Aprelin
29-da Qafqaz Universitetində ümummilli lider Heydər
Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş
ənənəvi VII Beynəlxalq Gənclik və Multikulturalizm
festivalı keçirilib. Tədbirdə Abşeron Rayon İcra
Hakimiyyətinin, xarici ölkələrin Azərbaycandakı
səfirliklərinin nümayəndələri və digər qonaqlar,
müəllimlər, tələbələr iştirak ediblər.
Qafqaz Universitetinin 25-dən çox tələbə maraq klubunun
fəal təşkilatçılığı və iştirakı ilə keçən festivalda
universitetin geniş həyətində çadırlar qurulub, bu
çadırlarda müxtəlif ölkələrin təhsili, mədəniyyəti,
milli mətbəxinə həsr olunmuş stendlər nümayiş olunub,
iştirakçılara müxtəlif növ milli şirniyyatlar təklif
edilib.
Festivalda açılış nitqi söyləyən Qafqaz Universitetinin
rektoru, professor Ahmet Saniç tədbir iştirakçılarını
salamlayaraq bu ənənəvi gənclik bayramının ulu öndərin
ruhunu anmaq, onun bizə bəxş etdiyi müstəqil
Azərbaycanın gəncliyə və millətlərarası dialoqa olan
qayğısını nümayiş etdirmək məqsədi ilə təşkil edildiyini
bildirib. Rektor diqqətə çatdırıb ki, Azərbaycan
Respublikasının Prezidenti, möhtərəm İlham Əliyev
cənablarının müvafiq fərmanı əsasında Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin yaradılması ilə əlaqədar
altı ildən bəri davam edən festivalın adına bu ildən "multikulturalizm"
sözü də əlavə edilmiş, bununla da onun məna tutumu daha
da genişlənmişdir. Ahmet Saniç sonda festivalın
təşkilində əməyi olanlara təşəkkür edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələr
şöbəsinin müdiri Hikmət Babayev təbrik çıxışında ötən il
açılan mərkəzlərinin ölkəmizdə multikulturalizmin
təbliği və təşviqi sahəsində gördüyü işlərdən danışıb,
tədbir iştirakçılarını təbrik edib. Pakistan İslam
Respubliksının ölkəmizdəki səfiri cənab Xalid Usman
Qayser, Qırğızıstan Respublikasının Azərbaycandakı
səfiri Aycigit Buranov və bir sıra digər ölkələrin
ölkəmizdəki diplomatik nümayəndəliklərinin, ayrı-ayrı
qurumların təmsilçiləri çıxış edərək festivalın, eləcə
də multikulturalizmin əhəmiyyətindən danışıb, mərasim
iştirakçılarına təbriklərini çatdırıblar.
Festivalda Qafqaz Universitetinin özfəaliyyət
dərnəkləri bir-birindən maraqlı nömrələr nümayiş
etdiriblər. Azərbaycanda oxuyan xarici tələbələr də öz
çıxışları ilə xoş ovqat yaradıblar. Tədbirin sonunda
tələbələr tərəfindən keçirilmiş sorğu əsasında ilin
idmançısı seçilmiş tanınmış paraolimpiyaçı İlham
Zəkiyevə plaket təqdim edilib.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |