Aprelin
25-də Bakıdakı 220 nömrəli məktəb-liseydə mütaliə
vərdişlərinin təkmilləşdirilməsi və şagirdlərdə mütaliə
mədəniyyətinin formalaşdırılmasına dair "Mütaliə etmədən
düşüncə formalaşa bilməz" adlı tədbir keçirilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
nümayəndəsi, məktəb direktorları, yazıçılar və digər
qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları öncə
məktəbin foyesində təşkil olunmuş şagirdlərin əl
işlərindən ibarət sərgiyə baxıblar. Burada şagirdlərin
oxuduqları əsərlərlə bağlı təqdimatları da keçirilib.
Şagirdlər oxuduqları əsərlərdəki qəhrəmanları
düşüncələrindəki kimi canlandırıblar. Burada ədəbiyyatın
müxtəlif janrlarına aid əsərlər sərgilənib.
Akt zalında davam edən tədbiri aparıcılar açaraq
qonaqları salamlayıb və tədbirin məqsədi barədə məlumat
veriblər. Bildiriblər ki, Təhsil Nazirliyinin
"Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin
təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin
formalaşdırılması ilə bağlı tədbirlər barədə" 16 dekabr
2014-cü il tarixli əmrinin icrası ilə əlaqədar son
vaxtlar məktəb-liseydə də bir sıra tədbirlər həyata
keçirilib və bu iş davam edir. Şagirdlərin
dünyagörüşünün artırılmasında mütaliənin böyük
əhəmiyyəti nəzərə alınaraq müxtəlif iş formaları ilə
onlar bədii əsərlərin mütaliəsinə həvəsləndirilir,
təşviq edilir.
Söz məktəb-liseyin istedadlı şagirdlərinə verilib. Onlar
hazırladıqları maraqlı səhnəciklər və tamaşalarla kitaba
olan sevgilərini nümayiş etdiriblər.
Tədbirdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva bildirib ki,
mütaliə təfəkkürün inkişafına yönəlmiş mənəvi fəaliyyət
formasıdır. O, bu tədbirdə nümayiş olunan
kompozisiyanın tərbiyəvi əhəmiyyətindən ətraflı
danışıb, şagirdlərin mütaliəyə istiqamətləndirilməsi,
onlarda mütaliə mədəniyyətinin formalaşdırılması
istiqamətindəki tədbirlərin məktəblərdə keçirilməsinin
vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Bakıdakı 147 nömrəli
texniki-humanitar təmayüllü liseyin direktoru Həlimə
Mehdiyeva, 3 nömrəli tam orta məktəbin direktoru Nizami
Novruzov şagirdlərin çıxışlarının yüksək səviyyədə
olduğunu və gözəl təqdim etdiklərini, çox yaxşı nitq
qabiliyyətinə malik olduqlarını söyləyib, onların
müəllimlərini bu münasibətlə təbrik ediblər.
Sonda məktəb-liseyin direktoru Almaz Əsgərova tədbirdə
iştirak edən qonaqlara təşəkkürünü bildirib, onları
mütaliyə mədəniyyəti ilə bağlı müəllimlərin keçdiyi
"açıq dərs"lərin slaydlarına baxmağa və müzakirəsinə
dəvət edib. |