| 
						
						Bakıdakı Mikayıl Müşfiq adına 18 nömrəli tam orta 
						məktəbdə  "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə 
						vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə 
						mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər 
						barədə" Azərbaycan Respublikası təhsil nazirinin əmrinə 
						müvafiq olaraq tez-tez   tədbirlər keçirilir. 
						 
						
						Bu günlərdə məktəbdə şairlər Musa Yaqub, Ramiz 
						Qusarçaylı və bədii qiraət ustası, əməkdar artist Ağalar 
						Bayramovla keçirilən  görüş də həmin silsilədən növbəti 
						tədbir idi. "Biliyə aparan yeganə yol mütaliədir" 
						mövzusunda  tədbiri məktəbin direktoru Səkinə Məmmədova  
						açaraq  qonaqları  salamladı və dəvətlərini qəbul edib 
						görüşə təşrif buyurduqlarına görə onlara pedaqoji 
						kollektiv adından minnətdarlığını bildirdi.  Qeyd etdi  
						ki, ötən həftə  məktəbdə "Nağıllar dünyası" adlı rəsm 
						sərgisi də keçirilib. Həmin sərgi  şagirdlərdə mütaliəyə 
						maraq oyatmaqla  yanaşı onlarda nağıl qəhrəmanlarını 
						təsvir etmək bacarıqlarını da üzə çıxarıb. Şagirdlər  
						nağıl personajlarının maketlərini  hazırlayıb  nümayiş 
						etdiriblər. Əl işləri bəyənilən şagirdlər diplomlarla   
						mükafatlandırılıb. 
						
						Sonra tədbirin aparıcısı, məktəbin dil-ədəbiyyat 
						müəllimi Aynur Mustafayeva Musa Yaqubun yaradıcılığı 
						barədə ətraflı məlumat verdi.   Qeyd etdi ki, "Təbiət 
						şairi" adlandırılan  Musa Yaqub  təbiətlə bağlı olan, 
						təbiətin füsunkarlığından məftun qalan bir lirik şairdir. 
						
						Qiraət ustası Ağalar Bayramov şairlərin bir neçə şeirini  
						ifa edərək iştirakçılarda  xoş ovqat yaratdı. 
						
						Sonda söz Musa Yaquba verildi. O, məktəblə bağlı 
						xatirələrini iştirakçılarla bölüşdü və bir neçə  şeirini 
						söylədi. Şagirdlərin ifasında  şairin "Təbiət mənimlə 
						danışır" və başqa şeirləri səsləndirildi.  Məktəbin 
						tarix müəllimi Bəsti Ağayeva da şairin "Bu  dünyanın 
						qara daşı göyərməz" şeirini özünəməxsus ustalıqla ifa 
						etdi.  
						
						Yaradıcılığında vətənpərvərlik mövzusuna yer ayıran şair 
						Ramiz Qusarçaylı da görüş zamanı seçmə şeirlərindən bəzi 
						nümunələri öz ifasında təqdim etdi. 
						
						Xoş əhvali-ruhiyyə ilə başlanan tədbir həmin  notlarla 
						da  sona yetdi.  
						
						
						Sifai SƏFƏROVA,"Azərbaycan müəllimi"
 |