| 
						 
						
						
						Müstəqil respublikanın davamlı inkişafı insan 
						potensialının inkişafından, insan potensialının inkişafı 
						keyfiyyətli  təhsil sistemindən, təhsil sisteminin 
						inkişafı isə bu sistemdə çalışanların pedaqoji 
						ustalığından asılıdır. Qeyd etmək lazımdır ki, 
						keyfiyyətli təhsilin aspektləri kifayət qədər genişdir 
						və bunların yerinə yetirilməsi təhsil işçilərinin 
						pedaqoji ustalığının artırılmasından asılıdır.  
						
						
						 Müəllim 
						yalnız nəzəri baxımdan  məlumatlı olmamalı, eyni zamanda 
						praktik bacarığı ilə yeni təlim texnologiyalarından 
						səmərəli istifadə etməyi bacarmalıdır. 
						
						
						Əsas və orta təhsil pilləsində həyata keçirilən 
						kurikulum islahatlarının əsas məqsədi ibtidai təhsil 
						pilləsində şagirdlərin əldə etdiyi bacarıqların əsasında 
						onlarda təbiət və cəmiyyət hadisələri, ailə və məişət 
						həyatına aid mühüm anlayışları inkişaf etdirmək, 
						biliklərdən istifadə etmək bacarıgını formalaşdırmaq və 
						ən vacib peşələrə istiqamətləndirməkdir. 
						
						
						Əsas təhsil pilləsində şagirdlər təbiət hadisələrini 
						dərk etmək, onları inteqrativ şəkildə izah etmək, 
						texnikadan baş çıxarmaq üçün təbiət fənlərinin mühüm 
						anlayışlarını öyrənir, ən vacib bilik və bacırıqlar 
						qazanır, yaşayış minimumunda  gərəkli olan başqa 
						fənlərin öyrənilməsində vacib sayılan mühüm riyazi  
						bacarıqlara  yiyələnirlər. 
						
						
						Şagirdlərdə gündəlik yaşayışlarında lazım olan ən mühüm 
						texnoloji bacarıqları yerinə yetirmək  qabiliyyətləri 
						inkişaf etdirilir. Bütün bunlar əsas təhsil pilləsində 
						qəbul olunan məzmun standartlarında öz əksini tapır. 
						
						
						Orta təhsil pilləsində fənn kurikulum islahatlarının 
						məzmun istiqamətləri aşağıdakılardır: 
						
						
						əsas təhsil pilləsində qazanılmış bilik, bacarıqların 
						inkişaf etdirilməsi, arzu maraqlar nəzərə alınmaqla 
						şagirdlərin müxtəlif profillər üzrə peşə ixtisası 
						seçməyə istiqamətlənməsi; 
						
						
						secilmiş profillər üzrə onların bilik və bacarıqlarının 
						genişləndirilməsi, idrak qabiliyyəti az inkişaf etmiş 
						şagirdlərin sadə əməkçi peşələrinə, sahələr üzrə ilkin 
						bacarıq və vərdişlərə yiyələnməsi üçün şərait 
						yaradılması və s. 
						
						
						İKT-dən təlimdə istifadə artıq müasir dövrün tələbidir. 
						Mühüm məsələlərdən biri müəllimlərə elektron təhsil 
						sistemində işləməyi öyrətmək, elektron pedaqogikanın 
						tədricən respublikada inkişafına nail olmaq, milli 
						informasiya təhsil məkanında müəllimlərin səmərəli 
						fəaliyyətini təşkil etmək, qlobal informasiya təhsilində 
						onları intellektual sistemlərlə təmin etməkdir. 
						Bacarıqlı müəllim nəzəri biliklərini peşəkarlıqla tətbiq 
						edib daim öz ustalığını inkişaf etdirməklə qarşıya 
						qoyulan vəzifənin həllinə nail ola bilər. 
						
						
						Bunun üçün müəllim konseptual sənədlərdə təsbit olunmuş 
						aşağıdakı prinsipləri reallaşdırmalıdır: 
						
						
						1.Təlim prosesində şagird şəxsiyyətini ön plana çəkmək. 
						
						
						2.Uğurlu müəllim-şagird, məktəb-ailə münasibətləri 
						yaratmaq. 
						
						
						3.Öyrənmə prosesini müasir tələblər çərçivəsində qurmaq. 
						
						
						4.Şağird nailiyyətlərini qiymətləndirməyin üsul və 
						vasitələrindən səmərəli istifadə etmək. 
						
						
						5.Qiymətləndirmə nəticələrinin təhlilinə əsasən müvafiq 
						qərarlar çıxarmaq. 
						
						
						Müəllimdən təkcə biliklərə yiyələnmək deyil, həm də 
						yaradıcılıq, inkişaf etmiş şəxsiyyət kimi fəaliyyət 
						göstərmək tələb olunur. Bu işdə onlara 
						informasiya-kommunikasiya texnologiyaları böyük imkan 
						yaradır.  
						
						
						Hazırda respublikamızda təhsil müəssisələrinin 
						kompüterləşdirilməsi, elektron lövhələrlə təmin edilməsi 
						qənaətbəxş səviyyədə olduğundan orta məktəb 
						müəllimlərinin yeni təlim texnologiyalarından istifadəni 
						öyrənməsi və tədris prosesində İKT-dən istifadə etməsi 
						zərurətini yaradır. Yeni təlim texnologiyalarından 
						istifadə edərkən aşağıdakı şərtlər nəzərə alınmalıdır: 
						
						
						1. İnkişafetdirici texnologiyalar, hər şeydən əvvəl 
						şagirdlərin əqli inkişafına zəmin yaratmalı, bilik və 
						zəruri məlumatların mükəmməl mənimsənilməsini təmin 
						etməlidir. Buna görə də müəllim çalışmalıdır ki, təlim 
						prosesində texnologiyalardan vaxtında və maksimum səmərə 
						ilə istifadə etsin. 
						
						
						2. Yeni pedaqoji texnologiyalar əslində öz mahiyyəti və 
						məqsədi etibarı  ilə inkişafetdirici texnologiyalarla 
						sıx bağlıdır. 
						
						
						İnkişafetdirici texnalogiyalardan müntəzəm istifadə 
						olunmasının əsas məqsədi intellektual zənginliyə, milli 
						və bəşəri dəyərləri layiqincə qiymətləndirməyə qabil 
						şəxsiyyət yetişdirməkdir. 
						
						
						İnkişafetdirici texnologiyalardan və müasir təlim 
						metodlarından istifadə fənn müəllimlərinin şagirdlərə 
						hər   hansı anlayışı əvvəlcədən izah etmək meylini 
						aradan qaldırır. 
						
						
						Hər hansı mövzu daxilində olan anlayışların mənasının 
						tapılması şagirdlərin təfəkkürünü və onlarda müstəqil 
						mühakimə yürütmək bacarığını inkişaf etdirir. 
						
						
						 İnkişafetdirici texnologiyalardan istifadənin 
						səmərəliliyini artırmaq üçün aşağıdakı prinsiplər diqqət 
						mərkəzində olmalıdır: 
						
						
						1. İnkişafetdirici təlimin təmin olunması üçün 
						şagirdlərə fəal qavrama şəraiti yaradılmalıdır. 
						
						
						2. Dərslərdə şagirdlərin fəallığı və informasiyaları 
						şüurlu şəkildə qəbul etmələri təmin edilməlidir. 
						
						
						3. Təlim prosesində müəllimin ortaya qoyduğu problemli 
						(problem -situasiya)  sualların həllinə şagirdlərin 
						dərrakəli şəkildə qoşulmasına şərait yaradılmalıdır. 
						
						
						4. Təlim prosesində öyrənilən mövzular əsasında 
						şagirdlərin mühakimə yürütmək, təhlil etmə və  nəticə 
						çıxarma bacarıqları  formalaşdırılmalıdır. 
						
						
						5. Tədris zamanı müəllim çalışmalıdır ki, şagirdlərdə 
						tədqiqatçılıq, yaradıcılıq və qazanılmış biliklərin 
						həyatda müstəqil şəkildə tətbiqetmə bacarıqları inkişaf 
						etdirilsin. 
						
						
						6. Təlim prosesində millilik və bəşəri dəyərlər öz 
						əksini tapmalıdır. 
						
						
						Təlim prosesində yuxarıda qeyd edilən prinsiplər nəzərə 
						alınarsa, onda təlim islahatının əsas 
						kompetensiyalarından olan əqli təfəkkürün inkişafı təmin 
						edilmiş olar. 
						
						
						Biologiya dərslərində informasiya texnologiyalarından 
						istifadə müəllimə aşağıdakı imkanları yaradır: 
						
						
						1. Təlim-tərbiyə prosesinin gedişində şagirdlərin şüurlu 
						fəaliyyətini təşkil edir. 
						
						
						2. Təlim prosesində fərdi yanaşma üsulunun tətbiqinə 
						daha böyük imkanlar  yaradır. 
						
						
						3. Qısa vaxt ərzində mikro və makro aləmdə baş verən 
						hadisə və prosesləri ardıcıllıqla izləmək imkanı 
						yaradır. 
						
						
						Biologiya dərslərində İKT vasitələrindən istifadə 
						edərkən dərsin mərhələləri əvvəlcədən aydınlaşdırılmalı 
						və hər mərhələdə görüləcək işlər planlaşdırılmalıdır.
						 
						
						
						Bununla yanaşı, bioloji biliklərin şagirdlərin həyat və 
						fəaliyyətində mühüm rol oynadığını da nəzərdə saxlamaq 
						lazımdır. Məhz bioloji təhsil sayəsində hələ 
						yeniyetməlik yaşlarından şagirdlərdə özünə, 
						ətrafdakılara, ümumiyyətlə, bütün canlılara qarşı 
						diqqətli və ehtiyatlı  yanaşma, təbiətə  məhəbbət 
						hissləri formalaşır. Şagird müəyyən dərəcədə öz 
						sağlamlığının qeydinə qalmağın nə dərəcədə mühüm 
						olduğunu anlayır, öz orqanizminin orqanlarının quruluşu  
						və funksiyalarını bilir, ekologiyanın nə demək olduğunu 
						anladığına görə onda bitki və heyvanlar aləminə qarşı 
						rəğbət hissi yaranır. Bütün bunlar şagirdlərin dünyaya 
						baxışını dəyişir, onları kamil bir şəxsiyyətə çevirir. 
						Bioloji elmlər planetimizdə unikal hadisə olan həyatın 
						qanunlarını açmaqla məktəblinin ekoloji mədəniyyətini 
						formalaşdırır. 
						
						
						Bugünkü pedaqoji tələblər yeni təlim metodlarına və İKT  
						vasitələrindən istifadəyə əsaslanaraq şagirdlərin 
						təfəkkürünün, millilik, vətənpərvərlik, beynəlmiləlçilik 
						tərbiyəsinin inkişaf etdirilməsindən və elmin son 
						nailiyyətləri ilə onları silahlandırmaqdan ibarətdir. 
						Bunun üçün fəal təlim metodları və İKT vasitələrindən 
						geniş istifadə edilməlidir.  
						
						
						
						Xalidə  CƏFƏROVA, 
						Naxçıvan MR Babək rayonu Cəhri kənd  
						2 nömrəli tam orta məktəbin biologiya müəllimi  |