O, bir ömür yaşayır. Şərəfli,
ləyaqətli alim ömrü. Əslində alimliklə bərabər həm də
müəllim ömrü. Peşəsinin fədaisi, sənətinin vurğunudur.
Çətin və keşməkeşli, enişli, yoxuşlu həyat yolundan
keçərək zirvələri fəth edən, ömrünün 75-ci baharına
qədəm qoyan bu şəxs həm də gözəl insan, el ağsaqqalıdır.
Haqqında söhbət açdığımız şəxs Bakı Dövlət
Universitetinin professoru, BDU-nun nəzdindəki "Gənc
istedadlar" liseyinin direktoru, tanınmış alim, əməkdar
müəllim Qasım Zülfəli oğlu Hüseynovdur.
O, 1940-cı il mayın 25-də Naxçıvan Muxtar Respublikası,
Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq)
kəndində anadan olub. Orta təhsilini 1948-1958-ci
illərdə Şahbuz rayon Kükü kənd orta məktəbində alan
Qasım müəllim 1958-ci ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) kimya fakültəsinə qəbul
olmuş və 1963-cü ildə universiteti fərqlənmə diplomu ilə
bitirmişdir. Elm sahəsinə xüsusi marağı olan Q.Hüseynov
1963-1966-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası
Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında
təhsilini davam etdirib. 1966-1977-ci illərdə Azərbaycan
MEA Aşqarlar Kimyası İnstututunda kiçik elmi işçi, baş
mühəndis, laboratoriya müdirinin müavini və baş elmi
işçi vəzifələrində çalışıb. 1977-ci ildən müsabiqə yolu
ilə pedaqoji işə keçərək, akademik Y.Məmmədəliyev adına
Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki NDU) baş
müəllim, dosent və 1984-cü ildən kafedra müdiri
vəzifələrində işləyib. Hər zaman məsuliyyəti və işə olan
peşəkarlığı ilə seçilən Qasım müəllim 1989-cu ildə
Y.Məmmədəliyev adına NDPİ-nin (indiki NDU) rektoru
vəzifəsinə təyin edilib. 1996-cı ilə qədər bu vəzifədə
çalışan Q.Z.Hüseynov rektor işlədiyi dövrdə Azərbaycan
Nazirlər Kabinetinin 29 dekabr 1990-cı il tarixli 584
nömrəli qərarı ilə pedaqoji institut Naxçıvan Dövlət
Universitetinə çevrilib, ona ikinci kateqoriyalı ali
məktəb statusu verilib, müstəqil iqtisad fakültəsi,
beynəlxalq əlaqələr və aspirantura şöbələri yaradılıb,
yeni kafedralar və ixtisaslar açılıb, universitetin
"Fikir" qəzeti nəşrə başlayıb.
1996-cı ildən fəaliyyətini BDU-nun "Neft-kimyası və
kimya texnologiyası" kafedrasında davam etdirən
Q.Hüseynov hazırda həmin kafedranın professoru
vəzifəsində işləyir. Bununla yanaşı o həm də 2007-ci
ilin noyabr ayından etibarən BDU-nun nəzdində fəaliyyət
göstərən "Gənc istedadlar" liseyinin direktorudur. Qeyd
etmək lazımdır ki, "Gənc istedadlar" liseyi qazandığı
uğurlara görə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamı ilə 2012-2013-cü tədris ilində
keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin
qaliblərindən biri olub. Liseyin məzunları qəbul
imtahanlarında ən yüksək nəticələr göstərir. Bütün bu
uğurlar liseyə rəhbərlik edən Qasım müəllimin və
pedaqoji kollektivin gərgin əməyinin nəticəsidir.
Q.Hüseynovun elmi fəaliyyətinə nəzər saldıqda görürük
ki, o, 1968-ci ildə namizədlik, 1991-ci ildə isə
doktorluq dissetrasiyasını müdafiə edib. 1991-ci ildə
professor elmi adına layiq görülüb. Q.Hüseynovun
elmi-tədqiqat işləri sürtkü yağlarının, yanacaqların
keyfiyyətini yaxşılaşdıran aşqarların, metalları
korroziyadan qoruyan inhibitorların və analitik
rentgentlərin sintezinə və tədqiqinə həsr olunub. O,
dizel mühərriklərinin işlənmiş qazlarının tüstülülüyünü
azaldan, keçmiş SSRİ-də ilk dəfə alınan və tətbiqinə
dair 1977-ci ildə SSRİ Dövlət Standartlaşdırma Komitəsi
tərəfindən qərar verilən İXP - 706 aşqarının
müəllifidir. Q.Hüseynovun "Kobaltın fotometrik üsulla
təyini" barədəki ixtirası 1986-cı ildən Xarkov
şəhərindəki zavodda tətbiq olunur.
Yuxarıda göstərilən elmi-tədqiqat işlərinin nəticələri
200-dən çox elmi əsərdə, o cümlədən 18 müəlliflik
şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. Bundan
başqa Q.Hüseynov bir dərs vəsaitinin və ali məktəblər
üçün hazırlanmış 6 fənn proqramının müəllifidir. Onun
rəhbərliyi və yaxından iştirakı ilə 1 nəfər doktorluq, 7
nəfər namizədlik, 10 nəfər isə magistr dissertasiyası
müdafiə etmişdir.
O, dəfələrlə beynəlxalq simpoziumlarda Azərbaycan kimya
elmini ləyaqətlə təmsil etmişdir.
Q.Hüseynovun elmi və pedaqoji fəaliyyəti yüksək
qiymətləndirilmişdir. O, SSRİ Ali Soveti Rəyasət
Heyətinin 20 avqust 1986-cı il tarixli fərmanı ilə
"Şərəf nişanı" ordeni ilə, D.İ.Mendeleyev adına
Ümumittifaq Kimya Cəmiyyətinin Fəxri Fərmanı və həmin
cəmiyyətin Azərbaycan filialının diplomu ilə, Türkiyənin
Ankara Universitetinin xatirə medalı ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30
oktyabr 2009-cu il tarixli sərəncamı ilə Q.Hüseynov
"Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Q.Hüseynov Azərbaycan MEA akademik Y.H.Məmmədəliyev
adına Neft-Kimya Prosesləri İnstitutu nəzdində Birləşmiş
Müdafiə Şurasının üzvüdür.
Qasım müəllim haqqında onunla çiyin-çiyinə işləyən, onu
yaxından tanıyan şəxslərin fikirlərini oxuculara təqdim
edirik.
Naxçıvan Dövlət Pedaqoji İnstitutuna
gəlməsi kimya kafedrasının inkişafına böyük təkan verdi
Tofiq Əliyev, NDU-nun kimya kafedrasının müdiri, kimya
elmləri doktoru: - Qasım Hüseynovla ilk tanışlığım
1977-ci ilə - onun Naxçıvan Dövlət Pedaqoji İnstitutunun
kimya kafedrasına işə göndərildiyi vaxta təsadüf edir. O
vaxt artıq mən həmin kafedranın müəllimi vəzifəsində
çalışırdım.İlk baxışda elə də diqqəti cəlb etməyən bu
insan az sonra bütün kafedra üzvlərinin, daha sonra isə
institut əməkdaşlarının böyük əksəriyyətinin sevimlisinə
çevrildi: sadəliyi, səmimiliyi, qayğıkeşliyi, eləcə də
nəzəri və praktiki baxımdan mükəmməl bir kimyaçı olması
sayəsində. Açığını söyləmək lazımdır ki , Qasım
Hüseynovun Naxçıvan Dövlət Pedaqoji İnstitutuna gəlməsi
kimya kafedrasının inkişafına böyük təkan verdi.
Doğrudur, buna qədər də mərhum professor İsrafil
Məmmədovun rəhbərliyi ilə mənim tərəfimdən yığılan
qurğular elmi-tədqiqat kimya laboratoriyasında korroziya
tədqiqatları aparmağa imkan verirdi. Lakin o dövrə qədər
korroziya inhibitoru kimi tədqiq etdiyimiz maddələr və
bitki ekstraktları müxtəlif elmi-tədqiqat
institutlarından və tədqiqatçılardan əldə edilirdi. Bu
isə çox vaxt böyük çətinliklər yaradırdı. Qasım Hüseynov
kafedramıza gəldikdən sonra isə onun rəhbərliyi ilə
elmi-tədqiqat laboratoriyasında tərkibində müxtəlif
funksional qrup və heteroatom saxlayan ayrı-ayrı üzvi
birləşmələrin sintezini həyata keçirdiyi üçün müvafiq
qurğular yığıldı və tədqiqat işlərinə başlandı. Kafedra
üzvlərinin demək olar ki, böyük əksəriyyəti bu işə cəlb
olundu. Belə ki, sintez etdiyimiz birləşmələr mənim
tərəfimdən korroziya inhibitoru antiabraziv aşqar və
bakteroisid kimi, digər yoldaşlar tərəfindən isə
antioksidləşdirici aşqar, tüstülənməyə qarşı aşqar,
analitik reagent və s. kimi tədqiq edilirdi. Çox keçmədi
ki , bu işlər öz bəhrəsini verməyə başladı. Aldığımız
nəticələr respublikanın və ittifaqın bir çox nüfuzlu
jurnallarında dərc olundu, müxtəlif simpozium və
konfranslarda məruzə edildi və həmkarlarımız tərəfindən
böyük maraqla qarşılandı. Elə həmin dövrlər apardığımız
tədqiqatlarla bağlı mənim və Qasım müəllimin müəllifi
olduğu "xidməti istifadə üçün" qrifinə malik müəlliflik
şəhadətnaməsi də alındı.
Qasım Hüseynov gözəl tədqiqatçı olmaqla yanaşı, həm də
gözəl pedaqoq olduğunu bizimlə birgə çalışdığı dövrdə
sübut etdi. Onu kollektivə sevdirən xüsusiyyətlərdən
biri də sonralar kafedra müdiri və rektor olduğu
dövrlərdə də sadəliyini və təvazökarlığını qoruyub
saxlaması idi. Tam səmimiyyətlə qeyd etmək istərdim ki,
Qasım Hüseynovun universitetdən getməsi kafedramızda
aparılan elmi-tədqiqat işlərinə öz təsirini göstərdi. Bu
gün Qasım Hüseynov Azərbaycanın ən böyük elm və təhsil
məbədi olan Bakı Dövlət Universitetində öz elmi-pedaqoji
fəaliyyətini davam etdirir. BDU-nun rektoru, çox
hörmətli Abel Məhərrəmov onu universitetin nəzdində
fəaliyyət göstərən "Gənc istedadlar" liseyinə direktor
vəzifəsinə irəli çəkmişdir. Bu liseydə əldə edilən
uğurlar bir daha Q.Hüseynovun yüksək elmi-pedaqoji
səriştəsindən xəbər verir.
Bu günlərdə professor Qasım Hüseynovun anadan olmasının
75 ili tamam olur. Fürsətdən istifadə edərək onu öz
adımdan, eləcə də bütün kollektivimiz adından
səmimi-qəlbdən təbrik edir, ona daha uzun və sağlam
ömür, bundan sonrakı fəaliyyətində isə daha böyük
uğurlar arzu edirəm.
Mənalı ömür
Musa Bayramov, BDU-nun Neft kimyası
və texnologiyası kafedrasının müdiri, kimya elmləri
doktoru, professor, əməkdar elm xadimi: - Elmin ən
yüksək zirvəsində olan, ömrünün 55 ilini elmə, təhsilə
həsr edən, əməkdar müəllim, kimya elmləri doktoru Qasım
müəllim haqqında danışmaq mənim üçün çox xoşdur. Onu
uzun illərdi tanıyıram. Daim məsuliyyəti və
zəhmətkeşliyi ilə tanınan Qasım müəllim kafedranın
pedaqoji-elmi həyatında yaxından iştirak edir. Təhsilin
bakalavr və magistr pillələrində yüksək səviyyəli
mühazirə, eləcə də laboratorya dərsləri tədris etməklə
yanası, neft-kimyəvi sintezlə əlaqəli elmi fəaliyyətlə
də məşğul olur. Onun elmi araşdırmaları sayəsində üzvi
və neft kimyasının çox az tədqiq edilmiş sahələrindən
biri olan tiofenollar və merkaptokarbon turşularının
reaksiya qabiliyyətləri, kimyəvi xassələri öyrənilmiş,
kükürdlü birləşmələrin sintezinin yeni prinsipləri
işlənib hazırlanmışdır. Q.Hüseynov tərəfindən ilk dəfə
olaraq bəzi kükürdlü üzvi maddələrin sintezinin sadə və
effektli üsulları təklif edilmişdir. Bütün bu
sadalananlarla yanaşı Q.Hüseynov şərəfli bir yol
keçmişdir. O, gözəl alim, pedaqoq olmaqla yanaşı, həm də
yüksək insani keyfiyyətlərə malikdir. İşlədiyi müddətdə
fakültə, o cümlədən kafedra kollektivinin, tələbələrin
böyük hörmətini qazanmışdır.
Kimya fakültəsinin kollektivi əməkdar müəllim, Neft
kimyası və kimya texnologiyası kafedrasının professoru,
kimya elmləri doktoru Qasım Zülfəli oğlu Hüseynovu
ömrünün 75-ci baharı münasibətilə ürəkdən təbrik edir,
ona cansağlığı, elmi-pedaqoji fəaliyyətində yeni uğurlar
arzu edir.
O həm yaxşı alim, həm də gözəl
insandır
İbrahim Məmmədov, BDU-nun Neft kimyası
və texnologiyası kafedrasının professoru: - Qasım
müəllim xeyirxahlıq, təvazökarlıq, sadəlik, ekstremal
vəziyyətlərdən operativ çıxmaq bacarığı kimi yüksək
insani keyfiyyətləri özündə birləşdirən bir şəxsdir. O,
qızıldan qiymətli vaxtı həmişə düzgün bölür, insana bir
dəfə verilən ömür saatlarını xeyirli işlərə sərf edir.
Q.Hüseynov ömrü boyu alın təri ilə yaşayan, müəllim
titulunu şərəflə, vicdanla, namusla çiyinlərində daşıyan
əməksevər bir müəllim və alimdir. Kimya elmində
özünəməxsus dəst-xətti olan Qasım müəllim həm də öz
pedaqoji ustalığını daim təkmilləşdirərək alim-pedaqoq
kimi minlərlə insanın sevimlisinə çevrilib. Belə
yaşamın bir adı var - şərəfli pedaqoq ömrü. Bu
sadaladıqlarımdan başqa, mən qətiyyətlə deyə bilərəm ki,
Qasım müəllimi fərqləndirən ən başlıca xüsusiyyət onun
həm də çox gözəl, səmimi insan olmasıdır. Ataların belə
bir deyimi var: "alim olmaq asandır, insan olmaq çətin".
Qasım müəllimi tanıyanlar yaxşı bilirlər ki, o həm yaxşı
alim, həm də gözəl insandır. O hər bir tələbəyə,
şagirdə xüsusi həssaslıqla yanaşır. Onların probleminin
həll olunmasında yaxından köməklik göstərir. Bundan
başqa, rəhbərlik etdiyi müəssisələrdə daim demokratik
sağlam mühit formalaşdıraraq kollektivin sevimlisinə
çevrilib.
Qasım müəllimi 75 illik yubileyi münasibətilə təbrik
edirəm. Ona həyatda ən şirin nemət olan cansağlığı
arzulayıram.
Müəllimliyin ən yüksək zirvəsində
Vəli Əliyev, BDU nəzdində "Gənc
istedadlar" liseyinin kimya müəllimi, kimya üzrə
fəlsəfə doktoru, respublikanın əməkdar müəllimi: -
Gözəl müəllim, gözəl alim, gözəl təşkilatçı, gözəl ailə
başçısı, gözəl insan - bu qədər gözəl xüsusiyyətlərin
bir fərddə olması xoşbəxtliyin əsas göstəricisi deyilmi?
Deyilənlər ömrünü elmə, gənclərimizin təlim-tərbiyəsinə
həsr etmiş kimya elmləri doktoru, professor,
respublikanın əməkdar müəllimi, Bakı Dövlət Universiteti
nəzdində "Gənc istedadlar" liseyinin direktoru Qasım
Hüseynova aiddir. Qasım müəllim kollektivin
sevimlisidir. Qasım müəllim müəllimliyin ən yüksək
zirvəsindədir. Bu hər müəllimə nəsib olmur. Bunun üçün
təkcə bilik, bacarıq kifayət deyil, eyni zamanda qəlbi
məhəbbətlə dolu böyük insan olmaq lazımdır. Ailəyə,
uşaqlara, insanlara, gördüyün işə, ümumiyyətlə insanı
əhatə edən hər şeyə olan böyük məhəbbət insanı yaşadır
və sevdirir. Elə ona görə də bu günlərdə 75 illik
yubileyini qeyd edən Qasım müəllim gümrah, işgüzar,
zarafatından qalmayan bir həyat tərzi yaşayır. Artıq
neçə illərdir ki, Qasım müəllimin həyatı "Gənc
istedadlar" liseyi ilə bağlıdır. Belə bir istedadlı
insanın "Gənc istedadlar" liseyinin direktoru olması heç
də təsadüfi deyildir. Bu seçim Bakı Dövlət
Universitetinin rektoru, Milli Məclisin deputatı,
hörmətli akademik Abel Məhərrəmovun uzaqgörənliyinin
təzahürüdür. Qasım müəllim liseydə hər bir şagirdi adı,
soyadı ilə tanıyır və hər biri ilə dostcasına söhbət
etməyi bacarır. Şagirdlərin hər hansı tədbirdə qazandığı
uğurlara uşaq kimi sevinir. Ümumiyyətlə, Qasım müəllim
həyatda sevinməyi bacaran bir insandır. Lisey
kollektivinin tədbirlərində, direktor kimi yox,
kollektivin fəal bir üzvü kimi həmişə öndə olur. Bütün
bu gözəllikləri özündə birləşdirən sevimli Qasım
müəllim, sizi 75 illik yubileyiniz münasibətilə təbrik
edir, sizə möhkəm cansağlığı, uzun ömür və işlərinizdə
uğurlar arzulayıram.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |