| 
						 
						
						
						Azərbaycan Təhsil Şurasının mətbu orqanı "Təhsil və 
						zaman" qəzetinin 10 yaşı tamam oldu. Bu müddət ərzində 
						qəzet təhsil sisteminin müxtəlif sahələrinə, təlim 
						prosesinin təşkili və həyata keçirilməsinə, tərbiyəvi 
						işlərin keyfiyyətinin artırılmasına, təhsili idarəetmə 
						və digər məsələlərə aid onlarla məqalə dərc etmişdir. 
						Bunlar qəzetin fəaliyyətində əsas məqsəd olsa da 
						redaksiya oxunaqlılığı təmin etmək üçün müxtəlif 
						rubrikalardan istifadə etmişdir.  
						
						
						Bu rubrikalar sırasında qabaqcıl təcrübənin ünvanı, 
						bölgələrdən soraqlar, təlim keyfiyyətinin yüksəldilməsi, 
						İKT-dən istifadə məsələləri, tərbiyəvi tədbirlərin gücü, 
						təcrübə mübadiləsi, xaricdə təhsil təcrübəsi, 
						orta-ixtisas məktəblərində, ümumtəhsil məktəbinin 
						problemləri, ali məktəbdə kredit sistemi, 
						qiymətləndirmədə yeni modellər, istedad sorağında, 
						valideynlər - sizin üçün, tələbə tribunası, elmi-praktik 
						konfranslarda, ziyalı ünsiyyəti, maarif xadimlərinin 
						həyatından örnəklər, təhsildə yeniliklər, sağlamlıq, 
						bunları bilmək maraqlıdır, aqillər demişlər, hüquq 
						məsləhəti, kitablar və rəylər, təbrik, dərs nümunələri, 
						Təhsil Şurasında, gülməcələr, proza və poeziya, 
						bölgələrdən soraqlar, redaksiyaya məktub gəlir, elanlar 
						və digərləri ötən illər ərzində dəfələrlə qəzetin 
						səhifələrində görünmüşdür.  
						
						
						"Körpü" adı ilə nəşrə başlayan qəzet 2 ildən sonra 
						"Təhsil və zaman" - "Təhsilin bugünündən sabahına körpü" 
						adını daşımağa başlamışdır. Qeyd etməliyəm ki, qəzet ilk 
						nömrəsindən oxucuların diqqətini cəlb etmiş, oxucu 
						auditoriyası yarada bilmişdir. Hər nömrəsi 2000 tirajla 
						nəşr olunan qəzet yalnız abunə yolu ilə yayılır. 
						Fərəhləndirici haldır ki, təhsil sistemində çalışan 
						yüksək ixtisaslı müəllim və təhsil işçiləri qəzetin 
						daimi abunəçiləridirlər. Müxtəlif mövzularda və müxtəlif 
						fənlərdən verilən dərs nümunələri kütləvi hal almışdır. 
						Oxucuların arzusunu nəzərə alaraq, həm müəlliflərin 
						coğrafiyası genişlənmiş, həm də müxtəlif fənlər üzrə 
						dərs mövzuları artırılmışdır. Redaksiya ən yaxşı 
						müəllimlərin iştirakına xüsusi diqqət yetirir. 
						Əməkdaşlar məktəblərdə olur, dərsləri dinləyir, 
						müzakirələrdə iştirak edir, örnək olan dərs 
						nümunələrinin mətbuata çıxarılmasına çalışırlar. Əgər 
						bir tərəfdə müəllimlərin qəzetdə çıxışları səyi durursa, 
						digər tərəfdə redaksiyanın təşkil və təşviq mövqeyi 
						təsirli amil rolunu oynayır.  
						
						
						Redaksiya təhsil sahəsindəki müasir aktuallığı nəzərə 
						aldığı qədər də tarixiliyi və varisliyi önə çəkir. Bu 
						silsilədən akademik Mehdi Mehdizadə, uzun müddət maarif 
						nazirinin müavini işləmiş Rəfiqə Hüseynova, region 
						təhsil quruculuğunda önəmli rol oynamış ziyalılardan 
						Əhməd Veysov, xalq müəllimi Zahid Şöyübov, məşhur məktəb 
						direktoru, əməkdar müəllim Sona Tağıyeva və digər maarif 
						fədailəri haqqında çap olunmuş materiallar oxucular 
						arasında böyük rəğbətlə qarşılanmışdır. Eləcə də, 
						"Ziyalı ünsiyyəti" rubrikasında xalq şairi Nəriman 
						Həsənzadə, xalq artisti Fuad Poladov, istedadlı 
						tədqiqatçı və publisist Azər Turan, əməkdar müəllim, 
						şair, tədqiqatçı, tanınmış ziyalı Mirhaşım Talışlı, 
						ədəbiyyatşünas alim, professor İmamverdi Əbilov, Türkiyə 
						ali məktəblərində çalışan məşhur rejissor-sənətşünas, 
						professor-doktor Əflatun Nemətzadə ilə müsahibələr 
						xüsusi maraq doğurmuş, bu rubrikanın ardıcıl davam 
						etdirilməsi arzusu bildirilmişdir.  
						
						
						Qeyd etməliyəm ki, qəzetin daimi müəlliflərindən olan 
						filologiya elmləri namizədi Nəcəf Nəcəfov, tanınmış 
						jurnalist Böyükağa Mikayıllı, Gəncə bölgəsi müxbiri, 
						Kəlbəcər Rayon Təhsil Şöbəsinin metodisti Musa Əziz, 
						şair və təhsil xadimi Əvəz Mahmud Lələdağ və digər 
						qabaqcıl müəllimlər öz maraqlı, məzmunlu, öyrədici 
						məqalələri ilə qəzetin yayımının genişlənməsinə kömək 
						edirlər.  
						
						
						Redaksiya ayrı-ayrı bölgələrdən elektron poçt vasitəsi 
						ilə aldığı məqalə və informasiyalara da geniş yer 
						ayırır. Bu baxımdan Naxçıvan Muxtar Respublikasındakı 
						ali məktəblərin mətbuat mərkəzlərinin işini xüsusi qeyd 
						etmək lazımdır.   
						
						
						Təhsil Şurasının həyata keçirdiyi tədbirlər qəzetdə 
						geniş şəkildə öz əksini tapır. Şuranın "Yeni Azərbaycan 
						naminə" hərəkata qoşulmaqla əlaqədar Heydər Əliyev 
						sarayında, "Boloniya prosesi Azərbaycan kontekstində" 
						mövzusunda Təhsil Nazirliyinin böyük akt zalında 
						keçirdiyi elmi-praktik konfrans və digər yeniləşən 
						cəmiyyətdə yeni pedaqoji ideyaları formalaşdıran 
						tədbirlər yalnız "Təhsil və zaman" qəzetində deyil, 
						respublika mətbuatı və KİV-də də yer tutmuşdur.    
						 
						
						
						Təhsil Şurası və redaksiyanın xətti ilə Balakən, 
						Beyləqan, Şəki və digər regionlarda müəllimlərlə "Təhsil 
						və zaman: yeniliklər, problemlər" mövzusunda keçirilən 
						"dəyirmi masa" müzakirələrində irəli sürülən təkliflər 
						qəzet vasitəsi ilə yayılmışdır. O cümlədən İKT-dən 
						istifadənin müsbət və qüsurlu cəhətləri ilə əlaqədar 
						professor Əmrulla Paşayev, dosent Elxan Bəylərovla 
						birlikdə aparılan müzakirə bir sıra aktual məsələlərin 
						aşkarlanmasına imkan vermişdir. Pedaqogikanın aktual 
						problemlərinə aid professor Ağahüseyn Həsənovla aparılan 
						müsahibədə bir sıra elmi məsələlərə yeni yanaşmalardan 
						danışılmış və bunlar qəzetdə elmi-pedaqoj ictimaiyyətə 
						çatdırılmışdır.  
						
						
						Qəzet ayrı-ayrı fənlər üzrə keçirilən müzakirələrə də 
						geniş yer ayırmışdır. O cümlədən Bakıdakı 20 nömrəli 
						məktəb-liseydə musiqi müəllimlərinin, musiqişünasların, 
						bəstəkarların, təhsil işçilərinin iştirakı ilə 
						"Ümumtəhsil məktəbində musiqi fənninin tədrisinin real 
						vəziyyəti və onun təkmilləşdirilməsi yolları"na, Milli 
						Konservatoriya nəzdindəki Musiqi Kollecində musiqi 
						müəllimlərinin hazırlanması probleminə həsr edilən 
						konfranslarda bu sahədə çatışmazlıqların olduğu, onların 
						aradan qaldırılması yolları müəyyənləşdirilmiş, 
						təkliflər irəli sürülmüşdür. Musiqi Kollecində keçirilən 
						konfransda Mədəniyyət Nazirliyinin, Təhsil Nazirliyinin 
						aparıcı mütəxəssisləri, orta-ixtisas musiqi məktəbi 
						direktorları, Milli Konservatoriyanın rektoru, 
						bəstəkarlar öz çıxışlarında həm görülmüş işlərdən, həm 
						də qarşıda dayanan məsələlərdən bəhs etmişlər. Bütün 
						bunlar "Təhsil və zaman" qəzetində ayrıca səhifələrdə öz 
						əksini tapmışdır.  
						
						
						Orta ümumtəhsil məktəblərində həyata keçirilən yeni 
						idarəetmə problemləri də Təhsil Şurası tərəfindən 
						öyrənilir və qəzetdə yer tutur. Bu baxımdan Bakıdakı 177 
						nömrəli məktəbin (direktoru Həqiqə Məmmədova) yenilikçi 
						iş təcrübəsi böyük maraq doğurmuşdur.     
						
						
						Təhsil Şurasının ibtidai sinif şagirdlərinin 
						valideynləri üçün təşkil etdiyi pedaqoji-psixoloji 
						məsləhətlər İsmayıllı və Şamaxı rayonlarında, Bakıdakı 
						271 və 314 nömrəli məktəblərdə layihə olaraq həyata 
						keçirilmiş, bütün proses qəzetdə öz əksini tapmış, əlavə 
						olaraq redaksiya tərəfindən 2 kitabça hazırlanmışdır.
						 
						
						
						Qəzetdə ulu öndər Heydər Əliyev irsinin təbliği, ölkə 
						Prezidenti İlham Əliyevin təhsil quruculuğu sahəsindəki 
						önəmli fəaliyyəti, Heydər Əliyev Fondunun prezidenti 
						Mehriban xanım Əliyevanın uşaqlara qayğısı, gənclərdə 
						musiqi-estetik zövqün formalaşdırılması sahəsində 
						gördüyü işlərə aid ardıcıl təqdim edilən məqalələr 
						müəllim-oxucular tərəfindən tədrisdə və tərbiyəvi 
						tədbirlərdə vəsait kimi istifadə edilir.     
						
						
						Redaksiyanın fəaliyyəti geniş istiqamətli və olduqca 
						zəngindir. Kiçik bir məqalədə bütün bunlar haqqında 
						danışmaq qeyri-mümkündür. "Təhsil və zaman"ın 10 illik 
						sayları ilə tanış olan hər kəs qəzetin yüksək 
						jurnalistik və pedaqoji tələblər səviyyəsində nəşr 
						olunduğu qənaətini hasil edə bilər. Qəzetin məzmun 
						zənginliyinin və forma rəngarəngliyinin təmin 
						edilməsində onun redaktoru, tanınmış jurnalist Böyükağa 
						Mikayıllının əməyi böyükdür.   
						
						
						"Təhsil və zaman"ın 10 illiyi münasibəti ilə onun bütün 
						oxucularını, müəlliflərini, redaksiya heyətini təbrik 
						edir, inkişaf edən ölkəmizdə həmişə layiqli yer 
						tutmasını arzu edirəm.  
						
						
						
						Əjdər AĞAYEV, 
						"Təhsil və zaman" qəzetinin baş redaktoru 
						
						
						   |