"Mənim universitetim" layihəsinin budəfəki hədəfi
Azərbaycan Dövlət Neft Akademiyasıdır (ADNA)
Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
1887-ci ildə Bakı şəhər duması
tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında
qərar çıxarılıb. 1896-cı ildə texniki məktəb "Bakı aşağı
səviyyəli texniki məktəbə" çevrilib. 1918-ci ildə məktəb
politexnikum adlandırılıb. 1920-ci ildə Azərbaycan
İnqilab Komitəsinin "Bakıda politexnik institutunun
yaradılması haqqında" dekreti elan edilib. 1923-cü ildən
institut M.Əzizbəyov adına Azərbaycan Politexnik
İnstitutu adlandırılıb. 29 may 1930-cu ildə "Azərbaycan
Politexnik İnstitutu"nun adı dəyişdirilib və "Azərbaycan
Neft İnstitutu" (ANİ) olub. Daha sonra Azərbaycan Neft
və Kimya İnstitutu (1959-1991), Azərbaycan Sənaye
Universiteti (1991-1992) və Azərbaycan Dövlət Neft
Akademiyası (1992-ci ildən) adı altında fəaliyyət
göstərən akademiya neft-qaz və digər sənaye sahələri
üçün mühəndis və elmi-pedaqoji kadrları hazırlayır.
Hazırda Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA)
bakalavriat səviyyəsində 7 fakültədə 34 ixtisas üzrə
7000 nəfər tələbə təhsil alır. 2014/2015-ci tədris
ilində ADNA-ya bakalavriat səviyyəsinə 1655 nəfər tələbə
qəbul olunub. 2014-cü ildə ADNA-nı bakalavriat səviyyəsi
üzrə 1682 nəfər bitirib. Hazırda 4 nəfər Prezident
təqaüdçüsü təhsil alır. ADNA-nın 1461 nəfər işçisi var.
Onlardan 639 nəfəri professor-müəllim heyətidir.
Bunlardan 1 nəfər AMEA-nın həqiqi üzvü, 3 nəfər müxbir
üzvü, 64 nəfər elmlər doktoru, professor, 380 nəfər
fəlsəfə doktoru, dosent, qalan hissəsi isə baş müəllim,
müəllim və assistentlər, 139 nəfər elmi-hissənin, 683
nəfəri isə tədris-köməkçi heyət və inzibati-təsərrüfat
hissəsinin əməkdaşlarıdır. Hazırda ali təhsil ocağına
rektor əvəzi olaraq tədris işləri üzrə prorektor Vaqif
Qurbanov rəhbərlik edir.
Maddi-texniki baza
Azərbaycan
Dövlət Neft Akademiyasının üç tədris və bir yataqxana
binası fəaliyyət göstərir. Əlliyə yaxın kafedra və həmin
kafedralarda profillərə uyğun olaraq 120-yə qədər
laboratoriya vardır. Dərs otaqları, dəhliz, laboratoriya,
pilləkənlər və dam örtüklərində, 7 saylı yataqxanada,
kafedralarda əsaslı və cari təmir işləri aparılıb. Təmir
olunmuş kafedralar, laboratoriyalar və auditoriyalar
yeni mebel dəstləri və parta, kompüter, proyektor, digər
lazımi avadanlıqlarla təmin olunub. 2014-cü il ərzində
180 ədəd kompüter, 110 ədəd printer, 710 monitor, 35
proyektor, 85 noutbuk alınaraq istifadəyə verilib.
Kafedralarda tədris üçün kompüter sinifləri yaradılıb,
tədrisə müasir texnologiyanın tətbiqi məqsədilə 17 ədəd
interaktiv lövhə kafedraların xüsusi auditoriyalarında
quraşdırılıb, kompüter sinifləri və mühazirə otaqları
proyektorlarla təchiz olunub. Videokonfransların
keçirilməsi üçün nəzərdə tutulmuş auditoriya
kompüter-proyektor, interaktiv lövhə ilə təchiz edilib
və statik İP ilə təmin edilərək internet şəbəkəsinə
qoşulub. Akademiyada server otağı yaradılaraq bütün
kafedra və laboratoriyalar 30 Mb sürətlə fiber optik
kabellə genişzolaqlı internet şəbəkəsinə qoşulub.
Tələbələrin internetə çıxışını təmin etmək məqsədilə
kompüter mərkəzi yaradılıb, statik İP ilə internet
şəbəkəsinə qoşulan "Elektron" kitabxana yaradılıb,
əsaslı kitabxana və oxu zalı Wİ-Fİ texnologiyaları
internet ilə təmin edilib.
"Tələbə-məzun dövlət elektron məlumat sistemi"nin işini
təmin etmək məqsədi ilə kompüter sinfi yaradılmış və
internet şəbəkəsinə qoşulmuşdur. Eyni zamanda bu
sistemin səmərəli işinin təmin edilməsi üçün "Elektron
tədris" və "Qiymətləndirmə" mərkəzləri yaradılaraq
müasir İKT avadanlıqları ilə tam təchiz edilib. ADNA
əməkdaşlarının dərslik, dərs vəsaitləri, metodiki
göstəricilərinin və s. nəşr edilməsi üçün mətbəə əsaslı
təmir olunub, müasir rizoqraf və çap qurğuları ilə təmin
edilib.
Tədris
prosesini müasir səviyyədə təşkil etmək məqsədilə
kafedralara və elmi-tədqiqat laboratoriyalarına kimyəvi
reaktivlər və yeni laboratoriya avadanlıqaları alınaraq
istifadəyə verilib.
Biznes İnkubator Mərkəzi Azərbaycanda yeni inkişaf
mərhələsinə qədəm qoyub. İnkubator mərkəzi öz
rezidentlərinə ideyalarını biznesə çevirmək üçün xüsusi
dizayn edilmiş inkubasiya proqramı təqdim edir.
Qarşılıqlı əməkdaşlıq çərçivəsində, inkubator mərkəzi
ilə birlikdə, layihə öz ideyasını addım-addım biznesə
çevirir və inkubasiya periodunun sonunda artıq müstəqil
şirkət kimi fəaliyyətə başlayır.
Tələbələrin asudə vaxtının səmərəli keçirilməsi, fiziki
sağlamlığını və idmanın kütləviliyini təmin etmək
məqsədi ilə ADNA-da müasir standartlara cavab verən
idman kompleksi fəaliyyət göstərir. İdman kompleksində
basketbol, həndbol, voleybol və futbol meydançaları, o
cümlədən güləş, tennis və trenajor zallar tələbələrin
istifadəsinə verilib.
1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının
nəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya
Elmi-Tədqiqat İnstitutu yaradılıb. Əsas məqsədi texnika
və kimya elmləri sahəsində fundamental, aktual
elmi-tədqiqatların aparılması; onların nəticələrinin
sənayedə və tədrisdə tətbiqi; ali məktəbin elmi,
elmi-pedaqoji kadrlarının ixtisasının magistratura,
doktorantura yolu ilə artırılması; tələbələrin,
professor-müəllim heyətinin elmi işlərin yerinə
yetirilməsinə cəlb edilməsi; ayrı-ayrı problemlər və
texnikanın ən yeni nailiyyətlərinə əsaslanan
təcrübi-konstruktor işləri aparmaq və texniki layihələr
hazırlamaq; rəqabətə cavab verə bilən elmi-tədqiqat və
tədris müəssisələri, firma və kampaniyalar ilə birlikdə
beynəlxalq elmi-texniki əməkdaşlığı genişləndirmək olan
ETİ yarandığı dövrdən bəri bu məqsədlərin əldə olunması
istiqamətində səmərəli fəaliyyət göstərir.
Hazırda
ETİ-də 11 problem laboratoriya fəaliyyət göstərir.
Bunlar neft hasilatının texnika və texnologiyası; dəniz
neft yataqlarının işlənməsi; maili və horizontal
quyuların qazılmasının texnika və texnologiyası; neft
hidravlikası; lay-karbohidrogen sistemlərinin qaz
termodinamiki tədqiqatı; quruda və dənizdə neft
avadanlıqlarının işinin etibarlılığı və səmərəliliyi;
neft emalında kataliz; kimyəvi sensorlar və reagentlər;
neft fizikası və kritik hadisələrin termodinamikası;
yeni texnologiyaların yaradılması, yağlar və yağlı
örtüklər laboratoriyalarıdır.
İmtahan sessiyası
İmtahanlar kameralarla təchiz edilmiş auditoriyalarda
qarışıq qrup şəklində keçirilir. İmtahanı qrupların sayı
qədər nəzarətçilər müşahidə edirlər. Nəzarətçilər
imtahanda iştirak edən fakültə qruplarının müəllimləri
deyil, başqa fakültələrdən olan professor-müəllim heyəti
olur. İmtahana 2 saat vaxt ayrılır və biletlər 5 sualdan
ibarət olur. Yazı işləri yoxlandıqdan sonra kodlar
dekanlar, yaxud dekan müavinləri tərəfindən açılır.
İmtahan komissiyasının yay imtahan sessiyasının
keçirilməsi qaydaları haqqında verdiyi bildirişə əsasən,
ADNA-da yay imtahan sessiyası mərkəzləşdirilmiş şəkildə
həyata keçirilir. İmtahanın vaxtları və keçiriləcək
auditoriya təyin olunaraq tələbələrə elan edilir.
Suallar kafedralar qarşısında elan guşələrinə vurulur.
İmtahanı aparacaq nəzarətçilər (professor-müəllim
heyəti), qruplar məxfi saxlanılmaqla, hansı auditoriyada
olacaqları haqqında məlumatlandırılırlar. Yazı işlərinin
yoxlanması eyni vaxtda komissiya tərəfindən təyin
olunmuş bir otaqda aparılır. Müəllimlər nəticəni
yoxlayıb qurtardıqdan sonra işləri kodların açılması
üçün ikinci komissiyaya təhvil verirlər. İkinci
komissiya tərəfindən kodlar açılır və imtahanın nəticəsi
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinə (İKTM)
təqdim edilir. Qeyd etmək lazımdır ki, tələbənin semestr
ərzində topladığı bal da imtahana 10 gün qalmış İKTM-ə
təqdim edilir və mərkəzdə fakültələrə təhkim edilmiş
əməkdaşlar tərəfindən bazaya yerləşdirilir. Komissiya
imtahanın nəticəsini İKTM-ə təqdim etdikdən sonra həmin
nəticələr bazaya yerləşdirilir. İmtahanın qiymətindən
narazı olan tələbələr apelyasiya şikayəti verə bilər. Bu
zaman şikayətə apelyasiya komissiyası baxır və müvafiq
qərar qəbul edir.
Kitabxana
ADNA-nın
kitabxanası 1920-ci ildə Bakı Texniki Məktəbinin
kitabxanasının bazasında təşkil edilib. Hazırda
kitabxananın kitab fondu 808219 nüsxədir və 5419 nəfər
oxucusu var. Əsaslı kitabxana oxuculara diferensial
şəkildə 6 abonement, 3 oxu zalı və 6 şöbə vasitəsilə
xidmət gostərir. Nadir kitablar şöbəsi kitabxananın əsas
fondunu təşkil edir. Fondda Azərbaycan, rus, türk
dillərində olan köhnə və yeni çapdan çıxmış kitablar var.
Kitabxanaya daxil olan bütun kitablardan bir və ya iki
nüsxə mütləq həmin nadir kitablar fonduna verilir. Həmin
kitablardan ancaq kitabxananın oxu zalında istifadə
etmək mümkündür. Bu kitablardan professor-müəllim
heyəti, tələbələr istifadə edirlər. Eyni zamanda,
akademiyada müdafiə olunmuş və digər universitetlərdən
daxil olmuş dissertasiyalar və avtoreferatlar da bu
şöbədə mühafizə olunur. Fondda olan dissertasiya və
avtoreferatların elektron kataloqu da tərtib olunub.
Hazırda əsaslı kitabxana öz fondunda tarix, fəlsəfə,
iqtisadiyyat, beynəlxalq əlaqələr, menecment,
informasiya texnologiyalarının əsasları, nanotexnologiya,
geologiya, geofizika, neft və qaz quyularının,
yataqlarının axtarışı və kəşfiyyatı, petrologiya,
minerologiya, kimya, sənaye ekologiyası, elektrotexnika,
elektronika, avtomatika, neftin nəqli və saxlanılması,
yanacaq-enerji kompleksi, elektron hesablama maşınları,
proqramlaşdırma, tətbiqi riyaziyyat, elektrik
stansiyaları, standartlaşdırma və keyfiyyətin idarə
olunması, hidravlik intiqallar, neft-mədən mexanikası,
əmək mühafizəsi, istilik elektrik stansiyaları, buxar və
qaz turbinləri və s. ixtisaslarına dair XVIII əsrdən
hal-hazıra kimi nəşr edilmiş ədəbiyyatı əks etdirir.
Kitabxana 2010-cu ildən "İrbis-64" avtomatlaşdırılmış
Elektron Kataloq və Elektron Kitabxanalar Şəbəkəsinə
qoşulub. Həmin gündən etibarən kitabxananın fondunda
olan bütun kitablar (Azərbaycan və rus dillərində)
elektron kataloqa mərhələlərlə daxil edilir. Bu iş təzə
və köhnə kitablarla bərabər aparılır. Elektron kataloqa
texniki, bədii, ictimai-siyasi kitablar, dissertasiyalar,
avtoreferatlar daxil edilir. Eyni zamanda dövri mətbuat,
yeni qəzet məqalələri də elektron kataloq bazasına daxil
edilir. ADNA əməkdaşlarının çap olunmuş kitablarının
(662 adda) elektron versiyası kataloqlaşdırılıb və
elektron bazaya daxil edildikdən sonra oxucuların
istifadəsinə verilib. Artıq elektron kitabxananın
kataloq bazasına 21 minə yaxın kitab, dissertasiya,
avtoreferat, 4091 adda isə qəzet məqalələri daxil edilib.
Bu günlərdə əsaslı kitabxananın internet saytı açılıb və
elektron kitabxana üçün yeni proqram təminatı alınıb.
Elmi-tədqiqat işləri
2014-cü
ildə elmi-tədqiqat işləri 9 əsas elmi istiqamətdə və 52
mövzunu əhatə edən tədqiqatlardan ibarət olub. Bu
işlərin icrasına cəlb olunan əməkdaşların ümumi sayı
7935 nəfər olub. Ötən ilin sonunda isə 52 mövzu üzrə
yerinə yetirilmiş elmi-tədqiqat işlərinin
hesabatlarının müzakirələri keçirilib. ADNA-nın 2014-cü
ildəki elmi-tədqiqat fəaliyyəti haqqında hesabat və
yerinə yetirilmiş elmi-tədqiqat işlərinin mühüm
nəticələri çap olunub və elektron variantda Azərbaycan
Respublikası Təhsil Nazirliyinə göndərilib. 2014-cü ildə
ADNA ARDNŞ "Azneft" IB ilə dəyəri 40,0 min manat
həcmində olan 1 təsərrüfat hesablı müqavilə bağlayıb.
Ümumiyyətlə, ADNA-nın əməkdaşları 59 beynəlxalq və 29
respublika səviyyəli elmi konfransda iştirak ediblər. "Ali
texniki məktəblərin xəbərləri" jurnalında 81 məqalə çap
olunub. 2014-cü ildə ixtiraların patentləşdirilməsi üçün
7 (keçən il-2) təqdimat verilib və 4 (keçən il-2)
patent alınıb.
Qeyd etmək lazımdır ki, 2014-cü və 2015-ci illərdə
aprel ayında Bakıda Böyük Britaniyanın Confidence
Capital şirkətinin ADNA ilə birlikdə təşkil etdiyi
ənənəvi "Xəzər neft-qaz ticarət-nəqliyyat" beynəlxalq
konfransı, 24-25 dekabr 2014-cü ildə "Xəzər neftqazyataq
2014" respublika səviyyəli elmi-praktik konfrans
keçirilib. 2014-cü ilin iyun ayının 3-dən 6-dək Bakı
Ekspo Mərkəzində Xəzər Neft Qaz sərgisi çərçivəsində
akademiyanın tədris və elmi-tədqiqat işlərinin
nəticələrini əks etdirən eksponatlardan ibarət stend
nümayiş etdirilib və ADNA müvafiq sertifikatla təltif
edilib. ADNA öz nümayəndələri ilə 2014-cü ilin iyun
ayının 23-dən 24 -dək Qəbələ şəhərində keçirilən "5-ci
Rusiya-Azərbaycan regionlararası əməkdaşlıq forumu -
Azərbaycan-Rusiya: energetika sahəsində əməkdaşlıq.
Nəticələr və perspektivlər" mövzusunda "dəyirmi masa"da
iştirak edib. ADNA II Respublika müsabiqəsində "İlin
patenti" nominasiyasında iştirak etmək üçün "Benzin
fraksiyasından n-parafinlərin adsorbsiyası və onların
izomerləşdirilməsi üsulu" adlı ixtiranın sənədlərini
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və
Patent Üzrə Dövlət Komitəsinə təqdim edib və müsabiqədə
müvafiq sertifikatla təltif olunub. AMEA-nın təşəbbüsü
ilə respublikada ötən il 10-11 noyabr tarixlərində
keçirilmiş "Bakı Elm Festifalı" çərçivəsində noyabrın
11-də festivalın ADNA üzrə bölmə iclası keçirilib və
akademiyanın, eləcə də digər ali məktəb alimlərinin
20-dək məruzəsi dinlənilib.
2014-cü
ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişaf Fondunun elan etdiyi "Universitet qrantı"
müsabiqəsində iştirak etmək üçün ADNA əməkdaşları
tərəfindən 6 layihə təklifi təqdim edilib. Digər
tərəfdən, gənc tədqiqatçılar üçün elan olunmuş
müsabiqəyə kimya-texnologiya fakültəsindən 1 layihə
təqdim olunub. Bununla da ötən il təqdim olunmuş
layihələrin ümumi sayı 22-yə çatıb.
2014-cü il noyabrın 21-dən 28-dək ADNA tələbələrinin
Azərbaycanda "Sənaye ili"nə həsr olunmuş 63-cü
elmi-texniki konfransı keçirilib. AMEA ilə TUBITAK
arasında bağlanmış memorandum çərçivəsində Atatürk
Universiteti və ADNA arasında əlaqələr yaradılıb və
universitetlərin maraq dairəsinə daxil olan müştərək
layihələrin işlənməsi barədə razılıq əldə olunub.
İtaliyanın "Cezie" şirkəti tərəfindən elm və təhsil
sahələrində əməkdaşlıq təklif edilib.
2014-cü ildə 6 elmi-tədqiqat işinin nəticələri
bilavasitə tədris prosesinə və istehsalata tətbiq olunub.
Elektron kitabxana fonduna hesabat ilində 78 adda
material daxil olub. Bunlara dərsliklər, dərs
vəsaitləri, laboratoriya işləri, metodik vəsaitlər, fənn
proqramları, dissertasiyalar və avtoreferatlar daxildir.
Magistratura və doktorantura
Hazırda ADNA-da 31 ixtisas və 75 ixtisaslaşmada magistr
hazırlığı həyata keçirilir. Yerli ixtisas və
ixtisaslaşmalarla yanaşı, TEMPUS və MBA proqramları
çərçivəsində də magistr hazırlığı aparılır. 2014/2015-ci
tədris ilində əyani şöbədə ümumilikdə 711 nəfər
magistrant təhsil alır. Onlardan 48-i əcnəbi tələbədir.
Beynəlxalq proqramlar üzrə təhsil alanların sayı 240
nəfərdir. 2013-cü ildən magistratura səviyyəsinə qiyabi
şöbəyə qəbulun dayandırılmasına baxmayaraq, hazırda 138
magistrant qiyabi şöbədə təhsillərini davam etdirir.
Beləliklə, əyani və qiyabi şöbədə təhsil alan
magistrantların ümumi sayı bu gün 849 nəfərdir. Bununla
bərabər 146 magistrant da hazırda akademik
məzuniyyətdədir. 2014-cü tədris ilində ADNA-nın
magistraturasını ümumilikdə ixtisaslaşmalar və
beynəlxalq proqramlar üzrə (əyani və qiyabi şöbədə) 376
nəfər bitirərək magistr dərəcəsi alıb. Onlardan 145
nəfəri fərqlənmə diplomuna layiq görülüb. 2014/2015-ci
tədris ilində ADNA-nın magistraturasına 73 ixtisaslaşma
üzrə 399 nəfər qəbul olunub. ADNA-nın magistraturasına
daxil olanların 176 nəfərini digər ali təhsil
müəssisələrini bitirən bakalavr məzunlar təşkil edib.
2014/2015-ci tədris ilində ADNA-nın magistraturasına
daxil olanlardan ən yüksək bal göstəricisi 136, MBA
proqramına daxil olanların orta bal göstəricisi 115,
TEMPUS (Ətraf mühit və neft sənayesi) proqramına daxil
olanların orta balı isə 108 olub.
ADNA-nın magistrantları müxtəlif səviyyəli elmi-texniki
konfranslarda mütəmadi iştirak edirlər. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümünə həsr olunmuş respublika ali
məktəbləri magistrantlarının elmi konfransında ADNA-nın
64 magistrantı iştirak edib. Həmçinin "Sənaye ili"nə
həsr olunmuş 63-cü elmi konfransda 83 nəfər magistrant
tezis-məruzə ilə çıxış edib. Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş
respublika ali məktəbləri magistrantlarının may ayında
nəzərdə tutulmuş XV konfransında ADNA-nın 73 nəfər
magistrantının iştirakı gözlənilir.
Magistr hazırlığının səviyyəsinin yaxşılaşdırılması
məqsədi ilə hazırda AMEA-nın neft-kimya prosesləri və
Geologiya institutları ilə bağlanmış müqaviləyə əsasən
təcrübələrin keçirilməsi, magistrlik dissertasiyasının
hazırlanması kimi işlər aparılır. Uzun müddətdir ki,
ADNA ilə Qazaxıstanın Kaspi Dövlət Texnologiya və
Mühəndislik Universiteti arasında bağlanmış müqaviləyə
əsasən qazaxıstanlı magistrantların ADNA-da staj keçməsi
davam edir. 2014-cü ildən Qaraqanda Texniki
Universitetinin magistrləri də ADNA-da stajkeçməyə maraq
göstərməyə başlayıblar. Ötən il Kaspi Dövlət Texnologiya
və Mühəndislik Universitetinin 21 nəfər magistrantı "Geologiya",
"Neft-qaz işi", "Energetika", "Kimya texnologiyası"
istiqamətləri üzrə ADNA-nın müvafiq ixtisas
kafedralarında təcrübədə olublar. Bu ildə də Kaspi
Dövlət Texnologiya və Mühəndislik Universitetinin 16
magistrantı təcrübə keçib və sertifikat alıb.
Magistratura səviyyəsində əməkdaşlıq ADNA-da xarici ölkə
vətəndaşlarının təhsil almalarına marağı artırmaqdadır.
2014-cü ilin sonunda doktorantların sayı 67 nəfər
olmuşdur. Onlardan 7 nəfəri əyani, 60 nəfəri isə qiyabi,
65 nəfər büdcə hesabına, 2 nəfər isə ödənişli əsaslarla
təhsil alır. 2014-cü ilin sonunda əcnəbi doktorantların
sayı 6 (4 - əyani, 2 - qiyabi) nəfər olub.
Doktoranturanı bitirən əcnəbi doktorantların sayı 4
nəfərdir. 2014-cü ildə doktoranturanı 4 nəfər bitirib.
2014-cü ilin sonuna dissertantların ümumi sayı 65 nəfər
olub. Xarici dissertantların sayı 1 nəfərdir.
2014-cü ildə elmlər doktoru proqramı üzrə
dissertanturaya 4 ixtisas üzrə 7 nəfər (büdcə hesabına)
təhkim edilib. Ötən il 18 fəlsəfə doktoru və 1 elmlər
doktoru elmi dərəcəsi üzrə (15 texnika və 3 iqtisadiyyat
sahəsində) dissertasiyalar müdafiə olunub. Bundan əlavə,
ADNA-nın iddiaçıları kənar təşkilatların nəzdində
fəaliyyət göstərən ixtisaslaşdırılmış şuralarda 1
texnika elmləri doktoru və 7 fəlsəfə doktoru elmi
dərəcəsi üzrə (1 mexanika, 3 texnika, 1 yer elmləri və 2
kimya sahəsində) dissertasiyalar müdafiə ediblər.
Beynəlxalq əlaqələr
ADNA bu günə 21 ölkənin 59 ali məktəb və təşkilatı ilə
ikitərəfli əməkdaşlıq haqqında müqavilə bağlayıb.
Onların arasında Rusiyanın, Ukraynanın, Rumıniyanın,
Qazaxıstanın, Çin Xalq Respublikasının neft-qaz profilli
universitetləri geniş təmsil olunublar. Türkiyə
Respublikası tərəfindən dəstəklənən "Mövlana" mübadilə
proqramı çərçivəsində əməkdaşlıq edilən bir neçə ali
məktəblərin sırasına Hatay vilayətinin Antakya şəhərində
yerləşən Mustafa Kamal Universiteti də daxil olub. Bu
proqramda iştirak üçün müraciət edən müəllimlər bir
həftədən üç ayadək tərəfdaş universitetlərdə işləyə
bilər, tələbələr üçün isə bir və ya iki semestr ərzində
təhsil almaq imkanı yaradılır. Hər iki tərəf üçün bütün
maddi xərcləri Türkiyə hökuməti öz üzərinə götürür. Belə
ki, ötən ilin sentyabr ayında Atatürk Universitetinin
dosenti Mine Alacalı "Mövlana" proqramı çərçivəsində
geoloji-kəşfiyyat fakültəsinin kafedralarında bir
həftəlik stajkeçmədə olub. 2015/2016-cı tədris ilində
həmin məqsədlə Atatürk Universitetinə səfər etmək üçün
iqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və
menecment fakültəsinin 2, geoloji-kəşfiyyat fakültəsinin
1 müəllimi müraciət edib.
Ötən il də ali təhsil ocağı Rusiyanın Perm Milli
Tədqiqat Politexnik Universiteti, Şimali Qafqaz Federal
Universiteti (Stavropol şəhəri), Sankt-Peterburq Dövlət
Texnologiya İnstitutu, Ukraynanın Semen Kuznets adına
Xarkov Milli İqtisad Universiteti, Çin Karamay
Peşə-Texniki İnstitutu, ABŞ-ın Cənubi Dakota Mədənlər və
Texnologiya Universiteti, "Autodesk Inc." və
"Schlumberger" şirkətləri ilə əməkdaşlıq haqqında
sazişlər imzalayıb. ADNA Avropa Birliyinin layihələrində
də fəal iştirak edir. Almaniyanın Köln Tətbiqi Elmlər
Universiteti ilə əməkdaşlıq nəticəsində "Azərbaycan üçün
mühəndis təhsilində tədris prosesinin Bolonya prosesinə
uyğunlaşdırılması" TEMPUS layihəsi çərçivəsində
magistraturanın "Enerji menecmenti" ixtisaslaşması üçün
yeni tədris planı təsdiq olunub, ali məktəbdə tədris
prosesi üçün keyfiyyətə təminat və attestasiya mərkəzi
yaradılıb. Azərbaycanda ilk dəfə olaraq Almaniyanın
"ASIIN Consult" agentliyi 31 mart - 2 aprel tarixlərində
ADNA-da üç ixtisasın (bakalavriaturada "Proseslərin
avtomatlaşdırılması mühəndisliyi" və "Elektroenergetika
mühəndisliyi", magistraturada - "Enerji menecmenti (Neft
sənayesində)" akkreditasiyasını həyata keçirib. Bu
ixtisaslarda kadr hazırlığının Avropa standartlarına
uyğun aparılması barədə tezliklə ADNA-ya müvafiq
sertifikatlar veriləcək. 2014-cü ildən başlayaraq ADNA
yeni "Peşəkar məqsədlər üçün xarici dillərin tədrisi"
adlı TEMPUS layihəsində də iştirak edir. 7 xarici
ölkənin ali məktəblərini tərəfdaş kimi birləşdirən bu
layihəyə "Xarici dillər" kafedrasının müəllimləri cəlb
olunublar. Ötən il TEMPUS xətti ilə 6 müəllim Avstriya,
Almaniya, Böyük Britaniya, Tacikistan, Estoniyada
məzuniyyətlərdə olublar.
"Biznesin idarəolunması üzrə magistrlərin hazırlanması
və professor-müəllim heyətinin təkmilləşdirilməsi"
(Master of Business Administration) MBA Proqramı üzrə
magistratura 1998-ci ildə, "Biznesin idarə olunması
sahəsində bakalavrların hazırlanması, professor-müəllim
heyyətinin və inzibati işçilərin təkmilləşdirilməsi"
("Bachelor of Business Administration") BBA Proqramı isə
2001-ci ildə ADNA və ABŞ-ın Corciya Dövlət Universiteti
tərəfindən hazırlanmış birgə layihələrə əsasən təşkil
olunub. Mütəxəssis hazırlığı Azərbaycan təhsil
standartlarının xüsusiyyətlərini nəzərə almaqla
Corciyada istifadə olunan müvafiq tədris planları üzrə
aparılır. Fransanın Sofiya-Antipolis və İtaliyanın
Genuya universitetləri ilə 1999-cu ildən etibarən ölkə
sənayesi üçün vacib olan "Ətraf mühit və neft sənayesi"
istiqaməti üzrə birgə mütəxəssis hazırlığı həyata
keçirilir. 2001-ci ildən Almaniya Federativ
Respublikasının Zigen Universiteti ilə "İqtisadiyyat" və
"Sənayenin təşkili və idarə olunması" ixtisasları üzrə
birgə mütəxəssis hazırlığına başlanılıb. Hazırda
sözügedən universitetlə "Mexatronika" ixtisası üzrə
bakalavrlar hazırlanması haqqında danışıqlar aparılır.
2014-cü ildə "Baker Hughes", "VR", "Halliburton", "KCA
Deutag", "Schlumberger", "AMEC", "Cameron", "Fugro
Offshore Survey" şirkətlərinin nümayəndələri ilə ADNA
tələbələrinin görüşləri keçirilib, testlər əsasında
sorğulardan müvəffəqiyyətlə keçən məzunlar iş yerləri
ilə təmin olunublar.
Xəzər regionunda qazma işləri üzrə aparıcı yer tutan KCA
Deutag şirkəti ilə Təqaüd Proqramı çərçivəsində birgə
işlər aparılır və bu proqrama qaz-neft mədən,
neft-mexanika, energetika və istehsalat proseslərinin
avtomatlaşdırılması fakültələrinin tələbələri cəlb
olunub. Hazırda IV kursda təhsil alan 6 tələbə şirkətin
təqaüdçüsüdür, III kursun tələbələri arasında seçim
aparılır. Belə bir proqram artıq üç il "AMEC" şirkəti
tərəfindən də II kursun tələbələri üçün həyata keçirilir.
Həmin şirkətdən kompüterlər və əlavə texniki vasitələr
alınaraq kafedra və şöbələrə paylanıb. Bu ildən
başlayaraq "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti də təqaüd
proqramını elan edib və "Energetika" fakültəsinin beş
tələbəsini mükafatlandırıb. Qeyd etmək lazımdır ki,
sözügedən tələbələr maddi dəstəkdən əlavə, təhsillərini
başa vurduqdan sonra iş yerləri ilə də təmin olunurlar.
Tanınmış BP beynəlxalq neft şirkəti də 2007-ci ildən
başlayaraq "Tələbələrə dəstək proqramı" adlı layihədə
ADNA ilə əməkdaşlıq edir. 2011-ci ildə layihəyə neft
mühəndisliyi və geologiya ixtisaslarına əlavə
neft-mexanika, energetika və istehsalat proseslərinin
avtomatlaşdırılması fakültələrinin, 2012-ci ildə isə
kimya-texnologiya fakültəsinin birinci kursuna yüksək
ballarla qəbul olunmuş tələbələri də qoşulublar. Bu il I
kursun 42 tələbəsi sözügedən proqram çərçivəsində
mükafatlandırılıb və bu, respublika üzrə qaliblərin 90
faizini təşkil edir.
2009-cu ildən başlayaraq BP şirkətinin top-menecerləri
və mütəxəssisləri tələbələr üçün geologiyanın və
neftçıxarmanın müasir problemləri haqqında silsilə
mühazirələr oxuyurlar, ötən ildə də belə görüşlər
keçirilib. Belə ki, xarici ölkə səfirləri, şirkətlərin
rəhbərləri, universitetlərin rektorları, mətbuat
nümayəndələri ilə çoxlu sayda görüşlər keçirilib.
Çin Xalq Respublikasının səfirliyinin dəstəyi ilə
"İnformasiya-ölçmə və kompüter texnikası" kafedrasının
müdiri, professor Rəhim Məmmədov bu ölkədə üç həftə
müddətində keçirilən "Bulud hesablamalar və
superkompüterlər üzrə seminar"da iştirak edib. Çin
hökuməti tərəfindən ayrılmış qrant əsasında ADNA-da
"Elektron universitet"in yaradılması nəzərdə tutulub.
"Schlumberger" şirkəti ilə geologiya və neftçıxarma
sahələrində müasir kompüter proqramları ilə təmin olunma
və bir neçə müəllimlərin müvafiq treninq keçməsi barədə
razılıq əldə edilib. Şirkət eyni zamanda ali məktəbdə
neft avadanlığı ilə təchiz olunmuş laboratoriya da
yaradacaq.
Ötən ilin sentyabr ayında Anqola dövlətinin prezidenti,
ADNA-nın məzunu Joze Eduardu duş Santuşun dəvəti ilə ali
məktəbin dörd nəfərdən ibarət nümayəndə heyəti bu ölkədə
keçirilən simpoziumda iştirak edib. Vyetnamın Hanoy
şəhərində noyabr ayında keçirilmiş konfrans-sərgiyə iki
müəllim ezam olunub.
Ötən il tələbələr müxtəlif beynəlxalq şirkətlər və
təşkilatlar tərəfindən təşkil olunmuş tədbirlərə fəal
cəlb olunub. Belə ki, tələbələr Qazaxıstan, Türkiyə,
Avstriya, Rusiyaya ezam edilib. İl ərzində Qazaxistanın
Aktau səhərində yerləşən Kaspi Dövlət Texnologiya və
Mühəndislik Universitetinin 37 magistrantı ADNA-da
stajkeçmədə iştirak edib. ADNA-da təhsil alan xarici
tələbələr arasında Türkmənistan tələbələri son illər
sayca birinci yer tuturlar. Bu səbəbdən səfirliklə sıx
əlaqə saxlanılır, ali məktəbidə diplomatların
tələbələrlə görüşləri keçirilib. 6-7 aprel tarixlərində
Türkmənistanın bitərəfliyinin beynəlxalq aləmdə
tanınmasının 20-ci ildönümünə və "Sağlamlıq və
xoşbəxtlik ayı"na həsr edilmiş yarış təşkil olunmuşdu.
Dövlət Miqrasiya Xidmətinin Baş İdarəsinin rəisi ilə 20
fevral tarixində təşkil olunmuş görüş zamanı xarici
tələbələrə ölkəmizə giriş-çıxışla bağlı məlumat
çatdırılıb. Böyük Britaniyanın Confidence Capital
şirkəti ilə birlikdə aprelin 9-10-da ulu öndər Heydər
Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş
8-ci beynəlxalq "Xəzər Neft-Qaz Ticarət və Nəqliyyat
Konfransı" keçirilib.
ADNA Avropa Universitetləri Assosiasiyası, Qara Dəniz
Hövzəsi Universitetləri Assosiasiyası və Avroasiya İpək
Yolu Universitetləri Konsorsiumunun üzvüdür.
Əcnəbi vətəndaşların təhsili
Əcnəbi vətəndaşların təhsilinin təşkili və idarə
edilməsi məqsədilə ADNA-da 2 qurum "Əcnəbi vətəndaşlar
üçün hazırlıq fakültəsi" (ƏVHF) və "Əcnəbi tələbələrlə
iş" üzrə dekanlıq (ƏTİ) fəaliyyət göstərir. 2013/2014-cü
tədris ilində ƏVHF-də dünyanın 10 ölkəsindən 76 nəfər
olmaqla (Türkiyə-2, İran-3, Türkmənistan-35, Suriya-1,
Çin-26, Yəmən-1, Yunanıstan-1, Əfqanıstan-1,
Danimarka-1, Rusiya-4) əcnəbi vətəndaş mühəndis ixtisası
üzrə təhsil alıb. 2013-2014-cü tədris ilində ADNA-nın
əsas ixtisas fakültələrində dünyanın 17 ölkəsindən 425
nəfər (Türkiyə-46, Çin-127, İran-9, Türkmənistan-155,
Yəmən-1, İraq-9, Pakistan-3, Rusiya-15, Sudan-1,
Suriya-19, Danimarka-1, Nigeriya-1, Qazaxıstan-5,
Özbəkistan-1, Gürcüstan-1, Ukrayna-1, Vyetnam-29) təhsil
alan əcnəbi vətəndaşdan 368 nəfər bakalavriatura, 46-sı
magistratura, 11 nəfər isə doktorantura səviyyələrində
təhsil alıb. 2014/2015-ci tədris ilində ADNA-nın əsas
ixtisas fakültələrinə dünyanın 10 ölkəsindən 108 nəfər
(Çin-54, Türkmənistan-40, Əfqanıstan-1, Türkiyə-3,
İran-2, Yunanıstan-1, Suriya-1, İraq-1, Yəmən-1,
Rusiya-4) əcnəbi vətəndaş qəbul olunub.
Tələbə Həmkarlar İttifaqı Komitəsi
THİK tələbələrin tədris, tərbiyə, elmi fəaliyyətlərinin
artırılması, sosial-iqtisadi problemlərinin həlli,
onların hüquqlarının qorunması, asudə vaxtlarının
səmərəli təşkili, dünyagörüşlərinin artırılması, idmana
və başqa dərnəklərə cəlb olunması, müsabiqələrin,
seminarların, festvalların, toplantıların, sərgilərin,
"dəyirmi masa"ların, təlim kurslarının, diskussiya
klublarının, görkəmli şəxslərlə görüşlərin təşkil
edilməsi istiqamətində fəaliyyət göstərən tələbə
təşkilatdır. Tələbələrin yay istirahətlərinin təşkili də
THİK-nin fəaliyyəti çərçivəsindədir. Hər ilin yay
aylarında tələbələrin müraciətlərini nəzərə alaraq
təşkilat, akademiyanın Nabranda yerləşən "Şəfa"
istirahət zonasına göndəriş verir. Tədris müddətində
Azərbaycanın müxtəlif rayonlarına qısamüddətli
ekskursiyalar təşkil olunub. Ötən il ərzində 1000-dən
çox tələbəyə asudə vaxtlarını səmərəli keçirmək üçün
konsertlərə, teatrlara və kinolara biletlər alınaraq
paylanılıb. Fakültələrdə şəhidlərin xatirəsinə həsr
olunan gecələr keçirilir.
Qış və yay imtahan sessiyaları dövründə THİK bilavasitə
imtahanların gedişinə nəzarətdə iştirak edir. Təşkilatın
fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq üçün
tələbələr arasında sorğu keçirilir, sorğu nəticəsində
bildirilən irad və təkliflər THİK-nin rəyasət heyətində
müzakirə edilir və lazımi qərarlar qəbul olunur.
THİK-nın ADNA-da apardığı fəaliyyət istiqamətlərindən
biri də tələbələrin mədəni kütləvi tədbirlərə cəlb
olunmasıdır. Burada 100-dən çox tələbənin birləşdiyi
"Gənclik" mahnı və rəqs ansamblı fəaliyyət göstərir.
Ansambl istər ölkədaxili, istərsə də beynəlxalq
festivallarda bir çox uğurlar əldə edib. Bunlara misal
olaraq ali məktəb tələbələrinin özfəaliyyət
kollektivlərinə baxış müsabiqəsində "Gənclik" ansamblı
artıq neçə ildir ki, I yerə layiq görülür. Beynəlxalq
festivallara gəldikdə isə ötən il "Gənclik" ansamblı
Türkiyənin Girəsun, Bursa və Samsun şəhərlərində
keçirilən beynəlxalq festivallarda iştirak edərək
Qran-pri mükafatına layiq görülüb. Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
təşkil etdiyi özfəaliyyət kollektivlərinə baxış
festivalında I yer tutub.
THİK teatr klubunun uşaqlar və qocalar evində təşkil
etdiyi xeyriyyə konsertlərini, festivalları, bayram
tədbirlərini də qeyd etmək lazımdır.
THİK təşkilati işlərlə yanaşı, həm də tələbələrin
təhsili və onlar arasında maarifləndirmə işinin
aparılması, liderlik xüsusiyyətlərinin aşkar edilib
formalaşdırılması, natiqlik bacarığının
təkmilləşdirilməsi istiqamətində də bir sıra işlər görüb.
Belə ki, bu işlərə akademiya daxilində keçirilən və
peşəkar təlimçilərin dəvət olunduğu liderlik
təlimlərini, natiqlik bacarığının inkişafı istiqamətində
təşkil edilən Azərbaycan Dövlət Neft Akademiyasının
Debat Klubunu, İntellektual Oyunlar Klubunun
təşkilatçılığı ilə keçirilən "Breyn-rinq" və "Kim?
Harada? Nə zaman?" intellektual oyunlarını aid edə
bilərik.
İdman uğurları
THİK-nın iş planına müvafiq olaraq hər il 2 dəfə 12
idman növü üzrə spartakiada təşkil olunur. Spartakiadaya
1500 nəfərdən çox tələbə qoşulub. Keçirilən yarışlarda
gənclərin idmana marağını artırmaq məqsədi ilə hər idman
növü üzrə 1, 2 və 3-cü yerləri tutan tələbələrə pul
mükafatları, medallar və kuboklar təqdim olunub. Ötən il
komanda idman növləri üzrə akademiyanın futbol komandası
ATİAHİ Respublika Komitəsinın təşkil etdiyi yarışda II
yer, Təhsil Nazirliyinin təşkil etdiyi "Təhsil kuboku"nda
III yer, YAP Nəsimi rayon təşkilatının keçirdiyi
turnirdə I yer, Gənclər və İdman Nazirliyinin ali məktəb
tələbələri arasında keçirdiyi çempionatda II yer tutub.
Basketbol və voleybol komandası II yerə, həndbol
komandası isə III yerə layiq görülüb.
Ali məktəb tələbələri arasında keçirilən üzgüçülük
yarışında akademiyanın tələbələrindən ibarət yığma
komandası I yeri tutub. Şahmatçı oğlan və qızlardan
ibarət komanda son universiadada II yeri tutub. Stolüstü
tennis komandası ali məktəb tələbələri arasında yarışda
III yerin sahibi olub. |