| 
						
						
						 Rusiyanın 
						M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin 
						psixologiya fakültəsinin nümayəndə heyəti   MDU-nun Bakı 
						filialında  olub. MDU-nun psixologiya fakültəsinin 
						dekanı,  psixologiyanın metodologiyası kafedrasının 
						müdiri, psixologiya elmləri doktoru, professor,  Rusiya 
						Təhsil Akademiyasının (RAO) həqiqi üzvü, akademiyanın 
						rəyasət heyətinin akademik-katibi  Yuri Zinçenkonun 
						rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Bakı 
						filialının rektoru, filologiya elmləri doktoru, 
						professor, AMEA-nın müxbir üzvü  Nərgiz Paşayeva 
						psixologiya fakültəsinin tədris prosesi barədə qonaqlara 
						məlumat verib. 
						
						Görüşdən əvvəl tələbələr qarşısında çıxış edən Nərgiz 
						Paşayeva əmin olduğunu bildirib ki, MDU-nun Bakı  
						filialının psixologiya fakültəsində oxuyan tələbələr 
						gələcəkdə psixologiya elmi ilə məşğul olacaq parlaq 
						mütəxəssislər olacaqlar.  "Mən dəfələrlə demişəm ki, 
						MDU-nun Bakı  filialının psixologiya fakültəsi ölkədə 
						ilk psixologiya fakültəsidir.  Bu cür ixtisas bizdə Bakı 
						Dövlət Universitetinin  sosial elmlər və psixologiya 
						fakültəsində verilir. Əlbəttə ki, orada yaxşı alimlər 
						çalışır, lakin onların sayı bizim ölkənin tələbatlarına 
						cavab vermir", - deyə Bakı  filialının rektoru qeyd edib. 
						Nərgiz Paşayeva  ümidvar olduğunu bildirib ki,  
						psixologiya elmi M.V.Lomonosov adına MDU-nun Bakı 
						filialının məzunlarının timsalında yeni adlar və 
						perspektivlər qazanacaq. MDU-nun Bakı filialının 
						rəhbəri  qeyd edib ki,  baxmayaraq psixologiya  bir elm 
						sahəsi kimi gəncdir, bu gün aktualdır  və ona  tələbat  
						var,  insanın  şüuru haqqında anlayışları öyrənir.  Bu, 
						hazırda   ayrıca bir  insanın  və sosiumun həyatında  
						mühüm aspektdir.  
						
						Görüşdə çıxış edən professor Y.Zinçenko bildirib ki, 
						Bakı filialının psixologiya fakültəsində MDU-nun   ən 
						yaxşı  psixoloqları çalışır. Onun sözlərinə görə, 
						Moskvadan ən yaxşı müəllimlər məmnuniyyətlə Bakıya 
						gəlirlər. O qeyd edib ki,  MDU Avropa standartlarına 
						uyğun təhsil verən yeganə universitetdir,  MDU-nu  
						bitirmiş istənilən məzun  Avropa Birliyi   ərazisində  
						işləyə bilər. Yuri Zinçenkonun sözlərinə  görə, görüşdə 
						Bakı filialının  məzunlarının gələcək elmi-pedaqoji 
						fəaliyyətinin  təşkili məsələsi müzakirə olunub.  Artıq 
						təhsil ocağında bakalavriat və magistratura strukturu 
						vardır,   növbəti mərhələdə aspirantura və dissertantura  
						səviyyələrində  təhsilin davam etdirilməsi   
						perspektivləri  müzakirə olunub ki,  təhsil silsiləsi 
						tam olsun.  
						
						Daha sonra  moskvalı qonaq tələbələrin suallarını 
						cavablandırıb.  
						
						
						Oruc MUSTAFAYEV,"Azərbaycan müəllimi"
 |