Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
Qəzetimizin ötən nömrəsində Böyük Britaniyanın "Times
Higher Education Rankings" jurnalı tərəfindən Asiyanın
100 ən yaxşı universitetinin reytinq sıralaması təqdim
olunub. İyunun 16-da isə Böyük Britaniyanın təhsil
xidmətləri sahəsində ixtisaslaşmış digər konsaltinq
şirkəti olan Quacquarelli Symonds (QS) Asiya
universitetlərinin yeni, fərqli reytinq cədvəlini
açıqlayıb.
Son 5 il ərzində Honkonq universitetləri ənənəvi olaraq
Asiya universitetlərinin reytinqinə başçılıq ediblər.
İlk dəfə olaraq reytinqə Sinqapur Milli Universiteti
(NUS) rəhbərlik edir. Yaponiya ilk 50-likdə 12
universitetlə təmsil olunsa da, son 3-4 il ərzində öz
mövqeyini itirməkdədir. Reytinq tərtib olunarkən
akademik birliyin, işəgötürənlərin rəyi, professor və
müəllim heyətinin beynəlxalq tərkibi, müəllimlərin elmi
əsərlərinin sayı, elmi əsərlərdən sitatgətirilmə,
tələbələrin, mübadilə proqramlarında iştirak edənlərin
sayı və s. kriteriyalar nəzərə alınıb. Reytinqlə daha
ətraflı www.topuniversities.com/asian-rankings
səhifəsindən tanış olmaq olar.
|