Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun Füzuli rayonu üzrə nümayəndəsi Ləman Əliyevanın
təşəbbüsü ilə rayonun Horadiz qəsəbəsində "Kitabi-Dədə
Qorqud" dastanı milli-mənəvi sərvətimizdir" adlı tədbir
keçirilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının I
müavini B.Aslanov, Füzuli Rayon Mədəniyyət və Turizm
şöbəsinin müdiri E.Məmmədov, Füzuli Rayon Təhsil
Şöbəsinin müdir müavini R.Səmədov, təhsil şöbəsinin
məsləhətçisi F.Məhərrəmov, bir qrup gənc fəal, rayon
məktəblərinin müəllim və şagird kollektivləri iştirak
ediblər.
Əvvəlcə L.Əliyeva Bilik Fondunun fəaliyyəti, həyata
keçirdiyi layihələr haqqında ictimaiyyətə geniş məlumat
verib. Horadiz şəhər 2 nömrəli tam orta məktəbin tarix
müəllimi H.Xudiyev "Kitabi-Dədə Qorqud" dastanının
tarixi, dastanda adıçəkilən yerlər, eləcə də "Təpəgöz"
boyunun alman alimi Haynrix Fridrix fon Dits tərəfindən
alman dilinə tərcümə olunması haqqında ətraflı bilgilər
verib.
Sonra Horadiz şəhər 2 nömrəli tam orta məktəbin
şagirdləri və Füzuli Dövlət Dram Teatrının gənc
aktyorlarının birgə hazırladıqları ədəbi-bədii
kompozisiya nümayiş olunub. Kompozisiyada "Kitabi-Dədə
Qorqud" dastanının qədimliyindən, xalqımızın mənəvi
irsində yerindən, obrazların qəhrəmanlığından söhbət
açılıb, dastanın motivləri əsasında səhnələr təqdim
edilib. Tədbir boyu Qorqud Atanın nəsihətamiz fikirləri
səslənib, bu vətənpərvərlik dastanını tərənnüm edən
məktəblilər vətənə sədaqət andı içiblər.
Sonda iştirakçılara "Kitabi-Dədə Qorqud" dastanının
tarixinə həsr olunmuş sənədli film göstərilib.
Bilik Fondunun İnformasiya Təminatı sektoru |