Azərbaycan
Dillər Universitetinin 12 nəfərlik nümayəndə heyəti Oslo
Universitetinin Beynəlxalq Yay məktəbində təhsil alacaq.
Azərbaycan Dillər Universitetinin rektoru, Milli
Məclisin deputatı, professor Səməd Seyidov bu il
Norveçin Oslo Universitetində Beynəlxalq Yay məktəbində
təhsil alacaq universitetin bir qrup tələbə və müəllim
heyəti ilə görüşdü. Görüşdə hər il olduğu kimi bu il də
tələbə və müəllimlərin xarici ölkələrə göndərildiyini
deyən rektor Səməd Seyidov bu baxımdan ilin daha
məhsuldar olduğunu söylədi. ADU-nun 10 nəfər tələbəsinin
universitet hesabına 2015-2016-cı tədris ilində Çin Xalq
Respublikasının Şenyan Pedaqoji Universitetində təhsil
alacağını söyləyən rektor Çinə məhz bu sayda tələbənin
göndərilməsinin Azərbaycanda ilk dəfə olduğunu
vurğuladı. Rektor Səməd Seyidov tələbələrin İtaliya,
Fransa, Almaniya və digər ölkələrə oxumaq üçün
göndərildiklərini bildirdi. Həmçinin rektor universitetə
ABŞ, Fransa, Koreya, İspaniya, Çin və digər ölkələrdən
tələbələrin gəldiyini də qeyd etdi.
Hazırda Azərbaycanın möhtəşəm Avropa Oyunlarına ev
sahibliyi etdiyini deyən rektor Norveçə gedən nümayəndə
heyətinə olduqları ölkədə vətənləri haqqında obyektiv
reallıqları, mədəniyyəti, incəsənəti ilə bağlı geniş
məlumatların çatdırılması zərurətindən danışdı.
S.Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu
siyasəti sayəsində azərbaycanlı gənclərin inkişaf etmiş
ölkələrdə təhsillərini davam etdirmək şansı əldə
etdiklərini qeyd etdi. Norveçin yüksək mədəniyyətə malik
ölkə olduğunu deyən rektor bu ölkəyə gedən nümayəndə
heyətinə uğurlar arzuladı.
Daha sonra Norveçə gedən müəllimlər Azərbaycan Dillər
Universitetinin maliyyə dəstəyi hesabına uzun müddətdir
ki, müəllim və tələbələrin xarici ölkələrə konfranslara,
təlimlərə, təhsil almağa göndərildiklərini bildirdilər.
Yaradılan şəraitə, dəstəyə görə təşəkkürlərini bildirən
müəllimlər Azərbaycanı uğurla təmsil edəcəklərini və
yüksək bilikləri mənimsəyərək geri dönəcəklərinə
əminliklərini ifadə etdilər.
Norveçə gedən tələbələr özlərini təqdim edərək
Azərbaycanı layiqincə təmsil edəcəklərinə söz verdilər.
Qeyd edək ki, Oslo Universitetində təşkil olunan kurslar
21 iyun 2015-ci ildən başlayaraq 1 avqust 2015-ci il
tarixinədək davam edəcək.
Onu da qeyd edək ki, Azərbaycan Dillər Universiteti ilə
Oslo Universiteti arasında layihə çərçivəsində hər il
təşkil olunan yay məktəbində 2007-ci ildən bu günədək
ümumilikdə ADU-nun 120 nəfərə yaxın müəllim və tələbəsi
müxtəlif ixtisaslar, xüsusilə də Norveç dili üzrə təhsil
alaraq geri qayıdıblar.
İctimaiyyətlə Əlaqələr Departamenti |