Bakıdakı
108 nömrəli tam orta məktəbdə 15 aprel - Beynəlxalq
Mədəniyyət Günü ilə əlaqədar mərasim keçirildi. Tədbiri
məktəbin direktoru Narınc Mehdiyeva açaraq bu günün
yaranma tarixindən danışdı. O, bu günün əhəmiyyətindən
söz açaraq bildirib ki, şagirdlər, gənclər öz mədəni
irsinə, musiqisinə, mədəni abidələrinin, dünya
sivilizasiya tarixində silinməz iz qoymuş korifeylərin
əsərlərinə dərindən yiyələnməli və onları qoruyub
gələcək nəsillərə çatdırmalıyıq. Direktor eyni zamanda,
şagirdlərə dünya mədəniyyəti incilərinə yaxından bələd
olmağı tövsiyə etdi.
Maştağa qəsəbəsindəki H.Abbasov adına Mədəniyyət evinin
direktoru Kamal Qədimov, müavini Salman Bağırov da
çıxışlarında dövlətimizin bu gün mədəniyyət sahəsinə
qayğısından, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın Azərbaycan musiqisini, mədəniyyətini
dünyada tanıtmaq istiqamətində gördüyü işlərdən
danışdılar.
Məktəbin müəllimi Pərvanə Qədimova Azərbaycan və dünya
mədəniyyəti nümunələrini əks etdirən slayd təqdim etdi.
Aparıcılar, 9-cu sinif şagirdləri Aytac Bağıyeva və
Maqsud Hüseynov dünyada ən qədim yaşayış məskəni olan
Azıx mağarasından, bəşərin ən böyük kəşflərindən olan
yazı mədəniyyətinin formalaşmasından, bu ilin iyunun
12-də Bakıda keçiriləcək ilk Avropa Oyunlarına qədər
idmanın keçdiyi yoldan danışdılar.
Məktəbin musiqi muəllimi Afət Orucovannn rəhbərliyi ilə
şagirdlərin ifasında maraqlı musiqi nömrələri nümayiş
olundu. Məktəbin yetirməsi, Bülbül adına Orta İxtisas
Musiqi Məktəbinin şagirdi, respublika muğam
müsabiqəsinin iştirakçısı Ağaniftulla Məmmədli Tofiq
Quliyevin "Üzüyümün qaşı" mahnısını, 8-ci sinif
şagirdləri İmaməli Tağıyevin sazda ifa etdiyi aşıq
musiqisi, Ramal Allahverdiyev və Günel Məlikovanın fars
və tacik rəqsləri, Ü.Hacıbəylinin "Arşın mal alan"
əsərindən "Qızların rəqsi", 6-cı sinif şagirdi Gülər
Novruzovanın ifasında "Çay" rəqsi, həmçinin şagirdlərin
iştirakı ilə hazırlanan flaşmob tədbir iştirakçılarında
xoş ovqat yaratdı. Onuncu sinif şagirdi Jalə Əliyevanın
isə dahi ingilis dramaturqu V.Şeksprin "Hamlet"
əsərindən ingilis dilində ifa etdiyi Hamletin monoloqu
alqışlarla qarşılandı.
Sonda 9-cu sinif şagirdi Solmaz Haşımovanın ifa etdiyi
"Azərbaycan" mahnısı gənc, müstəqil dövlətimizin,
xalqımızın bundan sonra da dünya mədəniyyətinə böyük
töhfələr verəcəyinə bir daha əminlik yaratdı.
Samirə DADAŞOVA,
Bakıdakı C.Nurməmmədov adına 108 nömrəli tam orta
məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi |