| 
						 
						
						
						 Əsasında 
						şagirdləri şəxsiyyət kimi formalaşdırmaq konsepsiyası 
						dayanan kurikulum gənc nəsli müasir, sivil dünyaya 
						qovuşdurmaq məqsədini daşıyır. Kurikulum siyasətinin 
						mərkəzində şagird, onun mənəvi, psixoloji dünyası, 
						müstəqilliyi, milli dəyərlərə sahibliyi dayanır. Bunları 
						nəzərə alaraq mən də şagirdlərimizin müasir ruhda 
						tərbiyə olunmasına, şəxsiyyət kimi formalaşmasına  
						çalışıram. Yeni təlim texnologiyalarının bu məqsəd üçün 
						effektli olduğunu anladığım üçün dərslərimi bu 
						istiqamətdə qururam. 
						
						
						Ədəbiyyat dərslərində şagirdlərin həyat tərzinə, ruhuna, 
						düşüncəsinə, psixologiyasına uyğun əsərlərin tədrisi 
						zamanı yeni təlim metodlarının tətbiqi daha effektli 
						alınır. Orta məktəb ədəbiyyat kursunda elə əsərlər var 
						ki, onların tədrisi zamanı yeni təlim texnologiyalarının 
						bir çoxunun tətbiqi mümkündür. Belə əsərlərdən biri 
						S.Behrənginin "Balaca Qara Balıq" hekayəsidir. Əsər 
						məzmunu, sujet xətti, ideyası baxımından müasir 
						dövrümüzə, uşaq psixologiyasına çox yaxındır. Hekayənin 
						baş qəhrəmanı olan Qara Balıq bütün xarakteri ilə 
						kiçikyaşlı uşağı xatırladır. Öz kiçik dünyasına sığmayan 
						Balığın sərbəst həyat uğrunda sona qədər mübarizəsi 
						nəinki kiçiklər, hətta böyüklər üçün bir örnəkdir. Böyük 
						bir xalqın azadlıq arzusunu ifadə edən Balıq obrazı 
						şagirdlərin düşüncəsində müxtəlif reaksiyalar oyadır. 
						Hekayənin əvvəlində şıltaq uşaq təsiri bağışlayan kiçik 
						balığın sonda böyük bir qəhrəmana çevrilməsi, məqsədi 
						uğrunda bütün maneələri öz ağlının gücünə cəsarətlə dəf 
						etməsi şagirdləri maraqlandırmaya bilməz. Şagirdləri 
						Balıq obrazı, onun çarpışmaları, digər obraz və 
						xarakterlər haqqında, hekayənin əsas ideyası haqqında 
						düzgün düşünməyə istiqamətləndirmək üçün, ilk növbədə, 
						məzmunun mükəmməl mənimsədilməsi gərəkdir. "Balaca Qara 
						Balıq" hekayəsinin məzmununa ayrılmış bir dərs saatında 
						hekayənin mənimsənilməsi heç də asan iş deyil. Ənənəvi 
						təlimdə  bu cür dərslər, əsasən, fərdi oxudan, hissələrə 
						ayıraraq adlandırmaqdan, evdə məzmununu öyrənərək 
						nəqletmədən ibarət idi. Nəzərə alsaq ki, məzmunun düzgün 
						mənimsədilməsi əsərin təhlili üçün zəmindir, o zaman 
						belə dərslərin az dəyərli olduğu müəyyənləşər. 
						
						
						Ədəbiyyat dərslərində bədii əsərin məzmununun 
						mənimsənilməsi  üçün maraqlı yeni  üsullar var. Ziqzaq, 
						proqnozlaşdırılmış oxu, fasilələrlə oxu belə 
						üsullardandır. Hekayənin tədrisində fasilələrlə oxu 
						üsulunu effektiv hesab edirəm. Düzdür, ziqzaq və  
						proqnozlaşdırılmış oxu üsulları da maraqlıdır, ancaq bu 
						üsulların aşağı siniflərdə tətbiqi zamanı bir qədər vaxt 
						itkisi meydana çıxır. Fasilələrlə oxuda isə vaxtdan 
						səmərəli istifadə etməklə yanaşı, əsərin təhlili üçün 
						zəmin yaranır. Odur ki, S.Behrənginin "Balaca Qara 
						Balıq" hekayəsinin məzmununu aşağıdakı plan üzrə tədris 
						edirəm.  
						
						
						Motivasiya. Sinif 4 qrupa bölünür, aşağıdakı suallar və 
						şəkilli slaydlar təqdim edilir: 
						
						
						1. Balıq harada yaşayır? (Balığın yaşadığı müxtəlif su 
						hövzələrinin şəkilləri göstərilir) 
						
						
						2. Canlılar haqqında nə bilirsıniz (Qara Balığın 
						əhatəsində olan, balıqla qidalanan quşlar və dəniz 
						heyvanlarının şəkli göstərilir). Slaydlar təqdim 
						olunduqca  verilmiş suallar ətrafında şagirdlərin 
						fikirləri dinlənilir.  Cavablar müxtəlif ola bilər. 
						Düzgün cavabları səsləndirmirəm, dərsin gedişində bu 
						sualların cavablarının tapılacağını bilirəm və bunu 
						nəzarətdə saxlayıram. Ancaq şagirdlərin S.Behrəngi 
						haqqında məlumatları olmadığından S.Behrənginin həyatı 
						haqqında məlumatlar verirəm.  Tədqiqat sualı: 1. İnsan 
						azadlığını necə əldə edə bilər?  
						
						
						Tədqiqat işində əsas iş üsulumuz fasilələrlə oxu 
						olduğundan hekayənin oxusunu təşkil edirəm.  Hekayənin  
						əvvəlcədən ayrılmış  hissələri və həmin hissələrə aid 
						sualları təqdim edirəm. Hissələr oxunduqdan sonra 
						sualların cavablandırılmasını təşkil edirəm. Elan edirəm 
						ki, birinci hissədə hər qrup öz nömrəsinə uyğun  suala 
						cavab verəcək. Növbəti hissədə isə ardıcıllıqla  digər 
						nömrəli suala cavab verəcəkdir. 
						
						
						I hissə: Suallar: 1.Balıq harada yaşayirdı? Hissəni 
						adlandırın. 2.Balığın arzusu nə idi? 3.Balıq, yoxsa, ana 
						haqlıdır? 4.Balığın bu hərəkəti kimə təsir göstərdi? 
						
						
						II hissə: Suallar: 1.Balıq hara gəlib çıxdı? Hissəni 
						adlandırın. 2."Çömçəquyruqlar" kimi təmsil edirdi?  
						3.Balıq qurbağa ilə nə danışmaq istəyirdi? 4.Qurbağaya 
						haqq qazandırmaq olarmı? 
						
						
						III hissə: Suallar: 1.Balıq hansı canlılarla rastlaşdı? 
						Onlar kimi təmsil edir? Hissəni adlandırın.  2.Xəncər 
						nəyi ifadə edir?   3.Rizə balıqları  niyə balıqla getmək 
						istəmədilər?  4.Balıq Saqqa quşuna necə qalib gəldi? 
						
						
						IV hissə: Suallar: 1.Balıq arzusuna çatdımı? Hissəni 
						adlandırın. 2.Balıq hara gəlmişdi? Bura digər yerlərdən 
						nə ilə fərqlənir? 3.Balığın ölümü sizə necə təsir etdi? 
						4.Qızıl balıq nə düşünürdü? 
						
						
						Qruplar cavabları səsləndirdikcə digər qrupları fikir 
						söyləməyə, müzakirəyə cəlb edirəm. Beləliklə, dərsin 
						tədqiqatın aparılması mərhələsində məlumat mübadiləsi və 
						müzakirəsi mərhələlərini də həyata keçirmiş oluruq.
						 
						
						
						Nəticədə tədqiqat sualımızı xatırladıram. Şagirdləri 
						Balaca Balıq obrazı haqqında bir daha düşünməyə vadar 
						edirəm. Artıq şagirdlər Balaca Qara Balığın sadəcə 
						balaca qara balıq olmadığını anlayırlar. Balığın 
						xarakterindəki iradə, mətinlik, qorxmazlıq, cəsarət kimi 
						müsbət keyfiyyətləri və  bu keyfiyyətlərin də azadlığa 
						aparan əsas vasitələr olduğunu müəyyənləşdirirlər. 
						Beləliklə, şagirdlər belə nəticəyə gəlirlər: 
						
						
						"İnsan daxilindəki istəyi ilə iradə, mətinlik, 
						qorxmazlıq, cəsarət nümayiş etdirməklə  azadlıq əldə edə 
						bilər". 
						
						
						Yaradıcı tətbiqetmədə  şagirdlərə fərdi olaraq "Balaca 
						Qara Balığın arzuları və düşüncələri məndə hansı 
						duyğuları oyatdı" mövzusunda  esse yazmaq 
						tapşırılır.İşin müəyyən hissəsini ev tapşırığı kimi də 
						vermək olar. Təbiidir ki, az vaxt ərzində bu işi 
						tamamlamaq olmaz. 
						
						
						Qiymətləndirmə mərhələsini  meyarlar üzrə  həyata 
						keçirirəm. Onu da qeyd etmək istəyirəm ki, kurikulum 
						üzrə qiymətləndirmə daha çox şagirdlərin bacarıqlarına 
						əsaslanır, yəni şagird  biliyinə görə deyil, biliyi 
						tətbiqetmə bacarığına görə qiymətləndirilir. 
						
						
						Ümumiyyətlə, ədəbiyyat dərsləri həyat dərsidir.Tədris 
						olunan hər bədii əsər bir əxlaq kodeksidir. İnsan 
						yaxşını, pisi, gözəllikləri, eybəcərlikləri, insan 
						xarakterindəki ziddiyyətləri, həyatın müxtəlifliyini, 
						gözəlliklərdən zövq almağı, milli, mənəvi, bəşəri 
						dəyərlərə, etik-əxlaqi normalara yiyələnməyi bədii 
						əsərlərdən öyrənir. Bədii əsərdə öz xarakterinə, həyat 
						təcrübəsinə, psixoloji düşüncəsinə uyğun detalları 
						şagirdlər öz həyatları ilə müqayisə etdikdə effektli 
						nəticə əldə olunur. Məhz yeni təlim metodlarının 
						tətbiqinin mərkəzində bu dayanır və bununla da ədəbiyyat 
						tədrisində  uğurlu nəticələrə doğru addımlayırıq.    
						
						
						
						İqbal MƏMMƏDOV,  
						Şamaxı rayonu Nağaraxana kənd tam orta məktəbinin 
						Azərbaycan dili və ədəbiyyat müəllimi  |