Təhsil
Nazirliyinin Bülbül adına orta ixtisas musiqi məktəbinin
XI sinif şagirdi Nisbət Sədrayeva V Muğam televiziya
müsabiqəsində I yerə layiq görülüb.
Qeyd edək ki, Muğam televiziya müsabiqəsi 2005-ci ildən
başlayaraq Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan
Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan
Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm
Nazirliyinin iştirakı ilə keçirilir.
V Muğam televiziya müsabiqəsinə Bərdə, Şamaxı və Bakıda
keçirilmiş seçimlərə qatılan 500-ə yaxın namizəd
arasından 20 gənc ifaçı seçilib. Gənc ifaçıların
çıxışları muğam sənətinin biliciləri - xalq artistləri
Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova,
Mənsum İbrahimov, Ramiz Quliyev, əməkdar incəsənət
xadimləri Sərdar Fərəcov və Nadir Axundovun daxil olduğu
münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Nisbət Sədrayeva məktəbdə təhsil aldığı müddətdə bir çox
müsabiqə və festivallarda iştirak edib. 2013-cü ildə
Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş
ümummilli lider Heydər Əliyevin anadan olmasının 90
illiyinə həsr olunmuş gənc ifaçıların II Respublika
müsabiqəsində I yerə layiq görülüb, 2014-cü ildə milli
musiqi alətləri ifaçıları və xanəndələrin II Respublika
müsabiqəsinin laureatı olub.
www.edu.gov.az |