| 
						 
						
						Dekabrın 18-də Bakı şəhər bağça-məktəb-lisey 
						kompleksində "Məktəb uşağın dostudur" layihəsi 
						çərçivəsində "Kurikulumun tətbiqi vəziyyəti" ilə bağlı 
						"açıq dərs"lər keçirildi. Dərslər yeni fənn 
						kurikulumlarının tətbiq olunduğu ibtidai və beşinci 
						siniflər olmaqla təhsil müəssisəsinin 14 sinfində təşkil 
						edilmişdi.  Tədbirdə Təhsil Nazirliyinin Monitorinq və 
						qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva, Təhsil 
						Problemləri İnstitutunun Kurikulum Mərkəzinin direktoru 
						Ənvər Abbasov, Azərbaycan Valideyn-Müəllim Assosiasiyası 
						İctimai Birliyinin icraçı direktoru Təranə Şərifova, 
						Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Hüseyn 
						Əsgərov, BSTİ-nin Metodik Mərkəzinin direktoru Vahid 
						Qurbanov, mərkəzin əməkdaşları, məktəb direktorları, 
						ayrı-ayrı məktəblərin ibtidai sinif və fənn müəllimləri, 
						valideynlər və başqaları iştirak edirdilər. Təhsil 
						ocağının direktoru Qafar Hüseynov qonaqları qarşılayaraq 
						onları burada görməsindən məmnun olduğunu bildirdi və 
						"açıq dərs"ləri dinləmək üçün sinif otaqlarına dəvət 
						etdi.  Qonaqlar və məktəbin müəllimləri öz arzularına 
						uyğun iştirak etmək istədikləri sinifləri seçdikdən 
						sonra zəng çalındı və dərslər başlandı. Biz riyaziyyat 
						müəllimi Faiq Əliyevin V c sinfində keçdiyi "açıq 
						dərs"də iştirak etdik. 
						
						
						Dərsin mövzusu "Onluq kəsrlər" idi. Dərsdə fəal təlimin 
						böyük və kiçik qruplarla iş formasından, BİBÖ, beyin 
						həmləsi, müzakirə, müqayisə, işgüzar səs-küy 
						üsullarından, müxtəlif resurslardan - onluq və adi kəsr 
						kartları, kəsrlərə uyğun modellər, mərtəbə vahidləri 
						kartları və işçi vərəqlərdən istifadə olundu, Azərbaycan 
						dili və informatika fənləri ilə inteqrasiya yaradıldı. 
						Qiymətləndirmə vasitəsi kimi çalışmalardan istifadə 
						olundu tapşırıqvermə üsulu ilə qiymətləndirmə aparıldı. 
						
						
						Dərsdə qarşıya qoyulmuş məqsədə (şagirdlərin məxrəcləri 
						10, 100 və s. olan adi kəsrləri onluq kəsr şəklində, 
						onluq kəsrləri ekvivalent formalarda (standart şəkildə, 
						mərtəbə qiymətlərinin cəmi ilə, sözlə və s.) yazmağı, bu 
						kəsrləri şəbəkə üzərində modelləşdirməyi bacarmaları) 
						nail olundu. 
						
						
						Müəllim dərsə başlamazdan əvvəl lövhədə BİBÖ cədvəli 
						çəkdi (biz artıq nəyi bilirik, biz nəyi bilmək 
						istəyirik, biz nə öyrəndik və hələ nə öyrənməliyik). 
						"Açıq dərs" V c sinfinin kiçik qruplar şəklində 4 
						komandaya ayrılmış şagirdlərinin qonaqları salamlaması 
						ilə başladı. Dərsin birinci - motivasiya mərhələsində 
						müəllim problemin qoyulması məqsədilə şagirdlərə 
						"Kəsrlər haqqında nələri bilirsiniz?" sualı ilə müraciət 
						etdi. Şagirdlərin verdiyi cavablar "Bildiklərimiz" 
						qrafasında yazıldı. 
						
						
						Cədvəlin orta qrafasını doldurmaq üçün növbəti sual 
						verildi: "Kəsrlər haqqında daha nələri bilmək 
						istərdiniz?". Fikir mübadiləsindən sonra aydın oldu ki, 
						şagirdlər vergülün köməyilə yazılan kəsrlər haqqında 
						bilmək istəyirlər. Bununla da dərsin mövzusu elan 
						edildi. "Öyrəndiklərimiz" qrafasını doldurmaq üçün 
						müəllim sinifdə frontal sorğu apardı və cavablar 
						cədvəldə qeyd olundu. 
						
						
						Beləliklə, dərsin tədqiqat sualı yarandı: "Məxrəci 10, 
						100, 1000 və s. olan kəsrləri hansı formalarda yazmaq 
						olar?". 
						
						
						Tədqiqatın aparılması mərhələsində hər qrupa işçi 
						vərəqləri paylandı və şagirdlər 12 dəqiqə ərzində 
						verilən tapşırıqları yerinə yetirməyə başladılar. 
						Məlumat mübadiləsi mərhələsində liderlərin təqdimatları 
						lövhədən asıldı. Bu təqdimatlardakı əsas faktlar və 
						ideyalar xüsusi diqqətə çatdırılaraq qeyd edildi. 
						
						
						Növbəti mərhələdə təqdimatların nəticələrini müzakirə 
						etmək üçün şagirdlərə Blum taksonomiyası üzrə qurulmuş 
						suallarla müraciət olundu. 
						
						
						Nəticə və ümumiləşdirmə mərhələsində müəllim diqqəti 
						tədqiqat sualına yönəldərək şagirdlərin cavablarını 
						ümumiləşdirdi və alınan nəticəyə aid hazır nümunələr 
						lövhədə yazıldı. Yaradıcı tətbiqetmə mərhələsində 
						beşincilərə işçi vərəqləri paylandı. Şagirdlərin 
						tapşırıqları yerinə yetirmə səviyyəsi və dərsdəki 
						fəaliyyətlərinə görə cədvəldə verilmiş meyarlara əsasən 
						(tədqiqat, təqdimat, tətbiqetmə, əməkdaşlıq, dinləmə 
						mədəniyyəti, yekun) formativ qiymətlənləndirmə aparıldı. 
						Dərsin sonunda ev tapşırığı verildi.  
						
						
						"Açıq dərs"lər başa çatdıqdan sonra geniş müzakirə 
						aparıldı. Müəllimlərə yeni fənn kurikulumlarının 
						tətbiqi, xüsusilə formativ qiymətləndirmənin aparılması 
						ilə bağlı zəruri məsləhət və tövsiyələr verildi. 
						Çıxışlarda tarix müəllimi Aynur Qurbanovanın V sinifdə 
						"Gülüstan qalası, yoxsa Azərbaycan" mövzusunda dərsi 
						yüksək səviyyədə keçdiyi xüsusi qeyd olundu.  
						
						
						
						Hicran ƏKBƏROVA  |