Mingəçevir
Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda bildirilir
ki, şəhərdə təhsil və idman sahəsində yüksək nəticə
göstərən orta məktəb şagirdləri, onların müəllim və
valideynləri ilə görüş keçirilib.Tədbirdə çıxış edənlər
şagirdlərin olimpiada və bilik yarışlarında qazandıqları
uğurlardan ətraflı söz açıblar. Görüşdə şəhər icra
hakimiyyətinin başçısı Niyazi Bayramov ölkə təhsilinin
inkişafına göstərilən dövlət qayğısından danışıb.
Tədbirdə şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov
şagirdlərin 2014-2015-ci tədris ili ərzində əldə
etdikləri nailiyyətlərdən söz açıb. Məlumat verilib ki,
bu il Mingəçevir məktəbliləri respublika fənn
olimpiadalarında uğurla çıxış edərək medallar
qazanıblar. Bir məktəbli isə Çində fizika üzrə
beynəlxalq olimpiadada iştirak edib. Gənc və
yeniyetmələr idmanın müxtəlif növləri, xüsusilə şahmat
üzrə turnirlərdə böyük uğurlara imza atıblar.
Sonda təhsil və idman sahələrində fərqlənən
məktəblilərə, eləcə də səmərəli pedaqoji fəaliyyətinə
görə bir qrup müəllimə hədiyyələr təqdim olunub. |