NDU-da
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil
Problemləri İnstitutu, Naxçıvan Dövlət Universiteti və
Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkil etdiyi
"Azərbaycanda təhsil quruculuğunun prioritetləri: müasir
yanaşmalar" mövzusunda beynəlxalq elmi konfrans
keçirilib.
Pedaqoji tədqiqatlar sahəsində tanınmış mütəxəssislər,
ali və orta məktəb müəllimlərinin iştirak etdiyi
konfransın plenar iclasında Naxçıvan Muxtar
Respublikasının təhsil naziri Piri Nağıyev Azərbaycanda
aparılan təhsil islahatlarının uğurlarından, muxtar
respublikada təhsilin inkişaf səviyyəsindən danışıb.
"Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı,
Azərbaycan təhsilinin böyük hamisi, ümummilli lider
Heydər Əliyevin xalqımız qarşısında ən böyük
xidmətlərindən biri də Azərbaycan təhsilini himayə
etməsi, təhsilin gələcək inkişaf yollarını
müəyyənləşdirməsidir. Heydər Əliyev şəxsiyyəti
olmasaydı, Azərbaycan təhsili də bugünkü səviyyəyə gəlib
çata bilməzdi", - deyən nazir bildirib ki, ulu öndər
Heydər Əliyevin əsasını qoyduğu ənənələr, bütövlükdə
müasir təhsil siyasəti Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla
davam etdirilir. Nazir bu sahəyə göstərilən dövlət
qayğısından bəhs edərək vurğulayıb ki, Azərbaycan
Respublikasının bütün bölgələrində olduğu kimi, Naxçıvan
Muxtar Respublikasında da ölkə Prezidentinin təhsil
sahəsində müəyyənləşdirdiyi vəzifələr uğurla həyata
keçirilməkdədir. Bu gün muxtar respublikanın tam orta
məktəblərində 600-dən çox elektron lövhə, 3700 kompüter
şagirdlərin istifadəsinə verilib. Təhsil naziri
çıxışında bu cür elmi konfransların yüksək əhəmiyyət
kəsb etdiyini də bildirib.
"Müasir
dövrdə şəxsiyyətin formalaşmasında məktəbdənkənar təlim
və tərbiyənin rolu" mövzusundakı məruzəsində Azərbaycan
Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov
elm və təhsilin qarşılıqlı əlaqəsindən və paralel
inkişaf istiqamətlərindən, regionda elmi kadr hazırlığı
prosesində ali təhsil müəssisələrinin müstəsna rolundan
danışıb. Vurğulanıb ki, insanların formalaşdırılması,
həyat üçün hazırlanması yalnız təlim - tərbiyə
müəssisələrinin işi ilə məhdudlaşmır. Çünki hər bir
insan - uşaq, yeniyetmə, gənc, işçi - həm də bir
ailənin üzvü, bir mühitin yaşayanı, bir kollektivin
nümayəndəsi, bir idarənin işçisidir. Bu birliklər, mühit
insanlara müxtəlif təsirlər göstərir. Ona görə də ali
təhsil müəssisələrində də pedaqoji biliklər verilməsi,
cəmiyyətdə pedaqoji biliklərin təbliği əsasdır. Natiq
Azərbaycan elminin, təhsilinin dinamik inkişafını, elmi
kadrların hazırlanmasını, elmi potensialın
gücləndirilməsini, elmi-texniki nailiyyətlərin əldə
olunmasının vacib məsələlərdən olduğunu bildirib. Elmin
inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən
biri hesab edən dövlət başçısı İlham Əliyevin elm və
təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan
təhsil nazirinin müavini bu uğurlu siyasətin Azərbaycan
elminə dəyərli töhfələr verdiyini və Azərbaycanın
beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına
zəmin yaratdığını söyləyib.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir
üzvü Saleh Məhərrəmov "Naxçıvan Dövlət Universitetində
elektron təhsil şəbəkəsi" mövzusundakı məruzəsində
rəhbərlik etdiyi ali təhsil ocağında elektron təhsil
sahəsində görülən işlərdən danışıb. Saleh Məhərrəmov
bildirib ki, muxtar respublika rəhbərliyinin qayğısı ilə
bu ali məktəb ən müasir informasiya-kommunikasiya
texnologiyaları ilə təchiz olunub. Universitetdə 108
hektarlıq ərazini əhatə edən "Wi-Fi" internet şəbəkə
sistemi mövcuddur və virtual əlaqələr genişlənib.
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində
quraşdırılan server avadanlıqları, elektron mühafizə və
müşahidə sistemləri, Media mərkəzində Universitet
televiziyası və "Nuhçıxan" radiosunun verilişlərinin
Naxçıvan şəhərində HD mpeg-4 rəqəmsal formatda
yayımlanması, video və slayd şəklində mühazirə
kontentlərinin hazırlanması barədə danışan natiq
universitetdə sənəd dövriyyəsi prosesinin elektron
üsulla aparıldığını da nəzərə çatdırıb. Vurğulanıb ki,
universitetdə İnformasiya-Kommunikasiya Texnologiyaları
Mərkəzi kamera-nəzarət sistemi, server və texniki
təminat otaqları mövcuddur. 202 IP telefon
quraşdırılaraq universitet vahid telefon şəbəkəsinə
qoşulub. Mərkəzi server xüsusi təhlükəsizlik proqramları
ilə təchiz olunub, kamera-nəzarət sisteminə
birləşdirilən 47 videokamera vasitəsilə imtahanların
gedişini birbaşa izləmək, yaddaşda saxlamaq və
universitet ərazisinə nəzarət etməyin mümkün olduğu
bildirilib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc
Həsənli "Şəxsiyyətyönümlü kurikulumların idrak
mahiyyəti" mövzusunda məruzə edərək bildirib ki, təhsil
sahəsində kurikulum islahatının həyata keçirildiyi bir
dövrdə müəllimlərin qarşısında duran əsas vəzifə
milli-mənəvi və ümumbəşəri dəyərlərə malik, geniş
dünyagörüşlü, təşəbbüskar və yenilikləri
qiymətləndirməyi bacaran şəxsiyyət formalaşdırmaqdır.
Natiq bildirib ki, şagirdlərin şəxsiyyət kimi
inkişafında təfəkkürün formalaşdırılması çox mühüm
amildir. Bu mənada şəxsiyyətin formalaşmasında yaradıcı,
məntiqi və tənqidi təfəkkürün inkişafı xüsusi rol
oynayır.
Plenar iclasda Təhsil Problemləri İnstitutunun direktoru,
hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzovun "Müasir
məktəb, sosial çağırışlar və müəllimlik missiyası",
həmin institutun direktor müavini, pedaqogika üzrə
fəlsəfə doktoru, dosent Ənvər Abbasovun "12 illik
təhsilin xarakterik xüsusiyyətləri", Türkiyə Rəhbərlik
və Elmi Tədqiqat Mərkəzinin əməkdaşı Mehmet Önəmlinin "Uşaqlarda
kəkələmə" mövzularında məruzələri dinlənilib.
Qeyd edək ki, plenar iclasda Naxçıvan Dövlət
Universitetinin inkişaf yolunu əks etdirən slaydlar
nümayiş olunub.
İki gün davam edən elmi konfrans öz işini
"Şəxsiyyətyönümlü təhsil", "Təhsilin idarə olunması",
"Təhsildə innovativ təlim metodları və
texnologiyalarının tətbiqi", "Tərbiyə
texnologiyalarından istifadə", "Psixologiya, korreksiya
pedaqogikası, inklüziv təhsil", "Rəqabətqabiliyyətli
pedaqoji kadr hazırlığının aktual problemləri", "Məktəb
və pedaqoji fikir tarixi" mövzuları ilə 7 bölmə
iclasında davam etdirib.
Bölmə iclaslarında 160-dan çox məruzə dinlənilib.
Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |