| 
						 
						
						
						Müasir dövrdə xarici dillərin tədrisində fəal təlim 
						metodlarından geniş istifadə olunur. Fəal təlim 
						metodları  müəllimlərin işini asanlaşdırır. Yəni onlar 
						gün ərzində keçdiyi dərsin nəticəsini  bütün 
						şagirdlərdən 45 dəqiqə ərzində ala bilirlər. Bu zaman 
						uşaqların bölgüsü aradan götürülür, yaxşı oxuyan şagird 
						ilə pis oxuyan şagird  arasındakı məsafə yox olur. Hamı 
						eyni anda mövzunu özünə uyğun tərzdə anlayır və onu 
						müəllimə təqdim edir.  
						
						
						   
						
						
						Yaxın keçmişi nəzərdən keçirsək görərik ki, əvvəlki 
						dövrlərdə müəllim keçdiyi mövzunu hamıdan tam ala 
						bilmirdi. Mövzunu 10 şagirdən 3-ü ya da 2-si anlaya 
						bilirdi. Digər şagirdlər, demək olar ki, heç nə başa 
						düşmür, sinif otağını yorğun və üzgün tərk edirdilər. 
						Bəs buna səbəb nə idi? Səbəb o idi ki, müəllim dərsin 
						çox hissəsini  izah edərək, şagirdlərdən daha çox özü 
						danışırdı.  
						
						
						Lakin müasir dövrümüzdə  şagirdlər, demək olar ki, daha 
						çox danışır, hərəkət edir və sərbəst düşünürlər. Bu 
						sərbəstliyi onlara məhz müəllim verir. İndi müəllim 
						sinif otağına girdiyi zaman şagirdləri dərsə isindirir. 
						Bir növ dərsin bir oyun olduğunu və bu oyunda hamının 
						çox əylənəcəyinə onları inandırır.  
						
						
						Birinci mərhələ "Warm up", yəni fəallaşdırma 
						mərhələsidir. 
						
						
						Bu fəallaşdırma hər bir müəllimin öz təxəyyülündə 
						formalaşıb, dərsdə həyata keçirilməlidir. Bu mərhələdə 
						müəllim şagirdlərə müxtəlif hərəkətlər etdirir. 
						Şagirdlər isə  həmin hərəkətləri edir və etdikləri 
						əməlləri səsləndirirlər. 
						
						
						Fəallaşdırma, təxminən, 5 dəqiqə çəkir. Dərsin gedişi 
						zamanı müəllim mövzunu şagirdlərə əvvəlcə ya danışır, ya 
						mövzuya  aid video izlədir, CD dinlədir, ya da sadəcə 
						əyani vəsaitlərlə onları mövzuya dair məlumatlandırır. 
						Bu proses 15 dəqiqə çəkir. 
						
						
						Beləcə müəllim şagirdlərdən mövzuya dair problemli suala 
						cavab istəyir. Şagirdlər həmin problemli suala cavab 
						verir. 
						
						
						Artıq müəllim tam əmindir ki, şagirdlər mövzunun nə 
						olduğunu anlayıblar. Bu əminlik müəllimin şagirdlərə 
						mövzuya dair müxtəlif tapşırıqlar verməyinə şərait  
						yaradır.  Şagirdlər bu tapşırıqları etmək üçün qruplara 
						bölünürlər. Bu bölgü alfabetik, rəqəmlərlə və yaxud 
						rənglərlə ola bilər. 
						
						
						Qruplara bölündükdən sonra şagirdlərə tapşırıqları 
						yerinə yetirmələri üçün 15 dəqiqə vaxt verilir. 
						Tapşırıqlar yoxlanıldıqdan sonra şifahi sual- cavab 
						başlanır. Müəllimin göstərişi ilə qruplar bir-birinə 
						suallar verir. Müəllim sadəcə dinləyir və onları 
						yönəldir. Qruplar özlərinə "presenter", 
						yəni təqdimatçı seçir. Lakin hər yeni sual-cavabda bu 
						təqdimatçıları yenə özləri dəyişir.   
						
						
						   
						
						
						Sonuncu mərhələ şagirdlərin ümumilikdə 
						qiymətləndirilməsidir.  
						
						
						Müəllim şagirdləri müxtəlif üsullarla qiymətləndirir. 
						Onları müxtəlif  hədiyyələrlə dəyərləndirir. Səbəb isə 
						şagirdlərdə həmin dərsə həvəs oyatmaq və onlar arasında 
						sağlam rəqabət hissi yaratmaqdır. 
						
						
						Məsələn, hədiyyə qazanmayan və yaxşı bal toplamayan 
						şagird gələn dəfə rəqib gördüyü dostu kimi hədiyyələr 
						qazanmaq və yaxşı bal toplamaq  üçün daha çox çalışır.
						 
						
						
						Beləliklə, 45 dəqiqəlik dərs fəal təlim metodları ilə 
						aparılır və sona çatır.  
						
						
						Bu metodlardan  mən də çox istifadə edirəm. Dərsləri 
						daha da maraqlı etmək üçün Azərbaycan Respublikası 
						Təhsil Nazirliyi tərəfindən "Electron board" və "Smart 
						Board", yəni elektron lövhə və ağıllı lövhə  
						müəllimlərin istifadəsinə  verilmişdir. Bu cür lövhələr 
						Bakı şəhərinin əksər təhsil ocaqlarında mövcuddur.  
						Mənim çalışdığım təhsil ocağında da bu cür lövhələrdən 
						var. Mən həftədə ən azı iki dəfə də olsa şagirdlərimi 
						elektron lövhədə sərbəst və interaktiv işləmələrinə 
						şərait yaradıram.   
						
						
						   
						
						
						Məsələn, hər-hansısa bir mövzunun şagirdlərim üçün ağır 
						və çətin olduğunu düşündüyüm zaman onu həmin lövhədə 
						asan bir tərzdə maraqlı slaydlarla  şagirdlərə təqdim 
						edirəm. 
						
						
						Bəzən şagirdlərin lüğəti yadda saxlamaqla bağlı problemi 
						olur. Bu zaman mən bu problemi elektron lövhədə 
						hazırladığım interaktiv tapşırıqları şagirdlərimə təqdim 
						etməklə həll etməyə çalışıram. Mən bu tapşırıqları, 
						əsasən, "MİMİO" lövhəsində hazırlayıram.
						 
						
						
						
						"MİMİO"-da 
						hazırladığım "Interactive dictionary" - yəni interaktiv 
						lüğət, tapşırıqlar toplusunu şagirdlərimə təqdim edəndə 
						onlar lüğəti yadda saxlamağın asan yollarını görüb, dərk 
						etdilər. Şagirdlərin hamısı sərbəst şəkildə həmin 
						lövhədə çalışır və sözləri təhlil edə bilirdilər. 
						
						
						Tapşırıqların bir neçəsindən nümunələr: 
						
						
						Şagird ay ərzində ona öyrədilən sözlərin slaydda 
						olduğunu və həmin sözlərin şəkillərinin də ən altda 
						olduğunu görür. Və həmin sözlərin tərcümələrini 
						xatırlayıb şəkillərini düzgün yerləşdirir. Tapşırıq 
						tamamlandıqdan sonra şagird özünün səhvini-düzünü görmək 
						üçün növbəti slayda keçir. 
						
						
						Başqa bir tapşırıq daha: 
						
						
						Şəkillərin altında cümlələr yazılır, bu cümlələr 
						yarımçıq olur. Şagird onları tamamlamaq üçün ilk öncə 
						şəkillərə nəzər yetirir və daha sonra sözlərdən birinə 
						toxunur. Seçdiyi söz düzgündürsə, o zaman həmin sözün 
						üzərində səsli
						
						
						P
						
						
						tik işarəsi görünür. 
						
						
						Yox, əgər seçdiyi söz səhvdirsə, o zaman da həmin sözün 
						üzərində səsli 
						
						 O
						
						
						iks işarəsi görünür.  
						
						
						Başqa bir tapşırıqdan nümunə: 
						
						
						   
						
						
						Lövhədə ingiliscə sözlər və bir dənə də qutu olur. Bu 
						sözlər də, əlbəttə ki, ay ərzində keçirilən sözlərdən 
						ibarətdir. Şagirdlər o sözlərin tərcümələrini tapmaq 
						üçün qutunun içinə nəzər yetirirlər.  Qutudan tapdıqları 
						tərcümələri ingiliscə olan sözlərin altından düzürlər.  
						Qutunun içində lövhədə olmayan sözlərin də tərcümələri 
						olur. Lakin şagirdlər onları deyil, sözlərə  uyğun 
						tərcümələri seçirlər. Uyğun olmayanlar isə qutuda 
						qalır.  Və hər zamankı kimi şagird öz işini yoxlamaq 
						üçün növbəti slayda keçir. 
						
						
						Daha bir neçə bunlar kimi interaktiv tapşırıqları 
						şagirdlərimə təqdim edirəm. Və nəticədən də məmnun 
						oluram. 
						
						
						Məncə, bu kimi interaktiv tapşırıqları şagirdlərimizin 
						istifadəsinə verməyimiz onların gələcək həyatında 
						düşünərək addım atmalarına və bir şəxsiyyət kimi 
						formalaşmalarına kömək edə bilər. Unutmayaq ki, 
						şagirdlərimizin uğurlu gələcəyi həm də ölkəmiz 
						Azərbaycanın uğurlu gələcəyi deməkdir.    
						
						
						
						Fəzilə MURADXANLI,  
						S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının  
						ingilis dili müəllimi 
						Email: 
						ibadovafazila@yahoo.com  |