| 
						 
						
						Fizika təbiət haqqında elmdir. Digər təbiət elmlərindən 
						fərqli olaraq fizika təbiətin bir sahəsini deyil,  bütün 
						sahələrini öyrənir. Buna görə də fizikanı təcrübəsiz, 
						müşahidəsiz öyrənmək çətindir. Dərs zamanı bütün 
						təcrübələri laboratoriyada və ya kabinetdə aparmaq 
						imkanı olmadıqda müəyyən təcrübələri İnternet vasitəsi 
						ilə nümayiş etdirmək olar. Bunun üçün axtarış aparıb 
						müvafiq saytlardan belə təcrübələri tapmaq olar. 
						Ümumiyyətlə, bu gün fizikanın tədrisində İKT-dən 
						istifadənin böyük rolu vardır. Müasir dövrdə kompüterlə 
						çox şeyi öyrənmək olar. Ev tapşırığı olaraq şagirdlərə 
						qruplar şəklində müəyyən məsələləri araşdırıb məlumat 
						toplamağı  tövsiyə etmək olar. Bu tapşırıqları şagirdlər 
						İnternet vasitəsilə yerinə yetirə və qrup şəklində həmin 
						mövzuya uyğun slaydlar hazırlaya bilər. Növbəti dərsdə 
						şagird həmin slaydları təqdim edərək əldə etdiyi 
						materialı müzakirəyə verə bilər. Bu cür axtarışlar 
						şagirdləri fəallaşdırır, onların fənnə marağını artırır, 
						yaradıcı təfəkkürünü inkişaf etdirir. Buna görə də  mən 
						dərslərimdə İKT-dən geniş istifadə edirəm. VIII sinifdə 
						"Enerjinin növləri", "Rəqslər və dalğalar" bölmələrində, 
						IX sinifdə "Elektrik və maqnit sahələrinin qarşılıqlı 
						müqayisəsi", "Atomun quruluşu" və s. mövzuların 
						tədrisində İKT-nin tətbiqi xüsusilə zəruridir. Mən bu 
						mövzuları MİMİO proqramında yığdığım slaydlar əsasında 
						keçirəm. Daha sonra müəyyən təcrübələri əyani şəkildə 
						aparmaq mümkün olmadıqda multimedia dərsliyində video 
						şəklində olan təcrübələrdən istifadə edirəm.  
						
						
						Mənim fikrimcə, müəllimin şablon şəkildə şagirdlərə 
						verdiyi məlumatdansa, şagirdlərin özlərinin axtarışlar 
						yolu ilə hər hansı bir məlumatı əldə etmələri daha 
						yaxşıdır. Bu zaman əldə olunmuş biliklər onların 
						yadından çıxmır. Təkcə slaydlardan deyil, həmçinin 
						Təhsil Nazirliyi tərəfindən məktəblərə verilən 
						multimedia dərsliklərindən də geniş istifadə etmək 
						mümkündür. Bu dərsliklərdə mövzulara üyğun təcrübələrin 
						video şəklində izahı, mövzulara aid testlərin olması çox 
						əhəmiyyətlidir və müəllimin işini xeyli 
						yüngülləşdirir.   Digər tərəfdən, müəllimin şablon 
						şəkildə icmal yazması onun öz üzərində işləməsinə mane 
						olur. Müəllim kompüterdən istifadə edərək keçəcəyi 
						mövzunu əvvəlcədən slaydlar şəklində hazırlasa, daha 
						yaxşı olar. Bu zaman müəllim öz üzərində daha çox 
						işləyər və  hər gün daha yeni məlumatlar əldə edər. 
						Müasir məktəb müəllimdən bunu tələb edir. Həmçinin 
						fizika dərsində müxtəlif proqramlarda hazırlanan 
						mövzular şagirdlər tərəfindən daha  yaxşı qavranılır. 
						Ümumiyyətlə, son illər təcrübəmdən bu qənaətə gəlmişəm 
						ki, tədrisdə İKT-dən istifadə müəllim və şagirdləri 
						əzbərləyici xarakter daşıyan, onları  passivləşdirən 
						dərslərdən uzaqlaşdırır.  Müasir dövrdə İKT-dən istifadə 
						imkanları  sürətlə artır. Ona görə də müəllim daim 
						çalışmalı və bu imkanlardan istifadə etməyə səy 
						göstərməlidir.  
						
						
						
						Könül SADIQOVA, 
						Bakıdakı R.Abidov adına 85 nömrəli  
						tam orta məktəbin fizika müəllimi    |