| 
						 
						
						 Elə 
						insanlar var ki, əli qələm tutandan yazıb yaratmaq eşqi 
						ilə çalışır, yaradıcılıq yolunda rast gəldiyi 
						çətinlikləri aradan qaldırmaq naminə bədii təfəkkür 
						enerjisini fəaliyyət enerjisinə çevirə bilir. Bax bu 
						səyin, zəhmətin nəticəsində yaradıcılığın ilk anlarından 
						tanınır, rəğbətlə qarşılanır, böyük nüfuz sahibi olur. 
						Pedaqoji elmlər  doktoru, professor, Azərbaycan 
						Respublikasının əməkdar müəllimi, Pedaqoji və Sosial 
						Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Gənclər 
						İttifaqı mükafatı və akademik M.Mehdizadə mükafatı 
						laureatı, respublika Təhsil Problemləri İnstitutunun 
						şöbə müdiri Vidadi Cəmil oğlu Xəlilov da qadir Allahın 
						xalqımıza bəxş etdiyi belə qənimət insanlardandır. 
						Anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 
						illiyinin tamam olduğu bu günlərdə həmkarımızın, 
						məsləhətdaşımızın mənalı ömrünün ötən anlarına nəzər 
						saldıq. 
						
						  
						
						
						O, keçən əsrdə, hələ də yaddaşlardan silinməyən Böyük 
						Vətən  müharibəsinin ən ağır, qanlı-qadalı günlərinin 
						birində -25 dekabr 1942-ci ildə Cəbrayıl rayonunun 
						Çərəkən kəndində dünyaya gəlib. Atası Cəmil kişi ilk 
						övladının dünyaya gəlməsi xəbərini döyüş yollarında 
						eşidib. Bu xəbər cəbhə dostlarını da sevindirib. Çətin 
						döyüşlərin birində Cəmil kişi ağır yaralandığı üçün 
						doğma yurda, arxa cəbhəyə göndərilib. 
						
						
						Atalı-analı böyüyən uşaq dil açandan musiqiyə, 
						ədəbiyyata olan böyük marağı ilə tanınıb. Deyirlər 
						eşitdiyi xalq mahnılarını, muğam avazlarını olduğu kimi 
						təkrarlayırmış. Bədii qiraətlə şeir demək qabiliyyəti 
						ilə də  seçilirmiş. Hələ o zaman həm kənd, həm də rayon 
						üzrə keçirilən mədəni kütləvi tədbirlərdə aparıcı, bədii 
						qiraətçi, habelə Cəbrayılda çap olunan "Lenin bayrağı" 
						rayon qəzetinin fəal müxbiri kimi tanınmış, qəzetdə 
						kəndin, rayonun mədəni tərəqqisi naminə müxtəlif səpgili 
						yazılarla da  çıxış edirmiş. 
						
						
						1956-cı ilin iyun ayında Bakıda Azərbaycan gənclərinin 
						"Əmək və xoşbəxtlik" devizi ilə keçirilən respublika 
						festivalında iştirak etməsi də həmin fəaliyyətin 
						nəticəsi idi. Festivalda o, dahi Səməd Vurğunun "Səadət 
						nəğməsi" şeirini söyləyir. Fəxri  fərmanla və festivalın 
						xatirə hədiyyəsi ilə  mükafatlandırılır. O vaxt 14  yaşı 
						hələ tamam olmamışdı. Ancaq təhsil aldığı məktəblərdə - 
						Çərəkən kənd 7 illik və Cəbrayıl şəhər orta məktəbində 
						sevimli müəllimlərinin, yaşıdlarının dərin rəğbətini 
						qazanmışdı. 
						
						
						1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna 
						daxil olandan sonra yeni bir aləmə, yaradıcılıq mühitinə 
						düşdü. Pedaqogika və ibtidai təhsil metodikası 
						fakültəsinin müəllim heyətinin üzvləri onun təlim 
						uğurlarını və yaradıcılıq qabiliyyətini yüksək 
						dəyərləndirdilər. Fakültə dekanı, dosent İsfəndiyar 
						Vəlixanlı,  kafedra müdiri, professor Mərdan Muradxanov 
						onu  fəal ictimaiyyətçi tələbə kimi qiymətləndirir, necə 
						deyərlər, yoluna yaşıl işıq tuturlar. Məhz bu cür 
						diqqət, qayğı və  tələbkarlığın nəticəsi idi ki, o, 
						artıq ikinci kursda oxuyarkən nəinki  fakültədə, eyni  
						zamanda institutda sayılıb-seçilən tələbə kimi  
						tanınırdı. 
						
						
						İnstitut Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvü, 
						Mədəni-Kütləvi İşlər Komissiyasının sədri, "Tələbə" 
						radio jurnalının redaktoru kimi çoxsahəli iş aparır, 
						tələbələrin bədii-estetik fəaliyyətinin hər vasitə ilə 
						genişlənməsinə nail olurdu. Onun bu qabiliyyətləri Bakı 
						məktəblərində pedaqoji təcrübədə olarkən də nəzərə 
						çarpırdı. Təsadüfi deyildir ki, 1963-cü ildə dördüncü 
						kursda o zaman APİ-nin baza məktəbi sayılan 7 nömrəli 
						orta ümumtəhsil məktəbində staj təcrübəsində olarkən 
						pedaqoji kollektivin xahişi ilə onu həmin məktəbdə 
						musiqi müəllimi və məktəb bədii özfəaliyyət 
						kollektivinin rəhbəri vəzifəsinə təyin edirlər. 1966-cı 
						ilin fevral ayında isə paralel olaraq fəaliyyətini 
						 H.Cavid adına 132 nömrəli orta məktəbdə də davam 
						etdirir. Həmin məktəblərin bədii  kollektivlərinin, 
						xüsusilə xalq çalğı alətləri ansambllarının respublika 
						olimpiadalarında,  festivallarda, habelə radio və 
						televiziya verilişlərindəki uğurlu çıxışları 
						mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. 
						
						
						Yeniyetmə məktəblilərin bədii-estetik  tərbiyəsi 
						sahəsində qazandığı uğurlar "Azərbaycan müəllimi", 
						"Bakı" qəzetlərinin səhifələrində müntəzəm  
						işıqlandırılırdı. Həmin illərdə ali təhsil aldığı 
						institutun tədbirlərində də  fəal iştirak edirdi. 
						Qayğıkeş, unudulmaz müəllimlərinin - professor Mərdan 
						Muradxanovun, dosent İsfəndiyar Vəlixanlının tövsiyəsi 
						ilə  zəngin təcrübə zəminində  elm yolunun  cığırı ilə  
						irəliləməyə başladı. 1968-ci ildə Azərbaycan Dövlət 
						Elmi-Tədqiqat Pedaqogika İnstitutunun əyani 
						aspiranturasına daxil oldu. "İbtidai siniflərdə 
						Azərbaycan xalq yaradıcılığı nümunələrinin öyrədilməsi 
						estetik tərbiyə vasitəsi kimi (musiqi və ədəbi folklor 
						nümunələri əsasında)" mövzusunda namizədlik 
						dissertasiyası üzərində işləməyə başladı. Şifahi ənənəli 
						musiqi nümunələrinin, eləcə də muğamların və  muğamlarla 
						bağlı musiqi nümunələrinin  şagirdlərin estetik 
						inkişafına təsir imkanlarını  araşdırmaq məqsədilə 
						Bakıdakı 7, 18, 31, 70, 132 nömrəli və s. məktəblərdə 
						maraqlı  eksperimentlər aparır. Tədqiqatın ilkin 
						nəticələrini 1970-ci ildə Leninqradda, 1973-cü ildə 
						Minskdə keçirilən "Ümumittifaq pedaqoji 
						mühazirələri"ndə  həmkarlarına, problemin nəzəri və 
						təcrübi məsələləri ilə məşğul olan  mütəxəssislərin  
						nəzərinə çatdırır. Fərəhli haldır ki, indi musiqi 
						incəsənəti sahəsində görkəmli ifaçı və musiqi pedaqoqu 
						kimi tanınan, respublikanın xalq artistləri Səkinə 
						İsmayılova, Zamiq Əliyev və  başqaları o dövrdə Vidadi 
						müəllim tərəfindən aparılan  uğurlu eksperimentin 
						nəticəsi kimi  qiymətləndirilir. 
						
						
						1975-ci ildə  namizədlik dissertasiyasını müdafiə 
						etdikdən sonra elmi işçi, baş elmi işçi vəzifələrində 
						çalışır. Ümumtərbiyə prosesinin çox mühüm bir  
						istiqamətini təşkil edən estetik tərbiyənin nəzəri və 
						təcrübi məsələlərini mükəmməl mənimsəyən Vidadi Xəlilov 
						1977-ci ilin yanvar ayında  Azərbaycan Elmi-Tədqiqat 
						Pedaqoji Elmlər İnstitutunda yeni yaradılan Estetik 
						tərbiyə şöbəsinin müdiri vəzifəsinə seçilir. O, 25 ilə 
						yaxın bir  müddətdə fasiləsiz olaraq bu şöbəyə rəhbərlik 
						etmiş,  orijinal, səmərəli tədqiqatları ilə 
						bədii-estetik silsilə fənlərinin estetik təsir 
						imkanlarının  artmasına, bu  istiqamətdə kadr hazırlığı 
						prosesinə əhəmiyyətli təsir göstərmişdir. 
						
						
						Keçmiş SSRİ Pedaqoji Elmlər Akademiyası və onun sahə 
						institutları, habelə Ukrayna, Belarus, Qazaxıstan, 
						Özbəkistan, Qırğızıstan, Türkmənistan, Gürcüstan, 
						Moldova, Latviya və  digər respublikaların Elmi-Tədqiqat 
						Pedaqoji Elmlər institutları ilə yaradılan qarşılıqlı 
						əlaqə dəyərli nəticələri ilə yadda qalmışdır. 
						
						
						Respublika və keçmiş SSRİ miqyasında keçirilən II, III, 
						IV, VI "Ümumittifaq pedaqoji mühazirələri"ndə 
						(Leninqrad-1970, Minsk-1973, Kiyev-1976, Yerevan-1982), 
						həmçinin estetik tərbiyənin nəzəriyyəsi və təcrübəsi 
						məsələlərinə həsr olunan elmi konfranslarda 
						(Moskva-1987, 1988, Daşkənd-1991), "İncəsənətə estetik 
						münasibət və onun  formalaşdırılması prosesi" üzrə 
						keçirilən Beynəlxalq konfransda (Xerson-1991) məruzə və 
						çıxışlar etmiş, görkəmli alimlərin, incəsənət üzrə 
						tanınmış mütəxəssislərin müsbət rəylərinə səbəb 
						olmuşdur. 
						
						
						Təsadüfi deyildir ki, o, SSRİ Pedaqoji Elmlər 
						Akademiyası Rəyasət Heyətinin 5 iyul 1978-ci il tarixli 
						qərarı ilə Sosialist Əməyi Qəhrəmanı,  akademik 
						S.A.Gerasimovun rəhbərlik etdiyi Estetik tərbiyə üzrə 
						Elmi-Problem Şurasının üzvü seçilmiş və  həmin şura 
						fəaliyyətini dayandıranadək onun fəal üzvlərindən biri 
						olmuşdur. 
						
						
						1980-ci ilin sentyabrında Azərbaycan Elmi-Tədqiqat 
						Pedaqoji Elmlər İnstitutunda fəaliyyətə başlayan "Mühüm 
						pedaqoji problemlər" üzrə elmi-nəzəri seminarın elmi 
						katibi, 1991-ci ildə Azərbaycan Respublikası Alimlər 
						İttifaqı Etika-estetika Komissiyasının həmsədri, habelə 
						Azərbaycan Respublikası Pedaqoji və Psixoloji 
						Tədqiqatları Əlaqələndirmə Şurasında estetik tərbiyə 
						problemləri bölməsinin sədri seçilmiş, səmərəli 
						fəaliyyət göstərmişdir. 
						
						
						Namizədlik dissertasiyasını müdafiə etdiyi vaxtdan ötən 
						20 il ərzində tədqiq etdiyi problem üzrə yaradıcılıq 
						axtarışlarını bir an belə dayandırmamış, "Azərbaycan 
						ümumtəhsil məktəblərində estetik tərbiyənin nəzəriyyəsi 
						və təcrübəsi" mövzusunda doktorluq dissertasiyasını 
						tamamlayaraq 27 sentyabr 1994-cü ildə məzunu olduğu 
						möhtəşəm təhsil ocağında - Azərbaycan Dövlət Pedaqoji 
						Universitetində birdəfəlik ixtisaslaşdırılmış müdafiə 
						şurasında uğurla müdafiə etmişdir. 
						
						
						Doktorluq dissertasiyasının müdafiəsindən sonra alimin 
						yaradıcılıq imkanları daha da genişlənmişdir. O, 1995-ci 
						ildən bəri Azərbaycan Dövlət Pedaqoji Universitetində, 
						Naxçıvan Dövlət Universitetində, Azərbaycan 
						Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda pedaqoji 
						elmlər namizədi və doktoru alimlik dərəcəsi verən  
						ixtisaslaşdırılmış dissertasiya müdafiələri şurasının 
						üzvü kimi  səmərəli fəaliyyət göstərmişdir. 
						
						
						Əlbəttə, bütün bunlar nəzərdən qaçmamış, Azərbaycan 
						Respublikası Prezidenti yanında Ali Attestasiya 
						Komissiyasının 14 noyabr 1997-ci il tarixli qərarı ilə 
						Vidadi Cəmil oğlu Xəlilova pedaqogikanın nəzəriyyəsi və 
						tarixi ixtisası üzrə professor elmi adı verilmişdir. 
						
						
						Professor V.Xəlilovun rəhbərliyi ilə indiyədək estetik 
						tərbiyə üzrə tədqiqat aparanlardan 14 nəfəri  pedaqoji 
						elmlər namizədi-pedaqogika üzrə fəlsəfə doktoru elmi 
						dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. O, 16 
						nəfərin namizədlik, 4 nəfərin isə doktorluq 
						dissertasiyasının  rəsmi opponenti olmuşdur. 
						
						
						Professor V.Xəlilov indiyədək apardığı orijinal 
						tədqiqatları ilə elmi-pedaqoji ictimaiyyətin rəğbətini 
						qazanmışdır. Onun "Ümumtəhsil məktəblərində estetik 
						tərbiyənin inkişafı yolları", "Müəllimin estetik 
						mədəniyyətinin yüksəldilməsi istiqamətləri", "Məktəbli 
						mədəniyyəti", "Tələbələrin fəallıq mədəniyyəti", 
						"Məktəblinin etik-estetik aləmi" və s. əsərləri maraqla 
						qarşılanmışdır. 
						
						
						V.Xəlilovun elmi-pedaqoji fəaliyyətinin mühüm bir  
						istiqaməti  ümumtəhsil  məktəblərimiz üçün "Musiqi", 
						"Təsviri incəsənət" dərslikləri və proqramlarının 
						hazırlanması, tədris prosesinə tətbiq edilməsi ilə 
						bağlıdır. O, Azərbaycan ümumtəhsil məktəblərinin V 
						sinifləri üçün ilk "Musiqi" dərsliyinin (bəstəkar 
						O.Zülfüqarovla birlikdə: Bakı, "Maarif", 1976), IV sinif 
						üçün ilk "Təsviri incəsənət" dərsliyinin (Azərbaycan və 
						rus dillərində M.Məmmədova, Ş.Vəliyeva ilə birlikdə, 
						Bakı, "Elnicat", 2007) müəllifidir. 
						
						
						İ.Əfəndiyev adına Elitar gimnaziya üçün hazırlanan və 
						2004-cü ildə ilk dəfə nəşr olunan "Etika və etiket", 
						"Estetika" (V-IX siniflər üçün) proqramlarının müəllifi 
						də professor V.Xəlilovdur. 
						
						
						Altı cildlik seçilmiş əsərləri, 45 adda  monoqrafiya, 
						kitab, kitabça, 300-ə qədər elmi-metodik, publisistik 
						məqalə müəllifi kimi tanınan alimin həyatı, yaradıcılıq 
						fəaliyyəti sözün həqiqi mənasında gənc alimlər, 
						tədqiqatçılar üçün örnəkdir, parlaq nümunədir. 
						
						
						Professor V.Xəlilovun elm-sənət və müxtəlif peşə 
						adamlarına  həsr etdiyi monoqrafiyalar, televiziya 
						ssenariləri onun yaradıcılığının mühüm bir istiqamətini 
						təşkil edir. 
						
						
						"Bəstəkar Süleyman Ələsgərov", "Bəstəkar Qəmbər 
						Hüseynli", "Bəstəkar Oqtay Zülfüqarov" monoqrafiyaları 
						və "Bəstəkar Süleyman Ələsgərov" (Əliheydər Kamal oğlu 
						ilə birlikdə), "Əsrə bərabər ömür" (Akademik 
						M.Mehdizadəyə həsr olunub) televiziya filmlərinin 
						ssenariləri, "Yaxşıların arasında" şeirlər kitabı alimin 
						geniş yaradıcılıq diapazonuna malik olduğunu göstərir. 
						
						
						Çəkilən zəhmət hədər getməz, - deyənlər  haqlıdırlar. Bu 
						mənada Vidadi müəllimin əməyi, geniş çoxşaxəli 
						yaradıcılığı da yeri gəldikcə layiqincə 
						qiymətləndirilib. 
						
						
						Böyüməkdə olan nəslin təlim-tərbiyəsi sahəsində səmərəli 
						fəaliyyətinə görə respublika Maarif Nazirliyi 
						Kollegiyasının 13 aprel 1977-ci il tarixli qərarı ilə 
						"Qabaqcıl maarif xadimi" nişanı ilə, habelə SSRİ Maarif 
						Nazirliyinin 17 may 1982-ci il tarixli qərarı ilə xalq 
						maarifinin  inkişafında əldə etdiyi böyük nailiyyətlərə 
						və ictimai işlərdə fəal inkişafına görə "SSRİ maarif 
						əlaçısı" nişanı ilə təltif olunmuşdur. 
						
						
						1982-ci ilin dekabr ayında pioner və məktəblilərin 
						estetik tərbiyəsi sahəsində böyük işə, ümumtəhsil 
						məktəbləri üçün  eksperimental musiqi proqramının 
						işlənib hazırlanmasına və tətbiqinə görə respublika 
						Lenin komsomolu mükafatı laureatı  adına layiq 
						görülmüşdür. 
						
						
						V.Xəlilov keçən əsrin 70-ci illərindən başlayaraq SSRİ 
						miqyasında keçirilən "Ümumittifaq pedaqoji  
						mühazirələri"ndə fəal iştirakına və müxtəlif  mövzularda 
						etdiyi  məruzələrə görə üç dəfə (1973, 1976, 1982) SSRİ 
						Maarif Nazirliyinin, SSRİ Pedaqoji Elmlər 
						Akademiyasının, Maarif, Ali Məktəb, Elmi İdarə İşçiləri 
						Həmkarlar İttifaqı Ümumittifaq Komitəsinin fəxri fərmanı 
						ilə təltif olunmuşdur. 
						
						
						Azərbaycan Müəllimləri Yaradıcılıq İttifaqı İdarə 
						Heyətinin 25 sentyabr 1998-ci il tarixli qərarı ilə son 
						illərdəki səmərəli elmi-pedaqoji fəaliyyətinə və 
						"Akademik Mehdi Mehdizadə ömrünün işığı" kitabının nəşrə 
						hazırlanmasında əməyinə görə akademik Mehdi Mehdizadə 
						mükafatına layiq görülmüşdür. 
						
						
						Tarixə qovuşan ötən illərin hər biri geniş yaradıcılıq 
						diapazonuna malik olan alimin həyat və yaradıcılığında 
						müəyyən izlər qoyur. Belə ki, tanınan, sayılıb-seçilən 
						pedaqoq alim, yazıçı-publisist Allahverdi Eminovun 
						qələmə aldığı "20-ci əsrin 20 böyük Azərbaycan pedaqoqu" 
						kitabında ("Araz" nəşriyyatı, Bakı, 2002) alimin 
						yaradıcılıq fəaliyyətinin diqqətəlayiq cəhətləri öz 
						əksini tapmışdır. 
						
						
						2004-cü ildə "VEKTOR" Beynəlxalq Elmi Mərkəzi Mükafat 
						Komissiyasının qərarı ilə "Azərbaycanın  tanınmış 
						alimləri" Beynəlxalq müsaqibəsinin qalibi olmuş, "XXI 
						əsrin tanınmış alimi" Beynəlxalq diplomu ilə təltif  
						olunmuşdur. 
						
						
						2006-cı il pedaqoji elmlər doktoru, professor Vidadi 
						Cəmil oğlu Xəlilov üçün daha  əlamətdar olmuşdur. 
						Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
						cənablarının 26 dekabr 2006-cı il tarixli sərəncamı ilə 
						Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə ona 
						"Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı  
						verilmişdir. 
						
						
						2011-ci ildə estetik tərbiyə sahəsində  fundamental  
						tədqiqatlar  müəllifi kimi tanınan Vidadi Xəlilovun 
						həyatına, yaradıcılıq  bioqrafiyasına yaddaqalan iz 
						qoyub. Pedaqoji və Sosial Elmlər Akademiyasının 22 aprel 
						2011-ci il tarixli qərarı ilə o, akademiyanın həqiqi 
						üzvü - akademiki  seçilmişdir. 
						
						
						Vətənə, xalqına qəlbən bağlı olan professor Vidadi 
						Xəlilov yaradıcılıq imkanlarının daha da genişləndiyi 
						indiki dövrdə əzmlə çalışır, elmi-pedaqoji fəaliyyətini 
						inamla, ruh yüksəkliyi ilə davam etdirir. İstedadlı, 
						zəhmətsevər həmkarımızı, məsləhətdaşımızı bu əlamətdar 
						günlərdə bir daha səmimi qəlbdən təbrik edir, ona möhkəm 
						cansağlığı, xoşbəxtlik, daha böyük yaradıcılıq uğurları  
						arzulayırıq!  
						
						
						
						Nazim KAZIMOV, 
						əməkdar incəsənət xadimi, professor   |