| 
						 
						
						 Dekabrın 
						14-də T.İsmayılov adına "Uşaq Dünyası" rəsm 
						qalereyasında sağlamlıq imkanları məhdud olan uşaqlara 
						həsr olunmuş "Dünya bizim gözümüzlə" adlı tədbir 
						keçirildi. Tədbir Estetik Tərbiyə üzrə Respublika 
						Tədris-Metodik Mərkəzi tərəfindən təşkil edilmişdir. 
						Öncə iştirakçılar  sağlamlıq imkanları məhdud olan 
						uşaqların müxtəlif mövzu və texnikada işlənmiş təsviri 
						və dekorativ-tətbiqi sənət işlərindən ibarət sərgi ilə 
						tanış oldular. Tədbirdə Təhsil Nazirliyinin Tərbiyə və 
						məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa 
						İbrahimov, Estetik Tərbiyə üzrə Respublika 
						Tədris-Metodik Mərkəzin direktoru Səbinə Məmmədkərimova 
						və digər şəxslər iştirak edirdilər. Tədbirin 
						keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud olan 
						uşaqlar arasında istedadlı və qabiliyyətli şagirdləri 
						üzə çıxarmaqdan ibarət idi.  
						
						
						Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin Tərbiyə 
						və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri 
						Ağababa İbrahimov iştirakçıları təhsil naziri Misir 
						Mərdanovun adından salamlayaraq mərkəzin fəaliyyətindən 
						danışdı. Bildirildi ki, mərkəzin keçirdiyi bədii 
						tədbirlər sağlamlıq imkanları məhdud olan uşaqların 
						incəsənətə meylini daha da artırır, onlarda bədii zövqün 
						formalaşmasına yardım edir. Sağlamlıq imkanları məhdud 
						uşaqlara göstərilən dövlət qayğısından söz açan 
						A.İbrahimov bu sahədə ölkə Prezidenti İlham Əliyevin və 
						Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin 
						deputatı Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini 
						diqqətə çatdırdı. Belə tədbirlərin keçirilməsini 
						təqdirəlayiq hal kimi qiymətləndirən şöbə müdiri 
						mərkəzin əməkdaşlarının əlil uşaqlarla işləməsinin nəcib 
						bir iş olduğunu qeyd etdi. Bildirildi ki, sağlamlıq 
						imkanları məhdud uşaqlar digər uşaqlardan  
						fərqləndirilməməli və onlar özlərini cəmiyyətin 
						tamhüquqlu və yararlı vətəndaşları kimi hiss 
						etməlidirlər. 
						
						
						Tədbirdə çıxış edən ETRTMM-nin direktoru Səbinə 
						Məmmədkərimova qeyd etdi ki,  bir çox təhsil 
						müəssisələri ilə yanaşı, Estetik Tərbiyə üzrə 
						Tədris-Metodik Mərkəzi də öz işini əlil və xüsusi 
						qayğıya ehtiyacı olan uşaqlarla sıx əməkdaşlıq 
						prinsipləri üzərində qurur. Ölkə Prezidenti cənab İlham 
						Əliyevin əlillərə yüksək diqqət və qayğı göstərdiyini 
						bildirən S.Məmmədkərimova onların sosial rifahının 
						yaxşılaşdırılması istiqamətində görülən işlərdən 
						danışdı. Sağlamlıq imkanları məhdud  olan şagirdlərin 
						arasında xüsusi istedada malik olanların çox olduğunu və 
						onların bu potensialının inkişaf etdirilməsinin 
						vacibliyini bildirən mərkəzin direktoru belə tədbirlərin 
						həmin şagirdlərin həyatında xüsusi önəm daşıdığını qeyd 
						etdi. 
						
						
						Tədbirin bədii hissəsində 5 nömrəli gözdən əlil uşaqlar 
						üçün xüsusi internat məktəbinin şagirdləri Leysan 
						Rzayev, Rufan Camalov və Hökümə Zeynalovanın ifasında 
						dahi Nizami Gəncəvinin "Kərpickəsən  kişinin dastanı" 
						əsərindən səhnəcik göstərildi.  Şeirlər söylənildi, 
						musiqi nömrələri ifa edildi.    
						
						
						Sonda 3 nömrəli sağlamlıq imkanları məhdud uşaqlar üçün 
						xüsusi internat məktəbinin şagirdləri Ceyla Məmmədova, 
						Zümrüd Nəzirova, Nərmin Hümbətzadə mərkəzin fəxri 
						fərmanı ilə təltif edildilər. Tədbirdə iştirak edən 
						bütün şagirdlərə hədiyyələr  verildi. Xatirə şəkli 
						çəkdirildi.  
						
						
						
						Niyazi RƏHİMOV  |