Çimnaz ƏSGƏRZADƏ,
Bakıdakı 83 nömrəli məktəb-liseyin valideyni
- İlk dəfə oğlumu bu məktəbə gətirəndə fikirləşirdim ki,
hansı sinfə qoyum. Biləndə ki, təhsil ocağında "Sağlam
təhsil sinfi" yaradılıb, tərəddüd etmədən övladımın
məhz həmin sinifdə təhsil almasını istədim. Təbiətən
oğlum sakit, mehriban uşaqdır. Lakin onun fiziki durumu
o qədər də qənaətbəxş deyildi. Elə ilk aylardan bu
sinifdə olan yüksək tədris mühiti, onların birbaşa
sağlamlıqlarına yönələn təhsil texnologiyalarının
tətbiqi nəticəsində övladımın sağlamlığında ciddi
irəliləyişlərin olduğunu gördüm. Sinifdə quraşdırılmış
idman qurğusu, digər avadanlıqlar onun bədən
quruluşunun düzgün formalaşmasında böyük rol oynayıb.
Burada uşaqlar daim fəaliyyətdədirlər, digər adi
siniflərdə oxuyan şagirdlərdən çeviklikləri ilə
fərqlənirlər. İbtidai sinif müəllimi Aynurə Müseyiblinin
sinifdəki səmimi münasibəti, sağlam təhsil
texnologiyalarından düzgün istifadə etməsi onların
dərslərini daha həvəslə və maraqla öyrənmələrinə şərait
yaradır. Mən deyərdim ki, burada təhsil alan uşaqlar
daha ünsiyətcil, fikrini sərbəst şəkildə ifadə edə
bilmələri ilə seçilirlər.
Raya TANRIVERDİYEVA,
Bakıdakı 114 nömrəli tam orta məktəbin valideyni
- Valideyn kimi bu layihə məni tam qane edir. Oğlum
Kərim "Sağlam təhsil sinfi"ndə təhsil alır. Əvəllər
övladım tez-tez xəstələnərdi, immuniteti zəif idi. Çox
qısa bir vaxtda oğlumda yaxşılığa doğru dəyişiklikləri
müşahidə etdim. Onun sağlamlığı ilə bağlı bu və digər
problemləri aradan qalxıb. Təbiətən sakit olan oğlum
aktivləşib, dərslərdə fəallıq göstərir. Mənim böyük
övladım da bu məktəbdə IV sinifdə oxuyur. "Sağlam
təhsil sinfi"ndə təhsil alan oğlum böyük qardaşından
hərəkətliliyi, sərbəstliyi ilə fərqlənir. Hər zaman öz
övladlarının sağlamlığını düşünən bir ana kimi bu
layihənin davam etdirilməsini çox istəyirəm.
Mədinə DAŞƏMİROVA,
Bakıdakı 214 nömrəli tam orta məktəbin şagirdi
- Bu sinifdə oxumaq xoşuma gəlir. Sinifdə partalarımız
elədir ki, istəyəndə ayaq üstə dururuq, yorulanda isə
otururuq. Burada müəllimimiz dərsləri elə maraqla keçir
ki, hamımız öyrəndiklərimizi hər gün danışmaq
istəyirik. Dərs zamanı heç yorulmuruq. 15 dəqiqədən bir
bizə verilən xüsusi tapşırıqları çox həvəslə yerinə
yetiririk. Mənə burada təhsil almaq çox maraqlıdır.
|