Aprelin
20-də Respublika fənn olimpiadalarının final mərhələsi
qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, ali məktəb
rektorları, millət vəkilləri, nazirliyin struktur bölmə
rəhbərləri, təhsil ekspertləri, məktəb direktorları,
qabaqcıl müəllimlər, valideynlər, şagirdlər və media
nümayəndələri iştirak ediblər.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan təhsilinin
hərtərəfli inkişafının daim dövlətin diqqət mərkəzində
olduğunu söyləyərək əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulmuş siyasətin bu gün ölkə Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam
etdirildiyini bildirib. Nazir, həmçinin Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu
istiqamətdə həyata keçirdiyi davamlı layihələrin
müstəsna əhəmiyyət daşıdığını nəzərə çatdırıb.
Nazir qeyd edib ki, fənn olimpiadalarının final
mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər və rayon
məktəblərindən 450 şagird iştirak edib. Bu il fənn
olimpiadalarının keçirilməsi bir sıra yeniliklərlə
müşayiət olunub. İlk dəfə olaraq üç mərhələdə keçirilmiş
fənn olimpiadalarının I - rayon (şəhər) mərhələsində 8
fənn üzrə 22000 şagird iştirak edib. 3700 şagirdin
iştirakı ilə bu ildən ilk dəfə olaraq, keçirilmiş
yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan,
Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və
Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub. Final
mərhələsində iştirak edən şagirdlərdən 240 nəfərin
mükafatçılar sırasına daxil olduğunu nəzərə çatdıran
nazir qaliblər arasından beynəlxalq fənn
olimpiadalarında iştirak edəcək namizədlərin
seçiləcəyinə diqqət çəkib.
Təhsil
naziri Mikayıl Cabbarov bildirib ki, bu il ölkədə fənn
olimpiadalarının keçirilməsi qaydalarına əsaslı
dəyişikliklər edilib: "İnanırıq ki, iştirakçılar
arasında sabahın dünya və beynəlxalq olimpiadasının
qaliblərini görəcəyik".
Nazir qeyd edib ki, builki olimpiadanı beynəlxalq
analoji olimpiadanın qaydalarına uyğun keçirməklə
müəyyən təcrübə qazanmaq məqsədi daşıyırdı. Onun
fikrincə, Azərbaycanın təhsil sahəsində uğurları ilə
fəxr etməyə bir çox səbəbləri var: "2013-2014-cü tədris
ilində beynəlxalq və dünya olimpiadalarında 18 qızıl
medal qazanılıb. İnanırıq ki, builki uşaqların
nəticələri daha da yüksək olacaq. Olimpiadaya olan
münasibətin ən yaxşı göstəricisi ora qatılan şagirdlərin
sayıdır. Bu il olimpiadaya 22 min şagird qatılıb. Bu da
ötən illə müqayisədə 4 dəfə çoxdur. Builki qaliblər
ölkənin 23 bölgəsindən gəlib və bu da müxtəlif
bölgələrdə istedadlı gənclərin yetişməsi üçün lazımlı
şəraitin olmasından irəli gəlir. Qızıl medal qazanan
şagirdlər respublikanın 14 bölgəsini təmsil edib və bu
da yüksək göstəricidir".
Təhsil naziri bu il Azərbaycan üçün böyük yarışlar və
olimpiadalar ili olduğunu vurğulayıb: "Ən böyük yarış
Avropa oyunlarıdır və iyunda bu yarışın ölkəmizdə
keçirilməsi ilə dövlətimiz adını idman tarixinə yazır.
Eyni zamanda ölkəmizdə beynəlxalq dünya kimya
olimpiadası keçiriləcək. Bu tədbirin yüksək səviyyədə
keçirilməsi üçün bütün lazımi işlər görülür".
Çıxışının sonunda təhsil naziri orta məktəb
şagirdlərinin olimpiadalara xüsusi hazırlıq
mərhələsindən keçməsinin vacibliyini nəzərə çatdırıb və
belə möhtəşəm bilik yarışının təşkilində zəhməti olan
hər kəsə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edənlər belə bilik yarışlarının təhsilin
inkişafına müsbət təsir etdiyini vurğulayıblar.
Olimpiadaların sonuncu günündə qaliblərə medallar və
Təhsil Nazirliyinin qiymətli hədiyyələri təqdim edilib.
Xatırladaq ki, fənn olimpiadalarının keçirildiyi gün
nəticələr elan olunub və Təhsil Nazirliyinin rəsmi
internet saytında (www.edu.gov.az)
və "Facebook" səhifəsində (www.facebook.com/tehsil.gov.az)
yerləşdirilib.
Tədbirin media dəstəkçisi APA holdinqdir. |