| 
						 
						
						 Misir 
						Ərəb Respublikası dünya elminə bir sıra görkəmli 
						alimlər  bəxş edib. Qədim elm, təhsil ənənələrinə malik 
						Misirin XX əsrdə yetişdirdiyi görkəmli alimlərdən biri 
						hazırda Amerikanın Kaliforniya Texnologiya İnstitutunda 
						fizika və kimya laboratoriyasına rəhbərlik edən Əhməd 
						Zevayldır. Misirdə dünyaya göz açmış, Amerikada elmi 
						karyera qurmuş böyük alim Amerika prezidenti Barak Obama 
						administrasiyasının elm və texnologiya sahəsində Yaxın 
						Şərq üzrə müşaviridir. O, 1999-cu ildə kimya  sahəsində 
						elmi tədqiqat işlərinə görə Nobel mükafatına layiq 
						görülüb. Misirin milli qəhrəmanı elan olunmuş alimin 
						həyatı və elmi karyerası olduqca maraqlı və zəngindir.
						
						
						  
						
						
						
						Uşaqlıq illəri 
						
						  
						
						
						Əhməd Zevayl  1946-cı il fevralın 26-da Misirin  
						şimalındakı Damanhur şəhərində anadan olub. Uşaqlıq 
						illəri Nil çayının sahilində yerləşən  Desuk qəsəbəsində 
						keçib. Atası Xasan Zevayl və anası Rauxin Dar 
						övladlarının gələcəyi barədə ciddi düşünür, Əhmədin 
						elmlərə can atmasını hərtərəfli dəstəkləyirdilər. 
						Həmyaşıdlarının xoşagəlməz təsiri  altına düşməməsi üçün 
						atası onu gözündən qoymayıb. Öz ailəsinə çox yaxşı qayğı 
						göstərən atası onun üçün örnək idi.  O, oğluna öz işinə 
						sədaqətlə xidmət etməyi  öyrədirdi. Əhmədin anası təhsil 
						almamışdı, lakin o, övladlarının yaxşı təhsil almasına 
						can atırdı. Misirdə Əhməd dövlət pulsuz orta məktəbini 
						əla qiymətlərlə başa vurmuşdu. Ailəsi onun öz məqsədinə 
						çatması üçün əlavə stimullaşdırıcı qüvvə idi. 
						 
						
						
						Məktəb tətili dövrünü balaca Əhməd öz dayısı ilə 
						keçirirdi. O, sonralar bu barədə yazırdı: "Mən öz 
						valideynlərimlə həyatı dərk etdim, dayımla isə gələcək 
						barədə planlar qurdum". Əhməd həmişə mümkün olmayanı 
						mümkün olana çevirmək səyləri ilə başqalarından 
						seçilirdi. "Ailədə bir oğlan və 3 qız uşağı böyüyürdü. 
						Şəhər icmasının üzvü olan atam  çox həyatsevər, şən və 
						faydalı insan idi. O, hökumətdə işləyirdi və özünün 
						biznesi də vardı. Anam çox xeyirxah, genişürəkli qadın 
						idi, bütün həyatını uşaqlarına, xüsusən də mənə həsr 
						etmişdi. O özünün təbii zəkası, öz işinə sədaqəti, 
						xoşxasiyyəti ilə mənim həyatımda mərkəzi yeri 
						tuturdu",-deyə Əhməd Zevayl sonralar xatırlayırdı.  Ailə 
						ilk günlərdən balaca Əhmədin hərtərəfli tərbiyə 
						almasına, onun elmi biliklərə maraq göstərməsinə stimul 
						yarada bilmişdi. Valideynləri ona böyük ümidlər 
						bəsləyirdilər.  Balaca Əhmədin elmi biliklərə maraq 
						göstərməsində valideynləri ilə yanaşı, onun dayısı 
						Rizanın böyük təsiri olub. Dayısı onda məntiqi  
						təfəkkürün formalaşmasında, inkişafında, tənqidi 
						analizin mənimsənilməsində böyük rol oynamışdı. 
						Dayısının ətrafındakı ziyalı mühiti də Əhmədin düzgün 
						ixtisas seçimi etməsinə imkan vermişdi.  
						
						
						 O, 
						mütaliəni, musiqini sevir, idmanın bəzi növləri ilə 
						məşğul olurdu. Onun musiqi zövqünün formalaşmasında 
						böyük müğənni Umm Gülsüm böyük rol oynamışdı. Alim 
						xatırlayır ki, Gülsümün mahnıları hətta onun fizika və 
						kimyanı öyrəndiyi vaxtlarda belə ona xüsusi zövq və 
						xoşbəxt anlar yaşadıb.       
						
						
						Əhmədin fiziki elmlərə daha çox meyl etməsi özünü  çox 
						erkən yaşda göstərib. "Riyaziyyat, mexanika, kimya həm 
						də xüsusi zövq verən elm sahələri idi. İctimai elmlər 
						mənim üçün o qədər də cəlbedici deyildi, çünki mənim 
						diqqətim özümə belə bəlli olmayan səbəbdən əsasən 
						predmetin  yadda saxlanılmasına yönəlmişdi. Mənim beynim 
						"necə", "niyə" suallarını verməkdə davam edirdi. Bu 
						xüsusiyyət mənim bütün həyatım boyu özünü göstərib.  Bir 
						sıra mürəkkəb məsələləri həll edərkən keçirdiyim  
						həyəcanlı, sevincli anları mən indi də xatırlayıram. 
						Kimyada əsasən bir sıra məsələlərin yaddaşda 
						saxlanılmasının tələb olunmasına baxmayaraq, məni 
						"kimyanın riyaziyyatı" daha çox maraqlandırırdı". 
						Valideynləri bəzi fənlərdən  o qədər də yaxşı qiymətlər 
						almadıqda onu yüngülcə cəzalandırmağı da unutmurdular.   
						Əhmədin elmə və texnologiyalara marağı güclü idi. 
						 
						
						
						Bir dəfə apardığı təcrübə nəticəsində az qala öz otağı 
						yanacaqdı.  Balaca Əhməd hətta öz yataq otağında 
						anasının kofe bişirdiyi  plitə və bir neçə şüşə borudan 
						ibarət  kiçik aparat yaradaraq oduncağın yanaraq yanar 
						qaza və maye maddəyə çevrilməsini müşahidə edirdi. Bu 
						kiçik eksperiment təkcə elmi əhəmiyyət kəsb etmirdi, həm 
						də bütün evin yanması təhlükəsi var idi.  Maşınların  
						nəzəriyyədə necə işləməsini anlamaq üçün o, bir dəfə 
						dayısının maşınını qaçırmışdı. Nil çayının kənarına 
						çatan Əhməd dayısının maşınını az qala çaya salacaqdı. 
						On illərdən sonra alim gənclik illərindən xatirə qalan 
						bu epizodlar barədə tez-tez danışardı. "Həyatımın erkən 
						çağlarından elmə bu qədər həvəs göstərməyimin səbəbi 
						mənə hələ də məlum deyil", - deyə alim sonralar 
						yazırdı.    
						
						
						 Onun 
						doğulduğu və çox sevdiyi Damanhur şəhəri bütün dünyada 
						qədim intellektual irs hesab olunan İsgəndəriyyə və 
						Rəşit  şəhərləri arasında yerləşir. Qədim Misir yazı 
						nümunəsini özündə əks etdirən məşhur daş 1799-cu ildə 
						Rəşid şəhərində tapılıb. Ən qədim tarixə malik məşhur 
						İsgəndəriyyə kitabxanasında isə minlərlə qədim papirus 
						yazı nümunələri saxlanılır.  Əhməd Zevayl bu  məkanlarla 
						fəxr edir. Amerikalı yazıçı-publisist   Endrü Sikri 
						yazır ki,  Zevayl üçün bu şəhərlər qədim tarixi 
						elemetlərdən daha  çox, elmi  işləri üçün bir ilham  
						mənbəyidir.  Elmə, riyaziyyata və ölkəsinin mədəni 
						irsinə dərin bağlılıq Zevaylın həyat tarixcəsində üzvi 
						surətdə birləşir.   
						
						
						
						Elm yollarında ilk addımlar  
						
						
						"Necə oldu ki, misirli oğlan böyük alimlərdən biri oldu" 
						adlı məqaləsində amerikalı yazıçı-publisist   Endrü 
						Sikri yazır: "Günəşin  isti şüaları Misirin Desuk 
						şəhərində  kiçik evin pəncərəsinə düşür. 1960-cı ildir, 
						pəncərə önündə əyləşmiş yeniyetmə riyaziyyat və kimyadan 
						olan uzun tapşırıqlar  siyahısını araşdırır. O, məsələ 
						həll edir, radiodan isə tanınmış müğənni Umm Gülsümün 
						səsi yayılır. Mahnı qurtaran vaxt yeniyetmə radionun 
						kanalını dəyişir və oradan müğənninin digər mahnısı 
						səslənir. Oğlan riyaziyyat məsələlərini çox yaxşı həll 
						edir, mahnılar isə dərsi daha da xoş edir".   
						 
						
						
						 Valideynləri 
						Əhmədin xaricdə təhsil almasını arzu edirdilər. "Ailəmin 
						arzusu mənim xaricdə yüksək təhsil almağım və vətənə 
						dönərək professor kimi Misir universitetlərində 
						işləməyim idi. Mənim professor olmağımı arzulayan 
						valideynlərim hətta otağımın qapısından "Doktor Əhməd" 
						sözü yazılmış lövhə asmışdılar. Baxmayaraq ki, mən bu 
						barədə ümumiyyətlə, düşünmürdüm",-deyə alim yazırdı. 
						
						
						Orta məktəbi bitirdikdən sonra Əhməd Zevayl 
						universitetlərə üz tutub. 60-cı illərdə Misirdə 
						mühəndislik, tibb, farmasevtika və elm zirvə hesab 
						olunurdu. O, İskəndəriyyə Universitetinin təbiət elmləri 
						fakültəsinə qəbul olunub.  Bakalavr diplomu aldıqdan 
						sonra Zevayl universitetin müəllimi təyin olunub. 
						Doktorluq elmi dərəcəsi almaq üçün elmi tədqiqatlar 
						aparan  Zevayl qarşısına universitetdə işləmək və 
						tələbələrə dərs deməyi qoymuşdu.  O, təhsil aldığı 
						illərdə elmi tədqiqatlara  o qədər diqqət cəlb etmişdi 
						ki, professor olmasa da, bir sıra professorların  
						mühazirələrindən sonra tələbələrə özünəməxsus  
						"professor mühazirələri" oxuyurdu. Əsas mühazirələrin 
						mahiyyətini anlamaqda tələbələrə kömək edirdi. Bu ona 
						hədsiz zövq verir, elm, təbiət hadisələri arasında 
						əlaqəni tam dolğunluğu ilə mənimsəmələrinə kömək edirdi. 
						21 yaşında olan Zevayl hesab edirdi ki, elmi işlərin çox 
						sadə və gözəl ifadəsi olmalıdır. O bu fikrə hələ də 
						sadiq qalıb.   
						
						
						
						"Amerikaya gəldikdə elə bildim ki, məni sanki okeana 
						buraxıblar"  
						
						
						 İskəndəriyyə 
						Universitetində təhsilini başa vuran Zevayl  akademik 
						karyerasını  Amerikada davam etdirib. "Mən birbaşa 
						Amerika universitetlərindən təqaüd almaq istəyirdim. 
						Amerikanın onlarca universitetləri ilə yazışmalardan 
						sonra ABŞ-ın Pensilvaniya Universiteti və bir neçə digər 
						təhsil ocağı mənə  aylıq 300 ABŞ dolları həcmində təqaüd 
						verməyə razılıq verdilər. Lakin Amerikaya getmək üçün 
						bir sıra ciddi maneələri aşmaq lazım idi"deyən Zevayl 
						bir sıra bürokratik əngəlləri və çətinlikləri dəf etmək  
						üçün çox böyük  iradə göstərməli oldu. "Amerikaya 
						gəldikdə mənə elə gəldi ki, məni sanki  okeana 
						buraxıblar. Okean bilik, mədəniyyət və müxtəlif 
						imkanlarla zəngin idi. Və seçim aydın idi. Ya mən bu 
						okeanda üzməyi öyrənməli, ya da batmalıydım.  Mədəniyyət 
						yad idi, dil çətinliyi var idi, lakin mənim ümidlərim 
						çox böyük idi. Mən ingilis dilində  yazmağı, danışmağı 
						bilmirdim, Amerika və qərb mədəniyyəti haqda az 
						məlumatlı idim".  
						
						
						Onun ilk elmi rəhbəri professor Robin Xoxştrasser olub. 
						Öz müəllimini  mükəmməl alim və pedaqoq hesab edən alim 
						əldə etdiyi nailyyətlərinə görə elmi rəhbərinə minnətdar 
						olduğunu bildirirdi.  Zevaylın digər alimlərlə apardığı 
						elmi tədqiqatların siyahısı genişlənirdi. O  demək olar 
						ki, hər gün yeni işlər - kimya, fizika və digər 
						sahələrdəki problemlərlə məşğul olurdu. Elmi 
						laboratoriya, tədqiqat mühiti çox əlverişli idi.  Nobel 
						mükafatı laureatı Bob Şrifferdən nəzəri fizika üzrə dərs 
						alan Zevayl demək olar ki, gecə-gündüz işləyir və bir 
						neçə layihə üzrə çalışırdı. O, sadə molekullar üçün 
						Ştark effekti, bərk cismlər üçün Zeeman effekti, ikiqat 
						rezonans, maqnit rezonansı üçün optik detektor və sair 
						mövzular  üzrə müxtəlif layihələrə cəlb olunmuşdu.
						 
						
						
						1974-cü ildə Pensilvaniya Universitetinin fəlsəfə 
						doktoru elmi dərəcəsini alan Zevayl IBM firmasının adlı 
						təqaüdünə layiq görülüb. Daha sonra  2 il Berkli 
						Kaliforniya Universitetində işləyib. 1976-cı ildə 
						Kaliforniya Texnologiya İnstitutuna dəvət alıb. 1982-ci 
						ildə bu institutun professoru olub. 1990-cı ildə məşhur 
						kimyaçı, bioloq, iki dəfə Nobel mükafatı  laureatı 
						Laynus Polinqin rəhbərlik etdiyi fiziki-kimya 
						kafedrasının müdiri təyin olunub.  Bundan əlavə, o, 
						Milli Elm Fondunda molekulyar fizika laboratoriyasına 
						başçılıq edib.    
						
						
						
						Femtokimyanın banisi  
						
						
						Ötən əsrin 80-ci illərində Zevayl dünyada ilk dəfə 
						olaraq molekulların izlərini əldə etməyə  imkan verən ən 
						sürətli çəkiliş kamerasını yaradıb. Alim bu məqsədlə  
						saniyənin milyonda bir (femtosaniyə - 1fs=10-15 san) 
						uzunluğunda olan lazer impulslarından istifadə edib. 
						Məhz bu, kimyəvi reaksiyaların davam etdiyi zaman 
						miqyasıdır. Məhz bu zaman miqyasında "anı dayandırmaq" 
						və molekulların bir-birinə necə yaxınlaşmasını və 
						onların kimyəvi reaksiyalara daxil olmasını, keçid 
						komplekslərinin və daha sonra isə reaksiya 
						məhsullarının  necə yaranmasını izləmək mümkündür.
						 
						
						
						Bəzi həmkarları qeyd edirdilər ki, Zevaylın uyğunluq 
						prinsipi üzrə  eksperimentləri heç vaxt baş tutmayacaq. 
						Lakin o, nəinki bu sahədə təcrübələr aparmaqla tərəqqiyə 
						nail oldu, həm də başqalarının nəzəri cəhətdən 
						qeyri-mümkün hesab etdiyi nəticələr əldə etdi. Onun 
						uşaqlıqdan alışdığı nəzəriyyə və təcrübə arasında fərqi 
						görmək bacarığı öz işini görürdü.   
						
						
						Zevaylın uyğunluq prinsipinə inamı özünü 1980-ci ildə öz 
						təsdiqini tapıb. O həmkarları ilə birlikdə təcrid 
						olunmuş  karbohidrogen antrasen molekullarında koqerant 
						dəyişmələri nümayiş etdirib. Bu molekullar daxilində 
						uyğunluq reallığını  sübut edirdi. Bu yenilik 
						kimyaçılara  uyğunluq prinsipindən isfifadə edərək 
						kimyəvi reaksiyaların gedişini əvvəlcədən söyləməyə 
						imkan verirdi.  Bu, Zevaylın ilk elmi zəfəri idi. Lakin 
						o, bununla kifayətlənmək istəmirdi, daha da qabağa 
						getməyə can atırdı. Zevayl Amerikaya gələnə qədər heç 
						vaxt lazer texnologiyasından istifadə etməmişdi. Lakin 
						o, etiraf edirdi ki, əgər əlinizdə  qısa işıq impulsları 
						verən lazer varsa, ondan istifadə etməklə kimyəvi 
						reaksiyaların əslində necə baş verməsini izləmək olar.  
						Bunun üçün isə çox qısa, cəmi bir neçə femtosaniyə, 
						hələlək elmə məlum olmayan milyard dəfə  kiçik impulslar 
						tələb olunurdu. Beləliklə, Zevaylın təşəbbüsünü həyata 
						keçirmək üçün ilk femtosaniyə lazer qurğusu yaradıldı və 
						alim onu öz aparatına daxil etdi.    Zevayl və onun 
						həmkarlarının femtosaniyə lazer aparatı ilə öyrənməyə 
						çalışdıqları ilk kimyəvi reaksiyalar kimyəvi rabitənin 
						pozulması ilə bağlı idi. 1986-cı illn sonunda onlar 
						femtosaniyə lazer qurğusunu sadə yod-sianid molekulunun 
						öyrənilməsinə tətbiq etdilər. Zevayl və onun əməkdaşları 
						yod və karbon  atomları arasında, sonra sianid qrupu 
						arasında  rabitənin  necə dartılmas və sonradan  isə 
						dağılmasını müşahidə ediblər. "Rabitə tədricən qırıldı, 
						bu vaxta qədər heç kim real zaman rejimində  kimyəvi 
						rabitənin necə pozulduğunun şahidi olmamışdı", - deyə 
						Zevayl yazırdı. Bu, Zevaylın ikinci ən böyük elmi 
						qələbəsi idi.  Femtokimya çox qısa zaman ərzində kimyəvi 
						reaksiyaların təsvirini verməyə imkan verir.   
						
						
						
						Kimyada inqilab  
						
						
						Əhməd Zevayl 1999-cu ildə femtokimya sahəsində elmi 
						tədqiqatlarına görə Nobel mükafatına layiq görülüb. Onun 
						tədqiqatlarının əhəmiyyəti ona Osloda Nobel mükafatı 
						təqdim olunan zaman bir daha qeyd olundu. İsveç Elmlər 
						Akademiyası  bəyan etmişdi ki, "Zevayl bizə ayrı-ayrı 
						atomların hərəkətini görməyə imkan verməklə   kimyada 
						inqilab edib".   Nobel komitəsi etiraf edirdi ki, 
						Zevaylın  işləri bir sıra mühüm kimyəvi reaksiyaların 
						baş verməsini və gedişini anlamağa imkan verir. 
						 
						
						
						Femtosaniyə metodu bütün dünyada fəal surətdə tətbiq 
						edilir. Son vaxtlar isə ondan polimer maddələrdə kimyəvi 
						reaksiyaların gedişini müşahidə etmək üçün istifadə 
						olunur. Bu isə mikroelektronika üçün yeni materialların 
						yaradılmasına  imkan verir. Bu metodlar vasitəsi ilə 
						zərif bioloji proseslərin mexanizmini, məsələn, çox 
						sürətli mürəkkəb çevrilmələri öyrənmək mümkündür. 
						Femtokimya belə bir suala cavab verməyə kömək edir: nəyə 
						görə hər hansı bir kimyəvi reaksiya gedir, başqa birisi 
						isə getmir? Femtokimya həm də reaksiyanın sürətinin nəyə 
						görə temperaturdan  asılı olmasının səbəbini də izah 
						edir. Hazırda bütün dünyada alimlər femtosaniyə 
						spektroskopiyası vasitəsilə qaz, maye və bərk cismlərdə, 
						eləcə də  polimerlərdə gedən prosesləri öyrənirlər.
						 
						
						
						Bu gün alim Kaliforniya Texnologiya İnstitutunun 
						molekulyar  elmlər laboratoriyasının rəhbəri, Milli 
						Elmlər Fondunun direktoru, fizika, kimya professorudur. 
						O, femtokimya sahəsinin banisi kimi kimya elmi aləmində 
						böyük nüfuz sahibidir və hazırda da ona Nobel 
						mükatafının qazandırımış elmi tədqiqatlarını davam 
						etdirməkdədir. Hazırda Əhməd Zevayl və onun əməkdaşları 
						dördölçülü (məkanın üç ölçüsü və zaman), ultratezlikli 
						elektron mikroskop və difraksiya metodlarının işlənib 
						hazırlanması  ilə məşğludur. Bu metodlar  bir sıra, 
						Alsmeyger kimi ağır xəstəliklərin yaranmasında iştirak 
						edən zülalların tədqiqində tətbiq oluna bilər.   Qeyd 
						edək ki, alim Nobel mükafatına Misir Universitetlərindən 
						biri üçün lazer qurğusu alıb.   
						
						
						
						"Nobel mükafatı laureatından daha böyük ada layiq alim"
						
						
						  
						
						
						2009-cu ildə onun elmi karyerası zirvəyə çatıb. O, 
						Amerika prezidenti Barak Obama   yanında "Elmi 
						nümayəndə"  proqramında 3 "alim-diplomat"dan biri 
						seçilib.  Bu proqram təbabət, energetika, ekologiya və 
						təbii resursların idarə olunması sahəsində müsəlman 
						dünyası ilə elmi-texniki əməkdaşlığın inkişaf 
						etdirilməsinə hədəflənib. Bu qrupa ölkənin aparıcı 
						alimləri  daxildir. Onlar prezident və vitse-prezidentə 
						elmi və elmi-texniki innovasiyalar sahəsində siyasətin 
						əsas istiqamətlərini işləyib hazırlamaqda kömək edirlər.
						 
						
						
						Zevayl dünyada məşhur olan 30-dan artıq universitetin 
						fəxri doktorudur.  Elmi və ictimai fəaliyyətinə görə o, 
						Nobel mükafafından əlavə dünyada mövcud olan bütün 
						mükafatları alıb. 40-a yaxın fəxri  ad, 100-dən artıq 
						beynəlxalq mükafata layiq görülüb. Amerikanın nüfuzlu 
						"Vaşinqton-post" qəzeti  2011-ci il 29 noyabr tarixli 
						sayında yazırdı ki, "doktor Əhməd Zevayl sadəcə Nobel 
						mükafat laureatından daha böyük ada layiqdir". 
						 
						
						
						Əhməd Zevayl ötən il Bakıda keçirilmiş İkinci Beynəlxalq 
						Humanitar Forumda iştirak edib. Forumdakı çıxışında alim 
						qeyd edib ki,  informasiya-kommunikasiya 
						texnologiyaları, İnternetin sürətli inkişafı sayəsində  
						ölkələr, regionlar və kontinentlər  arasında ən qısa 
						vaxt ərzində informasiyaların ötürülməsi mümkün olub. 
						Planetimizdə 2 milyard insanın İnternetdən isifadə 
						etdiyini bildirən alim humanitar problemlərin həlli üçün 
						dünyanın müxtəlif regionlarında yaşayan insanların 
						səylərinin birləşdirilməsinin vacibliyini qeyd edib.  O 
						bildirib ki,  bu gün dünyada təhsilin səviyyəsinin 
						artırılması çox vacib bir məsələdir. Nobel mükafatı 
						laureatı, həmçinin müsəlman aləmində elmin və təhsilin 
						daha çox prioritetə çevrilməsinin vacibliyini 
						vurğulayıb. O, müsəlman aləminin gözəl keçmişə sahib 
						olduğunu və bu keçmişi elm və təhsillə bərpa etməyin 
						mümkünlüyünü bildirib. Əhməd Zevayl bu istiqamətdə 
						Azərbaycanda çox böyük işlər görüldüyünü deyib. Forum 
						çərçivəsində Zevayl Bakı Dövlət Universitetində olub və 
						ona universitetin fəxri doktoru adı verilib. Zevayl həm 
						də Azərbaycan Milli Elmlər Akademiyasının   fəxri üzvü 
						seçilib.     
						
						
						
						Xoşbəxt alim ailəsi  
						
						  
						
						
						Əhməd Zevayl 1988-ci ildə Səudiyyə Ərəbistanı kralı 
						Feysal adına Beynəlxalq mükafata layiq görülüb. 1989-cu 
						ilin martında mükafatını almağa gedən Zevayl Səudiyyə 
						Ərəbistanında gələcək həyat yoldaşı Mervat  ilə tanış 
						olub. Məlum olub ki, onun atası da ədəbiyyat üzrə Feysal 
						mükafatına layiq görülüb. Mervat Dəməşq Universitetinin 
						tibb doktoru elmi dərəcəsini və Los-Ancelesdə ictimai 
						səhiyyə üzrə magistr dərəcəsini alıb.  Onların iki oğlu 
						və iki qızı var. Böyük qızı Maha Texas Universitetinin 
						məzunudur, fəlsəfə doktorudur. Kiçik qızı Amani Berkli 
						Universitetinin tələbəsidir. Onların iki gənc oğlu - 
						Nabil və Xani var.   O övladları ilə fəxr etdiyini 
						bildirir.   
						
						
						
						"Mən nikbinəm"  
						
						
						Əhməd Zevayl tez-tez tələbələr və elm ictimaiyyəti üçün 
						açıq mühazirələr təşkil edərək fundamental elmi 
						tədqiqatların əhəmiyyətini bildirir. O, tələbələrinə 
						elmdə əsas istiqaməti seçməyi tövsiyə edir. Bir ayağı 
						Amerikada, bir ayağı vətəni Misirdə olan alim hər iki 
						ölkədə alimlərin üzləşdikləri çətinlikləri başa düşmək 
						üçün unikal mövqedə dayanıb. Mən nikbinəm deyən Zevayl 
						hər bir görüşündə inkişaf etməkdə olan ölkələrdə elmin 
						və texnikanın inkişaf etdirilməsi vacibliyindən danışır. 
						Onun sözlərinə görə, gənc alimlər Misiri tərk 
						etməməlidirlər. O, Misirdə Qahirə ətrafında yeni elm və 
						texnologiya  universitetinin tikintisi üçün səy 
						göstərib. Alim ümid edir ki, bu elm ocağı inkişaf edərək 
						Misirin öz Kaliforniya Texnologiya İnstitutuna 
						çevriləcək.  
						
						
						"Əhməd Zevayl  Misirdən uzaqda elmi işlərlə  məşğuldur. 
						O həm Misir, həm də Amerika elmini təmsil edir. Lakin 
						Misir günəşinin istisi onun şəxsiyyətini yenə də 
						qızdırmaqdadır və onun ürəyi yenə də Umm Gülsümün 
						musiqilərindən zövq almaqdadır. Kaliforniya Texnologiya 
						İnstitutunda öz kabinetində alim yenə də Gülsümün səsi 
						yazılmış CD-yə qulaq asır və yeni elmi problemlər 
						üzərində fəaliyyətini davam etdirir",-deyə alim 
						haqqındakı məqaləsində yazıçı Nik Uiler yazır. Alim 
						"Los-Anceles tayms" qəzetində dərc olunmuş məqaləsində 
						yazır ki,  elmi nailiyyətlər akademik təhsilə və nəzəri 
						tədqiqatlara qoyulan investisiyalardan başlayır. "İkinci 
						Dünya müharibəsindən sonra Amerika elmi tədqiqatları 
						fəal surətdə dəstəkləyirdi. Amerika bir maqnit kimi gənc 
						alimləri, tədqiqatçılıq  fəaliyyəti ilə məşğul olan 
						alimləri özünə çəkirdi. Əlverişli şərait bizə Nobel 
						mükafatları qazandıran elmi nailiyyətlərə yol açmışdı. 
						Lakin hazırda bir sıra tədqiqat mərkəzləri elmi işlərə 
						sadəcə maraqla baxır, lakin onları bəyənmirlər. 
						Professorlar isə mümkün qədər elmi tədqiqatların 
						aparılması məsrəflərini azaltmağa çalışırlar. Bu isə 
						yaradıcılıq üçün çox vacib olan vaxtı azaldır. Bu cür 
						məhdudiyyətlər və praktika qarşımızda belə bir sual 
						qoyur: Bugünkü elm gənc Albert Eynşteynləri, Riçard 
						Feynmanlar və Laynus Polinqləri cəlb edə bilərmi?. Dərs 
						dediyim Kaliforniya Universitetində görürəm ki, 
						tələbələrin çoxu elmi tədqiqatlara dərindən maraq 
						göstərir. Lakin indiki bazar şəraitində doktorluq elmi 
						dərəcəsinə malik olan gənc alimlər əli-qolu bağlı,  
						bekar oturublar. Buna görə də bizim fundamental 
						tədqiqatlara olan baxışlarımız dəyişməlidir. XX əsrin 
						ortalarında Amerika məhz elmin gücü ilə dünyada lider 
						dövlət olub. İndi isə Çin elmi tədqiqatlara daha çox 
						vəsait ayırmaqla  dünyada lider mövqeyinə qalxmaq 
						istəyir. Əgər Amerika bu gün elm sahəsinə kifayət qədər 
						diqqət göstərməsə, onda innovasiya Günəşi Asiyada 
						çıxacaq".  
						
						
						
						Hazırladı: Oruc MUSTAFAYEV   |