Bütün
film yaradıcılarının arzusu olan Hollivudda mayın 9-da
gənc azərbaycanlı ssenariçi Fariz İsmayılovun "Ata, məni
bağışla" (Forgive Me Father) filminin qala baxışı olub.
Fariz İsmayılov 2006-cı ildə Qafqaz Universitetinin
iqtisadiyyat və idarəetmə fakültəsini bitirib. Ancaq
kino sənətinə olan marağı və istedadı artıq bu gün onu
aparıb Hollivuda çıxarıb. Qısametrajlı "5150 tele
filmləri" (2014), "Honq-Konq kafesində bir gecə" (2015)
adlı filmləri ilə tanınan Fariz İsmayılovun son əsəri
olan "Ata, məni bağışla" filmi dram janrında IMDbPro
şirkəti tərəfindən çəkilmişdir. Bu filmdə Fariz
İsmayılov həm də aktyor kimi iştirak edir. "Ata, məni
bağışla" filmi terrorizmə qarşı mübarizəyə həsr olunub.
Əvvəlki filimlərində isə Fariz əsasən sosial-məişət
mövzularına müraciət etmişdir.
Ümumiyyətlə, sənətdə ilk addımlarını atan gənc
həmyerlimizin qısa zaman ərzində yaradıcılığı çox
məhsuldar olub. Onun artıq 2 ssenarisi, 7 aktyor əsəri
və 1 prodüserlik fəaliyyəti var.
Hər il Qafqaz Universitetində tələbələr tərəfindən
ənənəvi olaraq ilin məşhurları seçilir və ulu öndərin
anadan olmasının ildönümü münasibəti ilə təşkil edilən
"Gənclik şənliyi"ndə bu adlar nominantlara təqdim
edilir. Bu il keçirilən VII "Gənclik şənliyi və
multikulturalizm festivalı"nda da tələbələr həm
universitetlərinin, həm də Azərbaycanın adını Hollivuda
yazdıran məzunları Fariz İsmayılovu mədəniyyət
sahəsində "İlin ən fəal məzunu" seçmişlər.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |