Vətənpərvərlik
tərbiyəsinin əsasında vətənə sevgi, məhəbbət hissləri
durur. Vətəni sevmək üçünsə gərək, hər şeydən əvvəl, onu
dərindən tanıyasan, yeraltı və yerüstü sərvətlərinə
yaxından bələd olasan. Bu mənada təhsil müəssisələrində
aparılan vətənpərvərlik tərbiyəsi işinin əsas
istiqamətlərindən birini ölkə və diyarşünaslıq işləri,
şagirdlərə anadan olduqları kənd, şəhər, yaşadıqları
ölkə haqqında geniş məlumatlar verilməsi, doğma yurdun
onlara daha dərindən tanıdılması təşkil edir. Əlbəttə,
bu prosesdə şagirdlərin özlərinin bilavasitə yaxından
iştirakı, onların diyarşünaslıq işlərinə bir tədqiqatçı,
araşdırıcı kimi qoşulması daha səmərəli nəticələr əldə
etməyə imkan verir.
Şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi önəm
verən, bu məqsədlə maraqlı və rəngarəng tədbirlər
keçirən Bakı şəhərinin Buzovna qəsəbəsində yerləşən
H.İsgəndərov adına 206 nömrəli tam orta məktəbdə də bu
məsələ daim diqqətdə saxlanılır, şagirdlər diyarşünaslıq
və ölkəşünaslıq işlərinə yaxından cəlb olunurlar.
Bu günlərdə məktəbdə həmin istiqamətdə aparılan işlərin
nəticələrinə həsr olunmuş maraqlı bir tədbir keçirilib:
məktəbin IX-X sinif şagirdləri birgə hazırladıqları
"Buzovnam mənim" layihəsini təqdim ediblər. Ədəbi-bədii
kompozisiya şəklində hazırlanan tədbirdə öncə layihənin
rəhbəri və əsas aparıcıları olan IX sinif şagirdləri
Ləman Şıxəliyev və Fikrət Səmədzadə məktəb rəhbərliyi
tərəfindən tədbirə dəvət olunmuş kənd ağsaqqalları Hacı
Soltan, Nazim Əliyev, Ağsaqqallar Şurasının üzvləri
Ramiz Cabbarov, Aydın Həsənzadə, Fikrət Səmədzadə,
Məzahir Səmədzadə, şair Azər Buzovnalı, Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin sədri
Həzərxan Əbilov, YAP Xəzər Rayon təşkilatının aparat
rəhbəri İlham Məmmədov, Xəzər Rayon Ziyalılar
Cəmiyyətinin sədri, tarix elmləri doktoru, professor
Təvəkkül Səlimov, əməkdar artist Mirzə Məmmədov, TPİ-nin
şöbə müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Natiq
Axundov, Xəzər RİH Buzovna qəsəbəsi üzrə nümayəndəsi
Balaş Cəmilzadəni və Bilik Fondunun nümayəndələrini
salamlayaraq onları məktəblərində görmələrindən
məmnunluqlarını bildiriblər.
Sonra şagirdlər layihəyə əsasən Buzovna toponimi, onun
etimologiyası, Buzovnanın tarixi-mədəni abidələri,
görkəmli elm xadimləri, ədib və şairləri haqqında geniş
məlumat veriblər.
Tədbirdə Buzovnada fəaliyyət göstərmiş xalq teatrının
yaradıcılıq uğurlarından bəhs olunub. Kəndin repressiya
qurbanları kiçik səhnə ilə yad olunub. Səhnələşdirilmiş
parçada əsas rolun ifaçısı Ləman Qurbanova öz çıxışı ilə
tədbir iştirakçılarını heyrətləndirib. Şagirdlər Buzovna
kəndi haqqında yazılmış şeirlər söyləyib, rəvayətlər
danışıblar. Tədbirin dekorasiyası da maraq doğurub. Belə
ki, Buzovnanın elm xadimləri, şəhid oğullarına həsr
olunan stendlər tədbir iştirakçılarında dərin təəssürat
yaradıb.
Məktəblilərin çıxışları başa çatdıqdan sonra söz alan
qonaqlar şagirdlərin maraqlı təqdimat hazırladıqlarını
və onu məharətlə təqdim etdiklərini bildirib, belə
səviyyəli və maraqlı tədbir hazırladıqlarına görə
onlara, eləcə də məktəbin direktoru, əməkdar müəllim
Mətanət Əhmədovaya təşəkkürlərini bildiriblər.
Çıxışlarda şagirdlərin, xüsusən də X sinif şagirdi
Şirəli Məmmədovun ifası xüsusilə qeyd olunub, onların
yüksək istedad nümayiş etdirdikləri vurğulanıb. Çıxış
edənlər habelə kəndin qədim tarixindən söz açıb, layihə
haqqında təəssüratlarını bölüşüblər. Belə tədbirlərin
şagirdlərin tərbiyəsində önəmli yer tutduğu vurğulanıb.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |