Bakı
və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin VII və
VIII sinif şagirdləri arasında yay olimpiada məktəbinə
seçmə imtahanları keçirilib.
Bakı şəhərində Heydər Əliyev adına liseydə, Sumqayıt
şəhərində isə Texniki və təbiət təmayüllü gimnaziyada
keçirilən imtahanda 200-yə yaxın istedadlı şagird
iştirak edib.
İmtahanın nəticələrinə əsasən fərqlənən şagirdlər Təhsil
Nazirliyi tərəfindən iyunun 5-dən 25-dək təşkil edilən
yay olimpiada məktəbinə daxil olacaqlar. Yay olimpiada
məktəbində şagirdlərə ağırlaşdırılmış dərs proqramı
keçiriləcək. Bundan əlavə, şagirdlər üçün müvafiq sosial
tədbirlər də təşkil ediləcək.
Qeyd edək ki, yay olimpiada məktəbinə Sumqayıt və Bakı
şəhərləri üzrə riyaziyyat fənnindən 52 şagird, fizika
fənni üzrə isə 32 şagird qatılacaq. Yay olimpiada
məktəbi dövründə şagirdlər arasında rəqabətin
artırılması məqsədilə bir neçə sınaq imtahanı
keçiriləcək.
Yay məktəbinin sonunda şagirdlərə yekun imtahanı
keçiriləcək və gələn tədris ili üçün azyaşlı məktəblilər
arasında beynəlxalq olimpiadalara hazırlıq qrupları
yaradılacaq. Həmin qruplara tədris ili boyunca xüsusi
dərs proqramı istiqamətində hazırlıqların keçirilməsi
nəzərdə tutulub. |