"Bakı-2015"
I Avropa Oyunları çərçivəsində keçirilən sərbəst güləş
yarışında Təhsil Nazirliyinin nəzdindəki idman
məktəbinin təmsilçisi yarımfinala yüksəlib.
Belə ki, Abşeron Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi
Hacı Əliyev ilk görüşündə erməni güləşçisi Valodya
Franqulyanı 7:0 hesabı ilə məğlub edib və bununla
görüşlərini davam etdirmək hüququ qazanıb.
Hacı Əliyev növbəti görüşündə də qalib gəlib. 61 kq.
çəki dərəcəsində mübarizə aparan idmançımız slovakiyalı
Mikola Balotnyuk üzərində daha böyük hesabla - 11:0
hesabı ilə qələbə qazanaraq yarımfinala çıxıb.
Həmyerlimiz finala gedən yolda rusiyalı Aleksandr
Boqomoyevlə üz-üzə gəlib. Təəssüflər olsun ki, təcrübəli
rəqib qarşısında ilk xalı Hacı qazansa da, qələbəni
şimal qonşumuz bayram edib - 5:2.
Məğlubiyyətə baxmayaraq, H.Əliyev bürünc medal uğrunda
mübarizədə türkiyəli Recep Aktaş Minurla qarşılaşıb.
Rəqibinə heç bir şans verməyən (10:2) Hacı Avropa
Oyunlarını 3-cü yerdə başa vurub.
Qeyd edək ki, Hacı Əliyev indiyə qədər dünya və Avropa
çempionatlarının qalibi olub. |