Aprelin
23-də Bakıdakı humanitar fənlər təmayüllü məktəb-liseydə
təhsil ocağının II sinif şagirdlərinin iştirakı ilə "Yer
kürəsi bizim evimizdir" adlı tədbir keçirildi. Tədbirdə
məktəb-liseyin müəllim-şagird kollektivi ilə yanaşı
valideynlər və qonaqlar da iştirak edirdilər. Azərbaycan
Respublikasının Dövlət himni səsləndirildikdən sonra
aparıcılar tədbiri açıq elan etdilər. Yer kürəsi, irqlər
və Azərbaycanın füsunkar təbiəti haqqında videoçarxlar
tədbir iştirakçıları tərəfindən izlənildi. Sonra
şagirdlərin ifasında "Oynaya-oynaya", "Qoy həmişə günəş
olsun" mahnıları səsləndirildi, şeirlər söylənildi.
Müxtəlif xalqların rəqsləri şagirdlər tərəfindən
məharətlə ifa olundu. Bundan başqa, mövzu ilə bağlı
müxtəlif hadisələrin səhnələşdirilməsi və həmin
səhnəciklərin öhdəsindən uşaqların məharətlə gəlmələri,
hazırlanmış xüsusi musiqili kompozisiyalar da
iştirakçılarda xoş təəssürat oyatdı.
Tədbirdə çıxış edən məktəb-liseyin direktoru Nəzakət
Əsgərova iştirakçıları salamladı. Mövzunun əhəmiyyətli
olduğunu və şagirdlərin gələcək həyatına çox müsbət
təsir edəcəyini bildirdi. Son illər ətraf mühitin
mühafizəsi, ekologiyanın qorunması istiqamətində dövlət
tərəfindən aparılan işlərdən danışan direktor ölkə
Prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət
yetirdiyini nəzərə çatdırdı. Bu istiqamətdə
maarifləndirmə və təbliğat işlərinin əhəmiyyətindən söz
açan N.Əsgərova təhsil müəssisələrinin üzərinə də böyük
vəzifə düşdüyünü qeyd etdi. Şagirdlərdə vətənə, torpağa,
insanlara sevgi hissinin aşılanmasının vacibliyini
vurğuladı.
Tədbirin uşaqlarda ətraf mühiti qorumaq hissinin
formalaşdırılmasında, onların artıq kiçik yaşlarından
dünyanın qlobal problemlərindən biri olan ekologiyanın
çirklənməsinə diqqətlərinin yönəldilməsinə, irqindən,
milliyyətindən asılı olmayaraq insanlara sevgi
aşılanması yönündə öz müsbət təsirini göstərəcəyini dedi.
Tədbirin təşkil olunmasında zəhməti keçən hər bir şəxsə,
xüsusilə məktəb-liseyin ibtidai sinif müəllimləri İlahə
Quliyeva və Cəmilə Rzayevaya təşəkkürünü bildirən
N.Əsgərova belə tədbirlərin davamlı olacağını söylədi.
Sonda Yer kürəsi şəklində hazırlanmış tort şagirdlər
tərəfindən kəsildi, xatirə şəkli çəkildi.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |