Mayın
5-də Gəncə Dövlət Universitetində Azərbaycan xalqının
ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin büstü
açılıb. Universitetin əsas korpusunun foyesində qoyulan
büstün açılış mərasimində xarici qonaqlar, AMEA-nın
akademikləri, Gəncə Şəhər İcra Hakimiyyətinin
nümayəndələri, KİV təmsilçiləri və universitetin
professor- müəllim heyəti iştirak ediblər.
Universitetin rektoru, professor Yusif Yusibov ulu
öndərin Azərbaycan xalqı qarşısındakı böyük
xidmətlərindən danışıb, xalqımızın belə bir dahi oğlunun
olması ilə fəxr etdiyini bildirib. Dahi rəhbərin
büstünün üzərindən örtük götürüldükdən sonra önünə əklil
qoyulub, böyük şəxsiyyətin xatirəsi yad edilib.
Elə həmin gün universitetdə Gəncə Şəhər İcra Hakimiyyəti
ilə birgə ümummilli lider Heydər Əliyevin anadan
olmasının 92-ci ildönümünə həsr olunmuş "Müasir
biologiya və kimyanın aktual problemləri" mövzusunda
beynəlxalq elmi-praktik konfrans da keçirilib.
Universitetin rektoru, professor Yusif Yusibov konfransı
açaraq bildirib ki, ulu öndər Heydər Əliyev
şəxsiyyətinin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və
müdrikliyi ilə xalqımızın, dövlətimizin həyatında
əvəzedilməz rol oynayıb. Biz təhsil işçiləri həmişə fəxr
edirik ki, Heydər Əliyev bir an da olsun təhsilimizi
unutmamış, onun inkişafına, təhsil bazalarının
maddi-texniki cəhətdən, müasir tələblərə cavab verəcək
səviyyədə qurulmasına xüsusi önəm vermişdir. Onun
ideyalarını davam etdirən Prezident İlham Əliyevin
qayğısı nəticəsində təhsilimizin, o cümlədən
universitetimizin uğurları ildən-ilə artır.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının humanitar
məsələlər üzrə müavini, professor Sevda Qurbanəliyeva
çıxışıında beynəlxalq konfransın əhəmiyyətindən söz
açıb, universitet kollektivinin şəhərin ictimai, mədəni
və abadlıq işlərində ciddi rol oynadığını bildirib.
Beynəlxalq konfransın plenar iclası akademik Məmməd
Salmanovun "Azərbaycanda torpaq örtüyü və çay
ekosistemlərinin üzvi çirkləndiricilərdən öz-özünə
təmizlənməsi qabiliyyəti-problemi və həlli yolları",
akademik Vaqif Abbasovun "Naftalan nefti və onun 160-340
dərəcəlik distillatlarının qaz xromatoqrafiyası-kütlə
spektroksopiyası üsulu ilə tərkibinin analizi", AMEA-nın
müxbir üzvü Məhəmməd Babanlının "Yeni sinif qeyri-üzvi
funksional materialların-topoloji izolyatorların
alınmasının fiziki-kimyəvi aspektləri", əməkdar elm
xadimi, professor Vaqif Novruzovun "Azərbaycanın Qərb
bölgəsinin bitki örtüyünün bioloji müxtəlifliyi" adlı
məruzələri dinlənilib.
Konfrans öz işini bölmələrdə davam etdirib.
Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri |