| 
						 
						
						Ölkəmizdə müəllimlərin İKT biliklərinin artırılması 
						sahəsində mühüm işlər görülməkdədir. Bu vəzifələri 
						layiqincə yerinə yetirmək üçün hər bir müəllim  öz 
						üzərində çalışmalı, dərs prosesində yaradıcı olmalıdır. 
						O, ilk növbədə təlimin yeni texnologiyalarını bilməli, 
						yeni proqram və dərsliklərin, fənn kurikulumlarının 
						xüsusiyyətlərindən xəbərdar olmalıdır.  Yeni təlim 
						metodlarından istifadə zamanı müəllim şagirdin müstəqil 
						düşünmə qabiliyyətinin inkişafına şərait yaratmalıdır.  
						Dərsdə isə  motivasiyanın yaranmasına xüsusilə çox 
						diqqət yetirməlidir ki, dərs şagirdlər üçün maraqlı 
						keçsin. Belə olanda uşaqlar onlara verilən tapşırıqları  
						həvəslə  yerinə  yetirirlər. 
						
						
						Rollu oyunlar zamanı  şagirdlərim bir-birləri ilə 
						ünsiyyət yaradır, onlar  qarşı tərəfləri daha yaxşı başa 
						düşür, çalışırlar ki, müstəqil mühakimə aparıb öz 
						mülahizələrini söyləməklə bərabər  bilmədiklərini də 
						soruşub, öyrənsinlər, birincilik qazansınlar. Şübhəsiz,  
						bu oyunlar, ilk növbədə, balacaların şifahi nitqlərini 
						inkişaf etdirir.  Mən tədris prosesində  əqli hücum, 
						müqayisə, diskussiya və sair üsullardan da yetərincə 
						istifadə edirəm. Dərsin ilk mərhələsində motivasiyaya 
						üstünlük verirəm. Qavrama qabiliyyətlərini nəzərə 
						alaraq  dərs prosesində  hər bir şagirdə fərdi 
						yanaşıram, onların psixologiyasına uyğun rollar  
						verirəm. Bəzən ana dili dərslərində ayrı-ayrılıqda hər 
						uşağa nağıl verirəm. Onlar  özlərini nağıl 
						personajlarına oxşatmaqla, mətndəki obrazları yaşatmağa 
						çalışırlar. Növbəti dərs zamanı  "Ana dilini nə üçün 
						öyrənirik" mövzusu ətrafında sual-cavab aparıram. 
						Uşaqlar ana, vətən, torpaq haqqında şeirlər, nağıllar,  
						tapmacalar söyləyirlər. Hərfləri  öyrədərkən belə bir 
						tədqiqat aparıram,  misal üçün,  "P"  səsinin və 
						hərfinin hansı xüsusiyyətləri var? Və yaxud  fonetik 
						təhlil zamanı slaydlarla verilmiş sözlərə əsasən suallar 
						verirəm; sait səs nəyə deyilir? Samit səslərin neçə növü 
						var? Heca nəyə deyilir? Hecaların oxunuşu, sözlərin 
						oxunuşu və sair.  
						
						
						Qruplarla iş  zamanı  şagirdləri 6 qrupa bölüb şəkillərə 
						əsasən meyvələrin adını tapmaq, şirəli və quru meyvələri 
						ayırd etmək  və hər hansı bir  meyvə haqqında bildiyi 
						şeiri söyləməyi tapşırıram. 
						
						
						Dərs başa çatdıqdan sonra  meyar cədvəlinə  uyğun olaraq 
						qiymətləndirmə aparıram.   
						
						
						
						Məlahət DİLBAZOV, 
						Bakıdakı 83 nömrəli məktəb-liseyin ibtidai sinif 
						müəllimi  |