| 
						 
						
						
						Dekabrın 19-da Bakıdakı 126 nömrəli məktəbdə "Azərbaycan 
						tarixi fənn aylığı" çərçivəsində silsilə tədbirlərə 
						start verilib. "Açıq dərs"lər və müəllimlərin 
						mühazirələri dinlənilir.  Aylıq çərçivəsində baş tutan 
						növbəti tədbir isə "Vətənim  Azərbaycan" adlı bədii gecə 
						idi.  Şagirdlərin təqdimatında Dövlət himni ifa olundu. 
						
						
						  
						
						
						Hər bir azərbaycanlı üçün müqəddəs sayılan üçrəngli 
						Dövlət bayrağımız Üzeyir Hacıbəylinin "Koroğlu" 
						üverturasının sədaları altında səhnəyə gətirildi. 
						Tədbirin təşkilatçısı, məktəbin tarix müəllimi Elmira 
						Həsənova tarix fənn aylığına həsr olunmuş gecəni açıq 
						elən edərək  xalqımızın keçdiyi  tarixi inkişaf yolundan 
						söz açdı.  Məktəbin direktoru Hidayət Ağayev qonaqları 
						salamlayaraq Azərbaycan tarixinin çox qədim, möhkəm 
						köklərə bağlı və keşməkeşli olduğunu diqqətə çatdırdı. 
						
						
						Sonra çıxış üçün söz məktəbin istedadlı şagirdlərinə 
						verildi.  Şagirdlər Azərbaycanımızın tarixi, ərazisi, 
						müdrik sərkərdələrindən, təbii sərvətləri, 
						adət-ənənələrindən danışdılar.  Dahi Nizami Gəncəvinin 
						"İsgəndərnamə" poemasından İsgəndərlə Bərdə hökmdarı 
						Nüşabənin dialoqundan bir parça nümayiş etdirdilər. 
						Həmçinin Dədə Qorqudun nəsihətlərindən söz açdılar. 
						Onlar Məmməd Arazın, Bəxtiyar Vahabzadənin və digər 
						şairlərin vətənə   həsr etdikləri şeirlərindən  
						parçalar  söylədilər.    Səməd Vurğunun "Vaqif" 
						dramından bir parçanı məharətlə ifa etdilər. Aşağı sinif 
						şagirdlərinin "Nazilə" və "Ləzgi" rəqsləri və digər  
						maraqlı çıxışları tədbirə xüsusi rəng qatdı. Məktəblilər 
						çıxışlarında Vətənimizin işğal olunmuş ərazilərini 
						düşməndən geri alınmasında canlarından keçəcəklərinə and 
						içərək, xalqımıza, dövlətimizə layiq vətəndaş 
						olacaqlarını vurğuladılar. Tədbirdə tariximizin ən qədim 
						dövründən bu günə qədər keçdiyi yolla bağlı 
						videogörüntülər nümayiş etdirildi.  Tədbirin sonunda 
						şagirdlər  "Çırpınırdı Qara dəniz, baxıb türkün 
						bayrağına" mahnısını məharətlə ifa edərək həmin günü 
						unudulmaz xatirəyə çevirdilər.  
						
						
						Gecədə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
						Metodmərkəzinin Binəqədi - Nəsimi rayonu üzrə metodik 
						bölməsinin müdiri Həvva Əsgərova, metodist Zabit Yunusov 
						və digər qonaqlar çıxış edərək tədbirin hazırlanmasını 
						yüksək qiymətləndirdilər, şagirdlərə həmişə vətənpərvər 
						olmalarını arzuladılar.   
						
						
						
						Rəşad ZİYADOV  |