxada qalmış yola dönüb baxarkən fəxrlə deyə bilərik 
						ki, müəyyən səhvlər nəzərə alınmazsa, Azərbaycan müasir 
						və mütərəqqi Avropa və dünya təhsil məkanının ayrılmaz 
						hissəsinə çevrilmişdir. Ali təhsil sistemində 
						çoxpilləlilik artıq reallaşmış, kredit sistemi ali 
						məktəb həyatının məhək daşına çevrilmiş və bunun 
						nəticəsi kimi diplomlarımız ən qabaqcıl təhsil, biznes 
						və karyera bazarlarında adekvat şəkildə 
						qarşılanmaqdadır. Dövlət və özəl ali məktəblərimizin bir 
						qisminin adı bəzi nüfuzlu reytinq cədvəllərində yer 
						almaqdadır... 
						
						
						90-cı illərin sonunda orta təhsil pilləsindəki 
						vəziyyətin ciddi monitorinqi göstərdi ki, son illərdə 
						ölkədə bəzi yeni tipli orta təhsil müəssisələrinin 
						yaradılmasına, bir qisim orta məktəb dərsliklərinin 
						məzmununun dəyişdirilməsinə baxmayaraq, bu təhsil 
						pilləsində yeni təhsil standartları və proqramlarının 
						tətbiqinə, təhsil sisteminin humanistləşdirlməsinə, yeni 
						təlim texnologiyalarının, avadanlıqlarının və 
						yanaşmaların məktəbə gətirilməsinə, orta təhsildə vahid 
						informasiya sistemləri və şəbəkələrinin yaradılmasına, 
						məktəb və müəllim nüfuzunun yüksəldilməsinə, pedaqoji 
						fəaliyyətin stimullaşdırılmasına   böyük ehtiyac var. 
						Digər problemlər (yeni nəsil dərsliklərin yaradılması, 
						məktəb kitabxanalarının və kütləvi kitabxanaların kitab 
						fondunun təzələnməsi və genişləndirilməsi, məktəblərin 
						ayrı-ayrı fənlər üzrə ən müasir tədris vəsaitləri və 
						vasitələri ilə təmini, məktəblilərə vacib olan müvafiq 
						şəhər muzeylərinin yeni məzmun və görkəmdə yenidən 
						ortaya çıxması, ən nəhayət, orta məktəb binalarının ən 
						yüksək səviyyədə təmiri və təchizi) isə ölkədə baş verən 
						iqtisadi sıçrayışlar və sosial proqramların icrası 
						fonunda harmonik şəkildə öz həllini tapırdı. Bir haşiyə 
						çıxmaq istərdim: sovet dönəmində ən ucqar bölgələrdən 
						biri sayılan sərhəd rayonu Yardımlıda təkcə 2006-cı il 
						ərzində 30-a yaxın məktəb binasının inşasını fantastik 
						göstərici kimi qiymətləndirmək olar. Bəli, biz 
						bütövlükdə Azərbaycanda və paytaxtımızda baş verən 
						sosial-iqtisadi sıçrayışların statistikasını aparmağa və 
						bu tərəqqini lazımınca dəyərləndirməyə belə macal 
						tapmırıq. İş orasındadır ki, indi bütün dünyada baş 
						verən texniki tərəqqi, İKT-nin insanın həyat tərzinə, 
						insani ehtiyacları və professional fəaliyyətinə sıx 
						sirayət etdiyi bir dövrdə ən qabaqcıl mövqelərdə yer 
						tutmağa qərar vermiş müstəqil Azərbaycanın başqa seçimi 
						yoxdur. O cümlədən orta təhsil pilləsində... 
						
						
						Biz yeni "Təhsil qanunu"nu təsdiqlədik. İndi isə 
						ayrı-ayrı təhsil pillələri üzrə qanunvericilik bazasını 
						möhkəmləndirməkdə, şagird biliyinin monitorinqi və 
						qiymətləndirilməsi istiqamətində ciddi axtarışlardayıq. 
						Ən əsası isə sovet hakimiyyəti illərində (ondan da 
						əvvəllər) və müstəqilliyimizin ilk iki onilliyində 
						mövcud olmuş ənənəvi təhsil (dərs) modelini təftiş 
						etməkdəyik. Yəni zəmanənin tələbindən, yeni 
						sosial-iqtisadi münasibətlərdən, elektron daşıyıcıların 
						həyatımıza  sürətli müdaxiləsindən, ölkənin dünya 
						iqtisadi və təhsil məkanına sürətli inteqrasiyasından  
						çıxış edərək, orta və ali, eləcə də peşə təhsilimizi 
						(əlavə təhsil, distant təhsil, inklüziv və s. təhsil 
						formalarını da yaddan çıxarmadan) yeni relslər üzərində 
						qurmalıyıq. Bu, labüddür. Müstəqil və dünyaya açıq sivil 
						ölkənin qapalı təhsil sistemi ola bilməz. Qabaqcıl 
						təhsil sisteminə malik bütün dünya ölkələrində bəlli 
						tədris standartları və proqramları (fənn kurikulumları), 
						hər bir fənn üzrə konkret məzmun xətləri, şagirdlərin 
						əldə etməli olduqları bilik, bacarıq və vərdişlər 
						məcmusu və onları dəyərləndirməyə qadir olan 
						qiymətləndirmə meyarları mövcuddur... 
						
						
						Qəliz görünməmək üçün sadəcə deyirəm ki, sivil ölkə kimi 
						biz də bu sistemə daxil olmaqdayıq. Və daxil olmuşuq da. 
						Özü də təkcə I-VI siniflər səviyyəsində deyil, artıq tam 
						orta təhsil pilləsində bu keyfiyyət dəyişikliyi özünü 
						göstərməkdədir. Bəli, çətindir. Məktəb rəhbərliyi 
						məktəbdə vahid informasiya şəbəkəsinin mövcudluğunu və 
						daimi interneti təmin etməli, hər bir sinif otağını ən 
						azı kompüter və proyektorla təchiz etməli, pedaqoji 
						kollektivin hər bir üzvü qarşısında İKT-dən sərbəst 
						yararlanma bacarığına malik olma tələbi qoyulmalıdır. 
						Laborant heyəti və informatika fənnini tədris edən 
						müəllimlər avadanlıqların istismarını nəzarətdə 
						saxlamalı, kurikulum proqramları üzrə dərs deyən 
						müəllimlərə mütəmadi texniki dəstək verilməlidir.  
						Müəllim lazımi təlim kurslarını keçməli, fənn üzrə 
						kurikulumu dərindən mənimsəməli, məzmun xətlərini, 
						standart və alt-standartlarının, fəndaxili və 
						fənlərarası inteqrasiyanın mahiyyətini anlamalı, dərslik 
						və müəllim üçün vəsaitləri yaxından öyrənməli, fəal 
						təlim metodları və mexanizmlərinə söykənərək, öz 
						dərsləri üçün resurslar yaratmalıdır. Diaqnostik, 
						formativ və summativ qiymətləndirməni fənn üzrə standart 
						və alt-standartlar əsasında aparmaq müəllim üçün vərdişə 
						çevrilməli, böyük summativ qiymətləndirmənin səmərəli 
						təşkili üçün məktəbdaxili və məktəblərarası 
						əməkdaşlığın  konkret mexanizmi olmalıdır. Canlı dərs 
						prosesində hər şey istiqamətverici qüvvə - müəllimin 
						bacarığına əsaslanır: o, mövzunun aktuallığını 
						şagirdlərə çatdırmaq məqsədilə düzgün motivasiya qurur  
						və ya müəllim üçün vəsaitdə təklif olunan varianta 
						yaradıcı yanaşır, şagirdlərlə birgə tədqiqat suallarını 
						müəyyənləşdirir, interaktiv dərsin digər mərhələlərində 
						də qruplarda, cütlərdə, yaxud kollektiv şəkildə çalışan 
						sinfə bacarıqla "dirijor"luq və hakimlik edir, səmərəli 
						qiymətləndirmə formaları seçir, yaradıcı tətbiqetmə 
						mərhələsində şagirdin təhsil prosesinin iştirakçısı olan 
						və ya fərz edilən insanlarla əməkdaşlığına şərait 
						yaradır. 
						
						
						Deyilənləri nəzərə alaraq, I-V siniflərdə dərs deyən və 
						yeni  proqramlar (kurikulumlar) əsasında yazılmış 
						dərslik və müəllim üçün vəsaitlərlə işləyən müəllimlər  
						xüsusilə dərsin yaradıcı tətbiqetmə mərhələsinə 
						diqqəti artırmalıdırlar. Bu isə ənənəvi dərsdə nəzərdə 
						tutduğumuz yeni materialın möhkəmləndirilməsi və ev 
						tapşırığı komponentlərindən daha geniş istifadə anlamı 
						verir. Motivasiyalı, tədqiqat suallı, konkret məqsəd və 
						vəzifələr əsasında  müzakirə və analiz edilmiş, müəyyən 
						nəticələrə gəlinmiş dərs ailədə və küçədə 
						(valideynlərin, ailənin digər üzvlərinin, qohumların, 
						həmyaşıdların  cəlb olunması ilə), sosial şəbəkələrdə, 
						muzey, ekskursiya, təcrübə laboratoriyaları, muzeylərdə 
						və s. davam etdirilməlidir. Qoy heç kəs inciməsin: bəzi 
						müəllim və məktəblərimiz, onların sözünə inanan 
						valideynlərimiz dərsin bu mərhələsinin (yaradıcı 
						tətbiqetmə) tələblərini təhrif olunmuş şəkildə qəbul 
						edirlər. "Kurikulumda ev tapşırığı yoxdur" kəlməsinin 
						arxasında nələr durur: şagirddə vərdiş və bacarıqları 
						formalaşdırmaq, ona müstəqil hərəkət etmək və qərar 
						vermək imkanı yaratmaq, eşitdiyini və gördüyünü 
						təcrübədən keçirmək, bu barədə məlumat vermək və mövzu 
						ətrafında müzakirələrə qoşulmaq, bütün bu işlərə tədris 
						prosesinin birbaşa iştirakçısı sayılan valideynləri də 
						fəal cəlb etmək və s.  
						
						
						Müəllim üçün çətinlik yaradan və hələ ki şagird və 
						valideynlərin alışa bilmədiyi formativ qiymətləndirmə 
						formasının tətbiqi də ağrısız ötüşmür.  Hamıya bəllidir 
						ki, yeni dərs modeli beşballıq qiymətləndirmə sistemi 
						ilə uyğunsuzluq təşkil edir. Dərsdə şagirdin bu cür 
						geniş və hərtərəfli fəaliyyətini, müxtəlif məzmun 
						xətləri üzrə bilik və bacarıqlarını konkret simvolla və 
						rəqəmlə ifadə etmək çətindir. Ona görə də dərsin gedişı 
						prosesində şagirdin rəğbətləndirilməsinə, sinif  
						kollektivinin işinin qeyd olunmasına ciddi ehtiyac var.  
						Bu isə rəy şəklində formativ qiymətləndirmə jurnalında 
						və məktəbli kitabçasında  əksini tapmalıdır. Hələ ki, ən 
						bacarıqlı müəllimlərimiz belə bu işi mexaniki olaraq 
						icra edir, qoyulan tələblərlə ayaqlaşmırlar. 
						Qiymətləndirmə dərsin ən vacib mərhələlərindəndir, 
						bu, dərs prosesində və şagirdlərin iştirakı ilə 
						aparılmalıdır. Bu, direktora və onun müavininə, 
						aidiyyəti təşkilatların nümayəndələrinə yox, şagirdə 
						lazımdır. Müşavirələrin birində formativ qiymətləndirmə 
						jurnalının doldurulması ilə bağlı təhsil naziri 
						professor Misir Mərdanovun söylədiyi fikri bir daha 
						səsləndirmək istəyirəm. Nazir bu jurnalın yaxşı mənada 
						müəllimin qeyd kitabçası rolunu oynadığını və burada hər 
						bir şagirdin əldə etdiyi nailiyyətin rəqəm və rəmzlərlə 
						yox, sözlərlə səciyyələndirilməsini, daha çox 
						rəğbətləndirilməsini və eyni işi də məktəbli 
						kitabçasında aparmağı nəzərə çatdırmışdı.  
						
						
						Bütün bu məsələlərin həllində metodist müəllimlərin, 
						təhsil təşkilatçılarının, yaradıcı müəllimlərin üzərinə 
						böyük yük düşür. Məktəb pedaqoji və elmi-metodiki 
						şuraları, fənn metodbirləşmələri yeni standart və 
						proqramların tətbiqi prosesini addımbaşı izləməli, 
						təklif və tövsiyələr pedaqoji mətbuata çıxarılmalıdır. 
						Hər bir pedaqoji şura iclasında fənn üzrə kurikulumların 
						tətbiqi problemləri, açıq və nümunəvi dərslər 
						elmi-metodiki müzakirə obyektinə çevrilməlidir. Bu 
						mənada "Kurikulum" jurnalının, "Azərbaycan müəllimi" və 
						"525-ci qəzet"in gördüyü işlərə digər mətbuat 
						orqanlarımız da fəal qoşulmalıdır. Bir halda ki ulu 
						öndərin "Təhsil millətin gələcəyidir" kəlamını məktəb və 
						universitetlərimizin giriş qapılarına,  qəzetlərimizin 
						başlığına həkk edirik, bu mərama da xidmət etməliyik.
						 
						
						
						Təhsil prosesinin iştirakçısı olan istənilən şəxs bir 
						həqiqəti yaxşı anlamalıdır ki, övladlarımıza quru 
						əzbərçiliyə söykənən tədris prosesi gərək deyil. Şagird 
						aldığı biliyi və eşitdiy məlumatı özününküləşdirməyi, 
						qavramağı, şifahi və yazılı şəkildə ifadə etməyi 
						bacarmalı, tədris prosesində qazandığı bilik və 
						bacarıqları öz həyat tərzinə, həyati ehtiyaclarına 
						yönəltməli, məktəb və onu əhatə edən tədris-təlim və 
						mədəni mühit  şagirdin şəxsiyyət və vətandaş kimi 
						formalaşması üçün təcrübə meydançasına çevrilməlidir. 
						Bəli, biz xarici dili öyrənirik ki, istənilən şəraitdə 
						ünsiyyət qurub, özümüzü təqdim edək, lazımi məlumatı 
						götürək və başqalarına ötürək və s. Kimya, fizika, 
						biologiya, coğrafiya və astronomiyanı öyrənirik ki, 
						ayrı-ayrı maddələri, cisimləri, təbiət hadisələrini  və 
						onların xassələrini, onlar ətrafında baş verənləri ayırd 
						edək, ətraf mühitdə qarşılaşdığımız və ya fərz edilən 
						hadisələr zamanı özümüzü fiziki və mənəvi cəhətdən 
						qoruya bilək və s. və i. Bu reallıqdır ki, biz məktəbdə 
						şagirdləri ensiklopedik biliklərlə, nəzəriyyə və 
						rəqəmlərlə gərək olduğundan artıq yükləyirik. Praktiki 
						və təcrübi işlərə, vərdiş və bacarıqların, ünsiyyət 
						mədəniyyətinin aşılanmasına, əməkdaşlıq və yaradıcılıq, 
						özünü təqdimetmə qabiliyyətinin formalaşdırılmasına 
						kifayət qədər diqqət yetirilmir.  
						
						
						İndiki şəraitdə Azərbaycan məktəbinin (ənənəvi dərs 
						üsulunda əldə edilənləri qorumaq şərti ilə) qloballaşan 
						və sürətlə inkişaf edən dünyada yeni təlim 
						texnologiyalarına və dərs modelinə üz tutmasının 
						fəlsəfəsini və məğzini anlamağa çalışmalıyıq. Doğrudur, 
						bu islahatların təhsilimizə gəlişi prosesində səhvlərdən 
						sığortalanmaq mümkün olmur. Axı "kurikulum" anlayışı 80 
						ilə yaxındır ki, inkişaf etmiş ölkələrdə öz işini görür. 
						Müasir şəraitdə onun bəzi məqamları bizi təmin etməyə də 
						bilər. Kurikulumu (həm də fənn kurikulumlarını) 
						özümüzünküləşdirən mütəxəssislər, işçi qruplar, 
						tərcüməçilər, dərslik  müəllifləri və onları 
						qiymətləndirən şəxslər sovet təhsil sisteminin yaxşı 
						cəhətlərini və iyirmi illik müstəqillik dövründə əldə 
						olunan təcrübə və nailiyyətləri mütləq nəzərə 
						almalıdırlar. Buna görə də yeni tədris standartları və 
						proqramları (kurikulumların) ilə bağlı bəzi dırnaqarası 
						mütəxəssislərin (o cümlədən, lazımi elmi-metodiki və 
						nəzəri hazırlığı, kifayət qədər təcrübəsi olmayan 
						şəxslərin) çıxış və mülahizələri əsassız və məntiqsiz 
						görünür. Mən israrla onlara deyirəm: yeni terminlərin və 
						təlim texnologiyalarının tətbiqi heç də bütün köhnə 
						metodiki anlayışların, priyom və üsulların 
						sıxışdırılmasını şərtləndirmir. Təlim-tərbiyə işi canlı 
						prosesdir. İllərlə əlinə tabaşir alıb sinifdə tənlik 
						həll etmənin səmərəli və anlaşılan yolunu öyrətmiş 
						müəllim öz işinin ustası kimi indi də ondan nə tələb 
						olunduğunu dərk etməyə və tədrisə yeni meyarlarla 
						yanaşmağa çalışacaq. Məsələn, bütün dərslik 
						müəlliflərinin, təlimçilərin "induktiv" və "deduktiv" 
						dərs tipindən başqa dərs tipini qəbul etməmələrini 
						kurikulum tələbinə sadiqlik hesab etmirəm. 
						
						
						Təəssüf ki, bəzi ekspertlərin qeyri-obyektiv mövqeyi 
						üzündən dərslik müəllifi kimi müvəffəqiyyət əldə edə 
						bilmədik və növbəti illərdə dərsliklərin yazılmasında 
						iştirak etmək fikrindən vaz keçdik. Bu, yəqin ki,  ayrı 
						bir söhbətin mövzusudur... Amma milli dərsliklərin 
						yaradılması sahəsində də ciddi uğurlarımız, yaxşı 
						naşirlərimiz və hazırlıqlı müəllif qruplarımız 
						olduğundan bu məsələyə nikbin yanaşıram.       
						 
						
						
						Dərsliklərin qiymətləndirilməsi və monitorinqinə 
						yaradıcı yanaşmaya, obyektiv və tərəfsiz mövqeyə, fənn 
						kurikulumu və qiymətləndirmə standartları barədə kifayət 
						qədər biliyə malik olan, həm də hazırda məktəblərimizin 
						VI-XI siniflərində təlimin əsasını təşkil edən ənənəvi 
						təlim metod və texnologiyalarına dürüst qiymət verməyi 
						bacaran insanların cəlb olunması vacib şərtdir. 
						 
						
						
						Dərsliklərin hazırlanması məsələsində Azərbaycan 
						vətəndaşı kimi məni narahat edən bir məsələ də var ki, o 
						da təhsil ana dilimizdə olmayan məktəblər üçün 
						vəsaitlərin yaradılmasıdır. Xüsusən də son illər 
						məktəblərin rus bölmələrinə marağın artdığı bir zamanda 
						təhsil rus dilində olan Azərbaycan məktəblərinin tədris 
						vəsaitlərinin konsepsiyası və məzmunu diqqət mərkəzində 
						durmalıdır. Birincisi, bu dərsliklərdə 
						azərbaycanşünaslıq materialı qədərincə yer almalı, 
						ikincisi isə rus bölmələrində dərs deyən fənn 
						müəllimlərinin digər ölkələrdə nəşr olunmuş dərsliklərə 
						üstünlük verməsinin qarşısı alınmalıdır. Təəssüf  ki, 
						bugünkü şərait heç də arzuladığımız kimi deyil. Amma 
						niyyətin hara, mənzilin də ora, - deyiblər... 7, 8 və 
						11-ci siniflər üçün "Literatura" dərsliyinin və 
						proqramın müəlliflərindən biri kimi onu deyə bilərəm ki, 
						biz rus bölməsinin bu dərsliyini özümüzünküləşdirməyə və 
						dərsliklərimizi işlək tədris vəsaitinə çevirməyə 
						çalışmışıq...  
						
						
						"Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları 
						(kurikulumları)", "Azərbaycan Respublikasının ümumi 
						təhsil sistemində Qiymətləndirmə Konsepsiyası", 
						bunlardan da əvvəl ibtidai təhsil pilləsi üçün 
						təsdiqlənən sənədləri və reallaşan layihələri təhsil 
						islahatlarının məntiqi davamı kimi qiymətləndirməli və 
						bu sənədlərin müddəalarından irəli gələn tələb və 
						vəzifələr ətrafında xüsusi ajiotaj yaratmamalıyıq...
						 
						
						
						Kurikulumun orta məktəblərimizdə tətbiqini mütərəqqi 
						hadisə hesab edir və qazandığımız müvəffəqiyyətlərin 
						artmasına inanıram.  
						
						
						
						Telman CƏFƏROV, 
						filologiya elmləri doktoru, professor,  
						BSU Məktəb-lisey kompleksinin direktoru  |