| 
						 
						
						 Gənc 
						nəslə doğma diyarı sevdirmək, onlara vətənpərvərlik 
						hissləri aşılamaq, məktəblilər arasında 
						turizm-diyarşünaslıq işini təbliğ etmək respublikamızda 
						prioritet məsələlərdən biridir. Təhsil Nazirliyinin 
						tabeliyində olan Respublika Gənc Turistlər  və 
						Diyarşünaslıq Mərkəzi də öz işini bu istiqamətdə quraraq 
						gənclərimizin Azərbaycanı yaxından tanıması və onun hər 
						bir bölgəsi haqqında ətraflı məlumat əldə etməsini vacib 
						amillərdən hesab edir. Mərkəzin direktoru Alik 
						Məmmədovdan aldığımız məlumata görə, mərkəzdə uşaqların 
						maraq və istəklərinə uyğun olaraq ədəbi-diyarşünaslıq, 
						tarix-diyarşüanslıq, coğrafiya-diyarşünaslıq, 
						piyada-turizm, gənc-turist, gənc-bələdçi, gənc-ekoloq 
						adlı dərnəklər fəaliyyət göstərir. Mərkəzin əməkdaşları 
						Bakı şəhər ümumtəhsil  məktəblərinin şagirdlərini bu 
						dərnəklərə cəlb edir, onlarla mütəmadi olaraq kütləvi 
						tədbirlər keçirirlər. Dərnək rəhbərləri tərəfindən 
						müxtəlif mövzularda referat yazı, inşa müsabiqəsi, 
						"dəyirmi masa", sərgi və ekskursiyalar təşkil olunur. 
						Mərkəzin bu tədbirləri keçirməkdə məqsədi gənclərə və 
						yeniyetmələrə vətənə, xalqa, milli mənəvi dəyərlərimizə 
						hörmət, məhəbbət hissini aşılamaq və gücləndirmək, 
						maddi-mədəniyyət nümunələrimizi qoruyub mühafizə etmək, 
						turizm-diyarşünaslıq işini təbliğ və inkişaf etdirmək, 
						yeniyetmələri azərbaycançılıq ruhunda tərbiyə etmək, 
						onların bilik, bacarıq, ağıl və düşüncə qabiliyyətlərini 
						üzə  çıxarmaq, asudə vaxtlarını, tətil və bayram 
						günlərini səmərəli keçirməklə dövlətimizə, xalqımıza 
						layiqli vətəndaş yetişdirməkdir. 
						
						
						Mərkəz 2012-ci ildə bir çox tədbir və ekskursiyalar 
						keçirmişdir ki, bunlardan M.S.Ordubadinin ev-muzeyində 
						20 Yanvar faciəsi ilə bağlı "Şəhidlər unudulmur",  
						paytaxtın Xətai rayonu ərazisində yerləşən 27, 249, 269 
						nömrəli məktəblərdə "Xocalı harayı" adlı ədəbi-bədii 
						tədbirlərin adını qeyd etmək olar. Bundan başqa, mərkəz 
						turizm ləvazimatlarının sərgisini, eko-turizmlə bağlı 
						kompozisiya və ağacəkmə aksiyası da təşkil etmişdir. 
						 
						
						
						Cari ilin mart ayında Bakıdakı İstiqlal muzeyində 31 
						Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı sərgidə 
						dərnək üzvləri öz rəsmləri ilə çıxış etmişlər. 
						 
						
						
						Mərkəz hər il ümummilli lider Heydər Əliyevin anadan 
						olmasının ildönümünə həsr olunmuş sərgi-müsabiqə də 
						təşkil edir. Bu sərgi-müsabiqədə respublikada fəaliyyət 
						göstərən GTDM-nin dərnək üzvlərinin əl işləri 
						sərgilənir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
						müvafiq əmrinə əsasən keçirilən "Azərbaycanı sev və 
						öyrən" turist-diyarşünaslıq ekspedisiyasının  Respublika 
						baxış-müsabiqəsi isə artıq ənənə halı almışdır. 
						
						
						Mərkəz turizm işi ilə sıx bağlı olduğundan hər il 27 
						sentyabr  Beynəlxalq Turizm gününü qeyd edir. 
						Məktəblilərin  "Mərdəkan dendrarisi", "Qız qalası", 
						"Şirvanşahlar Sarayı Kompleksi", "Səngəçal terminalı", 
						"Qobustan Dövlət Qoruğu", Qala  kəndində yerləşən "Qala 
						qoruğu", təbiət, tarix, xalça, ədəbiyyat, incəsənət 
						muzeylərinə ekskursiyaları təşkil olunur. Təşkil olunan 
						tədbir, ekskursiya və ya gəzinti zamanı məktəblilər 
						böyük biliyə sahib olurlar.  
						
						
						
						Niyazi RƏHİMOV   |