| 
						
						Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 
						2015-ci il tarixli 125 nömrəli qərarı ilə "Azərbaycan 
						Respublikasının vətəndaşlarının xarici ölkələrdə, 
						əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan 
						Respublikasında təhsil alması Qaydaları" təsdiq edilib. 
						
						Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 
						oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 
						"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə 
						Dövlət Strategiyası"nda təhsil sistemlərinin 
						inteqrasiyasına nail olunması Azərbaycan təhsil 
						sisteminin dayanıqlığına xidmət edən vasitə kimi müəyyən 
						olunub. Təsdiq edilmiş qaydalar ölkəmizin ali təhsil 
						müəssisələrinin rəqabətqabiliyyətliyinin artırılmasına 
						və təhsilin beynəlmiləlləşməsinə kömək edəcəkdir. 
						
						Yeni qaydalarda müasir çağırışlara cavab verməyən bəzi 
						məhdudiyyətlər aradan qaldırılıb. Belə ki, əvvəllər 
						əcnəbi tələbələrin qəbulu ilə bağlı Təhsil Nazirliyinin 
						razılığı tələb olunurdu ki, bu da beynəlxalq təcrübəyə 
						uyğun olmamaqla, bir sıra çətinliklərə gətirib 
						çıxarırdı. 
						
						Qaydalarda namizədin dil biliyinin yoxlanması ilə bağlı 
						yeniliklər də əks olunub. Xarici təhsil müəssisələrinin 
						əvvəlki təhsil səviyyəsi üzrə məzunları və Azərbaycan 
						Respublikasının təhsil müəssisəsində təhsil alıb növbəti 
						təhsil pillə və ya səviyyəsində təhsil almaq üçün 
						müraciət edən əcnəbilər tədris dilini dəyişmədikləri 
						halda, həmçinin Qaydalara uyğun olaraq, müvafiq dil 
						biliyi sertifikatı olan şəxslər dil biliyinin 
						yoxlanmasından azad olunurlar. 
						
						Beləliklə, 2015-2016-cı tədris ilindən etibarən ali 
						təhsil müəssisələri müstəqil surətdə əcnəbi vətəndaşın 
						dil və ixtisas biliklərini yoxlamaqla, müəyyən etdikləri 
						tələblərə cavab verən abituriyentlərin qəbulunu apara 
						biləcəklər. |