Bakının
Xətai rayonundakı 240 nömrəli körpələr evi-uşaq
bağçasında "Əlvida, bağça" mərasimi keçirilib.
Məktəbəqədər təhsil pilləsini başa vuranların son
tədbirində onların valideynləri ilə yanaşı, balacaların
sevincinə qoşulan qonaqlar da iştirak ediblər.
Bağçanın al-əlvan şarlarla və bayraqlarla bəzənmiş
musiqi zalında keçirilən tədbirdə əvvəlcə Dövlət himni
ifa olunub. "Azərbaycan" mahnısının sədaları altında
əllərində kiçik bayraqlar və gül dəstələri tutmuş
məzunlar zala daxil olaraq "Sizə salam gətirmişəm"
mahnısı ilə tədbir iştirakçılarını salamlayıblar. Sonra
tədbirin aparıcıları olan Afina, Ağali, Leyli və Zamiq
Bakıda keçirilən I Avropa Oyunları münasibəti ilə
iştirakçıları təbrik ediblər. Bildiriblər ki, bu gün biz
həm fərəhlənir, həm də kədərlənirik. Fərəhlənirik ki,
biz işıqlı gələcəyə - məktəbə gedirik, orada yazmağı,
oxumağı öyrənərək xalqımıza, dövlətmizə layiqli vətəndaş
kimi yetişəcəyik. Məyus oluruq ki, bağça həyatını başa
vurub, bizim əziyyətimizi çəkən, bizə tərbiyə verən
tərbiyəçilərimizdən və yoldaşlarımızdan ayrılırıq.
Uşaqlardan Xədicə, Aysu və Əli "Məktəbə gedəcəyik",
Aysun, Nazlı, Fərhad, Davud, Şəmistan və Aysu isə
"Bağçamız" mahnısını ifa ediblər. Onlar "Vals",
"Matroşka" rəqsini, "Kukla", "Məktəbə yazdırsana",
"Göyərçinik biz" və "Ana can" mahnılarını ifa ediblər.
Uşaqlar tədbir boyu çıxışları - söylədikləri şeirlər,
ifa etdikləri mahnı və rəqslər, göstərdikləri
tamaşalarla məktəb təliminə hazır olduqlarını nümayiş
etdiriblər.
Bağçanın müdiri, pedoqogika üzrə fəlsəfə doktoru Sədaqət
Rəhimova çıxış edərək məktəbəhazırlıq qrupunun
uşaqlarını, onların valideynlərini və tərbiyəçilərini
məzun günü münasibətilə təbrik edib. Uşaqlara hədiyyələr
təqdim edilib. S.Rəhimova bağçalarında uşaqlar üçün
yaradılan şəraitə görə dövlətimizin başçısı İlham
Əliyevə minnətdarlığını ifadə edib. O, birinci Avropa
Oyunlarının ölkəmizdə keçirilməsi münasibəti ilə tədbir
iştirakçılarını təbrik edib və bu oyunların Vətənimiz
üçün əhəmiyyətindən danışıb.
240 nömrəli körpələr evi-uşaq bağçasının məktəbəhazırlıq
qrupunun tərbiyəçiləri çıxış edərək balacaları bu gün
münasibəti ilə təbrik edib, onlara qədəm qoyacaqları
yeni həyatda uğurlar arzulayıblar. Fidanlara məktəbdə
yaxşı oxumağı, valideynlərinin və müəllimlərinin
sözlərinə və tapşırıqlarına əməl etməyi tövsiyə ediblər.
Məktəbəhazırlıq qrupunun uşaqları bağça ilə vidalaşma
anının çatdığını, bir azdan məktəbə gedəcəklərini
bildiriblər və bu münasibətlə tərbiyəçilərini,
valideynlərini təbrik ediblər. Uşaqlardan ibarət xor
"Sevinirik dostlar, məktəbə gedirik biz" mahnısını ifa
edib.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |