Bakı
Avropa Liseyinin VI sinif şagirdi Hüseyn Hacıyev
informasiya texnologiyaları sahəsində nailiyyətlərinə
görə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Məktəbli
uşaqların mükafatlandırılması proqramı çərçivəsində
mükafata layiq görülüb.
2013-cü ildə "Microsoft Azerbaijan" şirkətinin təşkil
etdiyi müsahibədən uğurla keçən H.Hacıyev "BakuTel-2013"
19-cu Beynəlxalq Telekommunikasiya və İnformasiya
Texnologiyaları sərgisində "Ən gənc və fəal Windows
eksperti" sertifikatına layiq görülüb. O, Bakı Avropa
Liseyinin "ICT Masters Organization" təşkilatının
"Advanced Master" səviyyəsini qazanmağa nail olub.
H.Hacıyev 2014-cü ildə Bakı Avropa Liseyinin 5 ölkənin
iştirakı ilə keçirdiyi UNESCO-nun LFF layihəsi
çərçivəsində "Digital Learning Weeks in Baku European
Lyceum" adlı vebinarda iştirak üçün sertifikat alıb.
Eləcə də UNESCO-nun Qloballab layihəsində fəal iştirak
edərək bir neçə layihə üzrə qalib olub. "Qunduz 2014"
Məktəblilər üçün İnformatika və Kompüter Bilikləri üzrə
Beynəlxalq Müsabiqədə yüksək nəticə göstərib və diplomla
təltif edilib.
Bal sistemi ilə şagirdlərin qiymətləndirilməsi üzrə
liseyin müəllimləri üçün tətbiqi proqram hazırlayan
H.Hacıyev, eyni zamanda "Təhsildə proqramlaşdırmanın
rolu" mövzusunda elmi layihə üzərində işləyir. O,
təsviri incəsənət, musiqi və rəqs ilə də böyük həvəslə
məşğul olur.
Qeyd edək ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının
mükafatı azərbaycanlı məktəbliyə cari ilin avqust ayında
təqdim olunacaqdır.
www.edu.gov.az |