Şagirdlərə "Xocalı soyqırımı" kitabı
paylanılıb
Gəncə Dövlət Universitetinin professor və müəllimlərinin
məqalələrindən ibarət "Xocalı soyqırımı" kitabının
təqdimatı olub.
Gəncə Dövlət Universitetindən aldığımız məlumatda
bildirilir ki, tədbirdə ali təhsil ocağının prorektoru
Asif Cavadov, kitabın redaktorları, professor Həsənbala
Sadıqov və Cavid Bağırzadə çıxış edərək XX əsrin ən
dəhşətli faciəsi olan Xocalı soyqırımı ilə bağlı kitabda
verilmiş məqalələrdən danışıblar.
Sonra yığıncaqda iştirak edən orta məktəb müəllimlərinə
və şagirdlərə kitabın nüsxələri paylanılıb.
Gəncə Şəhər Təhsil İdarəsinin metodmərkəzinin müdiri
Söhrab Hacıyev müəlliflərə minnətdarlıq edərək bu
kitabın həm müəllimlərin, həm də şagirdlərin faciə ilə
bağlı daha çox maarifləndirilməsi üçün lazımi dərs
vəsaiti olduğunu diqqətə çatdırıb.
"Narkomaniya əleyhinə mübarizəni
birlikdə aparaq"
Bərdə rayonunun ümumtəhsil məktəblərində yuxarı sinif
şagirdlərinin iştirakı ilə "Narkomaniya əleyhinə
mübarizəni birlikdə aparaq" devizi ilə silsilə tədbirlər
keçirilir.
Təhsil şöbəsindən aldığımız məlumatda bildirilir ki,
rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı
ilə növbəti maarifləndirmə tədbiri Zümürxan kənd tam
orta məktəbində baş tutub.
Tədbirdə çıxış edənlər narkomaniya, psixotrop maddələrin
və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin
sağlamlığı üçün yaratdığı təhlükədən geniş bəhs ediblər.
Vurğulanıb ki, narkomaniyaya qarşı cəmiyyətin bütün
üzvləri mübarizə aparmalı, uşaq və gənclər arasında
maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır.
Diskussiya şəklində keçən tədbirdə şagirdləri
maraqlandıran suallar cavablandırılıb.
Oğuzda məktəbin yeni binasının açılışı
olub
Rayon təhsil şöbəsinin metodisti E.Əzimli tərəfindən
verilən məlumata görə, rayondakı 2 mərtəbəli, 220
şagird yerlik T.Babayev adına Yaqublu kənd tam orta
məktəbinin yeni tədris binasının açılış mərasimi olub.
Tədbirdə məktəbin direktoru İmran Verdiyev, XI sinif
şagirdi Əfsanə Babayeva, Azərbaycan dili və ədəbiyyat
müəllimi Aygün Atakişiyeva və məktəbin valideyn
komitəsinin sədri Sevil Manafova çıxış edərək təhsilə
göstərdiyi diqqət və qayğıya görə Prezident İlham
Əliyevə minnətdarlıqlarını bildiriblər.
Astarada rayon birinciliyinin
qalibləri mükafatlandırılıb
Astarada "Şahin" hərbi-idman oyunları üzrə rayon
birinciliyi keçirilib. Təhsil şöbəsindən bildirilir ki,
rayon gənclər və idman idarəsi, təhsil, mədəniyyət və
turizm şöbələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin
təşkilatçılığı ilə keçirilən və doqquz gün davam edən
rayon birinciliyində ümumtəhsil məktəblərini təmsil edən
29 komandanın 434 üzvü qələbə uğrunda mübarizə aparıb.
Astara şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən
yarışların final mərhələsində birinci, ikinci və üçüncü
yerləri müvafiq olaraq Şiyəkəran kənd 2, Astara şəhər 3
nömrəli və Siyaku kənd tam orta məktəblərinin
komandaları tutublar.
Şiyəkəran kənd 2 nömrəli tam orta məktəbin komandası
aprelin 21-22-də Cəlilabad rayonunda keçiriləcək zona
yarışlarında Astara rayonunu təmsil etmək hüququ
qazanıb.
Qaliblərə diplom, fəxri fərman və qiymətli hədiyyələr
verilib.
"Narkomaniya əsrin bəlasıdır"
Biləsuvar Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda
bildirilir ki, məktəblərdə maarifləndirmə xarakterli
tədbirlərə başlanılıb. Bu tədbirlərin keçirilməsində
məqsəd bəşəriyyətin bəlasına çevrilən narkomaniyanın
fəsadları barədə şagirdləri məlumatlandırmaqdır.
Belə tədbirlərdən biri Biləsuvar şəhər 4 nömrəli tam
orta məktəbdə keçirilib. "Narkomaniya əsrin bəlasıdır"
mövzusunda keçirilən tədbirdə respublikamızda narkotik
vasitələrin dövriyyədən çıxarılması və belə təzahürlərə
qarşı mübarizə ilə bağlı görülən işlər barədə məlumat
verilib, narkomaniyanın fəsadlarından danışılıb.
Son illər narkotik vasitələrdən istifadə edənlərin
sırasında yeniyetmələrin sayının artdığı da təəssüflə
qeyd olunub və belə vərdişlərə qarşı mübarizə aparmaq
üçün müəllim və şagirdlər ayıq-sayıq olmağa çağırılıb.
Göyçayda 434 məktəbli qüvvəsini
sınayıb
Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin
gücləndirilməsi məqsədilə Göyçay Peşə Liseyində "Şahin"
hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.
Peşə liseyindən bildirilib ki, turnirdə rayonun 31 orta
ümumtəhsil məktəbinin VIII-X sinif şagirdlərindən ibarət
komandaları bacarıqlarını nümayiş etdiriblər. Yarışa
ümumilikdə 434 məktəbli qatılıb. Məktəblilər sıra
hazırlığı, maneələri dəfetmə, avtomatın
sökülüb-yığılması, 100 metr məsafəyə qaçış, turnikdə
dartınma, mülki müdafiə hazırlığı, sanitarların yarışı
və digər mərhələlər üzrə qüvvələrini sınayıblar.
Yarışda şəhər 1 nömrəli tam orta məktəbin komandası I,
3 nömrəli tam orta məktəbin şagirdləri II, 4 nömrəli tam
orta məktəbin "şahin"ləri isə III yeri tutublar. Birinci
yeri tutan komanda aprelin 21-də Kürdəmirdə keçiriləcək
"Şahin" hərbi-idman oyunlarının zona yarışında iştirak
edəcək.
Məktəblilərə ümummilli liderin həyatı
və fəaliyyəti barədə ətraflı məlumat verilib
Sumqayıtdakı
Heydər Əliyev Mərkəzində "Ümummilli lider Heydər
Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi
inkişafının təminatçısıdır" mövzusunda keçirilən növbəti
"açıq dərs"də Qubadlı rayonunun Mərdanlı və Saray kənd
tam orta məktəblərinin XI sinif şagirdləri iştirak
ediblər.
Şəhər təhsil idarəsindən bildirilib ki, ötən ilin
noyabr ayından başlayan dərslərə indiyədək rayonun 31
ümumtəhsil məktəblərindən 400 şagird qatılıb. Həmin
şagirdlərdən 85-i Bakı şəhərində, 46-sı Abşeron
rayonunda, 269-u isə Sumqayıt şəhərində fəaliyyət
göstərən məktəblərin şagirdləridir.
Məktəblilərə ümummilli liderin həyatı və fəaliyyəti
barədə ətraflı məlumat verilib. Azərbaycançılıq
məfkurəsinin formalaşması, milli kadrların yetişməsi,
müstəqil dövlət təsisatlarının yaranmasında ulu öndərin
müstəsna xidmətləri qeyd edilib.
Bildirilib ki, "açıq dərs"lərin təşkilində məqsəd
ümummilli lider Heydər Əliyevin yüksək ideyalarını,
ölkəmizin dövlət quruculuğu prosesində bu dahi
şəxsiyyətin rolunu və xidmətlərini öyrənmək və bütün
bunları gənc nəsillərə çatdırmaqdır. Diskussiya
şəraitində aparılan "açıq dərs"də şagirdlərin sualları
cavablandırılıb.
Sonda şagirdlər ulu öndər Heydər Əliyevin keçdiyi
şərəfli həyat yolunu əks etdirən eksponat, fotoşəkil və
kitablarla tanış olub, sənədli filmə baxıblar.
Kürdəmirdə "Şahin" hərbi-idman
oyununun rayon birinciliyi keçirilib
Rayon
təhsil şöbəsindən redaksiyamıza daxil olan məlumatda
qeyd olunur ki, ümumtəhsil məktəblərinin VIII-X sinif
şagirdləri arasında "Şahin" hərbi-idman oyununun
Kürdəmir rayon birinciliyi keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd ümumtəhsil
məktəblərinin şagirdlərində vətənimizin müdafiəsi ilə
bağlı mənəvi-psixoloji keyfiyyətlərin gücləndirilməsi,
məktəblərdə döyüş və vətənpərvərlik ənənələrinə sadiq
olan şəxslər və əsl vətəndaşlar yetişdirmək olub.
Rayon təhsil şöbəsinin müdir əvəzi Xəqani Qurbanov
yeniyetmə gənclərin gələcəyin əsgərləri kimi Silahlı
Qüvvələrdə hərbi xidmətə layiq şəxsiyyət kimi tərbiyə
olunmasını onların vətəndaşlıq borcu olduğunu qeyd
etməklə yarışda iştirak edən hər bir komanda üzvünə
uğurlar arzulayıb.
Bildirilib ki, "Şahin" hərbi-idman oyununun rayon
birinciliyində 43 ümumtəhsil məktəbinin komandası
birincilik uğrunda mübarizə aparıb. Hərbçi
mütəxəssislərin daxil olduğu hakimlər heyətinin yekun
qərarına əsasən Çöhranlı kənd tam orta, şəhər 6 və 1
nömrəli tam orta məktəblərinin komandaları müvafiq
olaraq I-II-III yerlərə layiq görülüblər.
"Sağlam həyat naminə erkən nikaha yox
deyək" mövzusunda tədbir
Cəlilabad
Rayon Təhsil Şöbəsindən verilən məlumatda bildirilir
ki, rayonun Sabirabad kəndindəki 1 nömrəli tam orta
məktəbdə "Sağlam həyat naminə erkən nikaha yox deyək"
layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə
təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun təhsil,
səhiyyə, mədəniyyət və polis işçiləri, valideynlər,
məktəbin yuxarı sinif şagirdləri və ictimaiyyətin
nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir
iştirakçıları erkən nikahla bağlı filmə baxıblar.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbirin
məqsəd və vəzifələrindən danışıb. Komitə tərəfindən
hazırlanmış "Heydər Əliyev və dövlət qadın siyasəti"
kitabı haqqında tədbir iştirakçılarına məlumat verən
S.Qəhrəmanova komitədə "Valideyn məsuliyyəti haqqında"
Qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb.
Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin
baş məsləhətçisi Aynur Veysəlova mövzu ilə bağlı məruzə
edib.
Tədbirdə çıxış edənlər erkən nikahların qarşısını almaq
məqsədilə təkliflərini bildiriblər.
Mingəçevirdə "Məktəbli kuboku"
velosiped yarışı keçirilib
Mingəçevir
Şəhər Təhsil Şöbəsindən redaksiyamıza daxil olan
məktubda bildirilir ki, Azərbaycan Velosiped İdmanı
Federasiyası (AVİF) və "Gənclər üçün Təhsil Mərkəzi"
İctimai Birliyinin birgə təşəbbüsü ilə məktəblilərin
Əlağa Şıxlinskinin xatirəsinə həsr olunmuş "Məktəbli
kuboku" velosiped yarışı keçirilib.
Şəhər stadionu ərazisində keçirilən yarışda 13 məktəbin
komandası iştirak edib. İlkin mərhələdən sonra finala
vəsiqə qazanan 4 komanda müəyyənləşib. Həlledici
yürüşdə bütün rəqiblərini qabaqlayan 2 nömrəli məktəbin
komandası yarışın qalibi olub. 13 nömrəli tam orta
məktəbin kollektivi II, 3 nömrəli tam orta məktəbin
velosipedçiləri isə III yeri tutub.
İlk 3 yeri tutan komandalar AVİF tərəfindən kubok, medal,
diplom və pul mükafatları ilə təltif ediliblər.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |