Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və
Təcrübəçilik Mərkəzi (RETTM) yeni təhsil proqramına
start verir.
YUNESKO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyasının muzey və təhsil proqramları layihəsi
çərçivəsində reallaşdırılacaq yeni proqram 18 may -
Beynəlxalq Muzey Gününə həsr olunur.
Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və
Respublika Turizm və Diyarşünaslıq Mərkəzinin birgə
təşəbbüsü ilə həyata keçiriləcək "Məktəblilər üçün muzey
həftəsi - muzeylər və ekologiya" proqramının məqsədi
məktəblilərin Bakı şəhərində fəaliyyət göstərən
muzeylərin tarixi, etnoqrafik-mədəni ekspozisiyası
barədə maarifləndirilməsidir.
Layihə üzrə mövzuya aid eksponatlar, artefaktlar,
yaradıcılıq işləri haqqında məlumat toplayaraq xüsusi
interaktiv metodiki - maarifləndirici marşrutlar müəyyən
ediləcək və muzey proqramları təşkil olunacaq.
Eyni zamanda məktəblilər ölkənin aparıcı muzeylərinin
kolleksiya fondunun ekoloji və etnoqrafik aspektləri ilə
tanış olacaqlar. Həmçinin, şagirdlərə insan, ətraf mühit
və cəmiyyətin davamlı inkişaf konsepsiyası barədə
məlumat veriləcək.
Qeyd edək ki, hər il mayın 18-i Beynəlxalq Muzey Günü
kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (İKOM)
tərəfindən 2015-ci il "Muzeylər və cəmiyyətin davamlı
inkişafı" ili elan edilib. |