| 
						 
						
						Bakıdakı 265 nömrəli məktəbdə Milli Məclisin deputatı, 
						yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkilmiş "Dolu" 
						filminə baxış keçirilmişdir. Tədbirdə Milli Məclisin 
						deputatları, yazıçı Aqil Abbas, filmin yaradıcı heyəti, 
						yazıçı, YAP Xətai rayon təşkilatının sədri  Hüseynbala 
						Mirələmov,  Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi 
						Tofiq Məmmədov, Bakı Şəhəri üzrə  Təhsil İdarəsinin 
						nümayəndəsi Fəttah Quliyev və digər qonaqlar iştirak 
						etmişdir.  
						
						
						Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yeganə 
						Qurbanova  Qarabağ torpaqları uğrunda gedən döyüşlərə 
						həsr edilmiş belə filmlərin şagirdlərimizin milli ruhda 
						böyüməsində, onlarda vətənpərvərlik hissinin daha da 
						güclənib inkişaf etməsində böyük rol oynadığını qeyd 
						etmişdir. Bildirilmişdir ki, Qarabağ müharibəsi bizim 
						hələ də qanayan yaramız olaraq qalır və bu problemin 
						həllində  hər birimizin üzərinə böyük məsuliyyət düşür. 
						Biz arzu edirik ki, hər bir azərbaycanlının ağrılı yeri 
						olan  Qarabağ problemi sülhsevər Prezidentimizin 
						rəhbərliyi altında  tezliklə öz həllini  tapsın və 
						qələbəmizlə yekunlaşan Qarabağ müharibəsi haqqında 
						məlumatları tarixdən, dərsliklərdən şagirdlərimizə qürur 
						hissi ilə çatdıraq. 
						
						
						Yazıçı Aqil Abbas pedaqoji kollektivi, valideynləri, 
						qonaqları salamlayaraq məktəbin hər bir şagirdin  
						vətənpərvər şəxsiyyət kimi formalaşmasında böyük rol 
						oynadığını vurğuladı. Aqil müəllim tədbirə qatıldıqları 
						üçün qonaqlara, xüsusilə öz həmkarı, Milli Məclisin 
						deputatı Hüseynbala Mirələmova təşəkkürünü bildirdi.
						 
						
						
						Tədbir iştirakçıları filmi böyük maraqla, həyəcanla  
						izlədilər. Hətta bəzi epizodlarda şagirdlər və 
						müəllimlər göz yaşlarını saxlaya bilmədilər.  
						
						
						Filmin  nümayişindən sonra yazıçı Hüseynbala Mirələmov  
						bu gözəl əsərə  görə Aqil Abbasa dərin təşəkkürünü 
						bildirdi, yeni yaradıcılıq uğurları arzuladı. Eyni 
						zamanda filmin yaradıcı heyətinə bu filmlə zamanın 
						nəbzini tutduqlarını söylədi. Hüseynbala Mirələmov bu 
						filmdə baş rolda çəkilən Məmmədsəfanın  yaratdığı 
						komandir obrazının öhdəsindən müvəffəqiyyətlə gəldiyini, 
						bu obrazın insanda mübarizlik və döyüşkənlik ruhunu daha 
						da gücləndirdiyini, gələcək nəsli torpaqlarımızı 
						tezliklə azad etməyə səslədiyini bildirdi. Vurğuladı 
						ki,  "Dolu"   müharibə mövzusunda çəkilən ən yaxşı 
						filmlərdən biri kimi tarixdə qalacaq.    
						
						
						
						Şakir CƏFƏROV  |