Bakı
Ali Neft Məktəbi Türk Standartları İnstitutunun (TSİ)
auditorlarının apardığı beynəlxalq standartların
tətbiqinə dair qiymətləndirmə tədbirlərinin nəticəsi
olaraq ISO-nun üç istiqaməti üzrə - ISO 9001 "Keyfiyyət
idarəetmə Sistemi", ISO 14001 "Ekologiya idarəetmə
sistemi", OHSAS 18001 "Əməyin mühafizəsi və
təhlükəsizlik texnikası idarəetmə sistemi" beynəlxalq
sertifikatlarına sahib oldu. Aprelin 16-da keçirilən
sertifikatların təqdimetmə mərasimində ARDNŞ-nin kadr,
rejim və informasiya texnologiyaları üzrə
vitse-prezidenti Xalik Məmmədov, Türkiyənin
Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Türkiyə
Standartları İnstitutunun Baş katibinin müavini Coşqun
Şəntürk, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini
Yaqub Piriyev, TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim
Çələbi, BANM-in rəhbərliyi və professor-müəllim heyəti
iştirak ediblər.
İclası açan BANM-in rektoru Elmar Qasımov deyib ki, Bakı
Ali Neft Məktəbinin əsas missiyası milli qanunvericiliyə
uyğun olaraq, vətənpərvərlik və dövlətçilik
prinsiplərinə əsaslanaraq, dünyada tətbiq olunan
beynəlxalq standartların tələbləri səviyyəsində tədris
prosesini həyata keçirməkdir. O bildirib ki, BANM-da
sağlamlıq, əməyin mühafizəsi və ətraf mühitin
mühafizəsinin təmin edilməsi ilə yüksək keyfiyyət
göstəricilərinə nail olmaq istiqamətində bütün tədbirlər
görülməkdədir. Rektor qiymətləndirmə zamanı BANM-in
strukturları ilə əməkdaşlığa və keyfiyyətin təminatı
işinin səmərəsinin artırılmasına verdikləri töhfəyə görə
TSİ-nin təmsilçilərinə təşəkkürünü bildirib.
Tədbirdə ARDNŞ-nin kadr, rejim və informasiya
texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov,
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper, Türk
Standartları İnstitutunun (TSİ) Baş katibinin müavini
Coşqun Şəntürk çıxış ediblər.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub
Piriyev təhsil naziri Mikayıl Cabbarovun salamını tədbir
iştirakçılarına çatdırıb. Yaqub Piriyev çıxışında əmək
bazarının tələblərinə uyğun kadrların hazırlanması
istiqamətində BANM-in öncüllərdən biri olduğunu
vurğulayıb. O qeyd edib ki, bu standartlara sahib olmaq
gələcəkdə BANM-in məzunlarının iş imkanlarını daha da
asanlaşdıracaq.
Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı
təmsilçisi Səlim Çələbi Bakı Ali Neft Məktəbinin bütün
istiqamətlər üzrə fəaliyyətini yüksək qiymətləndirərək
ali məktəbdə olan idarəetmə sisteminin, tədris
prosesinin təşkilinin müasir tələblərə və standartlara
uyğun olduğunu xüsusi olaraq qeyd edib.
Sonda Bakı Ali Neft Məktəbinə beynəlxalq standartların
üç istiqaməti üzrə uyğunluq sertifikatlarının təqdimetmə
mərasimi baş tutub.
Qeyd edək ki, BANM ilk və yeganə ali təhsil
müəssisəsidir ki, ISO-nun üç istiqaməti üzrə beynəlxalq
sertifikatlara sahib oldu. Bu sertifikatlar ali məktəbin
müəllimlərinə, tədqiqatçılarına beynəlxalq layihələrdə
iştirak etmək imkanı verəcək.
İctimaiyyətlə əlaqələr şöbəsi |