Azərbaycan
Dövlət İqtisad Universitetində (ADİU) diferensial
əməkhaqqı sisteminin tətbiqinə başlanılıb. Qərar Elmi
Şuranın iclasında qəbul edilib. Əməkhaqlarına
diferensial əlavələrin edilməsində əsas məqsəd pedaqoji
heyətin motivasiyasını təmin etmək və müəllimlər
arasında rəqabət mühitini gücləndirməkdir.
Yeni qaydalara əsasən, xidməti fəaliyyətin
qiymətləndirilməsi məqsədilə bütün zəruri məlumatlar
pedaqoji heyət tərəfindən xüsusi proqram təminatı
vasitəsilə sistemə daxil ediləcək. Növbəti mərhələdə
professor-müəllim heyətinin Xidməti Fəaliyyətini
Qiymətləndirmə üzrə Daimi Komissiya təsdiqedici
sənədlərdə ekspertiza aparacaq.
Qaydalara əsasən, heyətin xidməti fəaliyyətinin
qiymətləndirilməsi onların universitetdəki elm, tədris
və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata
keçiriləcək. Hər tədris ilinin may ayının 31-dən növbəti
ilin müvafiq tarixinə qədər toplanan ballara əsasən,
müəllimlərin əməkhaqlarına əlavələr olunacaq. Əlavələr
mövcud əməkhaqqının 1-2 misli qədər nəzərdə tutulmuşdur.
Müəllimlər ilə yanaşı, kafedra və fakültələrin də
reytinqi müəyyən ediləcək. Ən yüksək nəticə göstərmiş
kafedra müdiri əməkhaqqının 2 misli qədər birdəfəlik
mükafat əldə edə biləcək. Ən yüksək nəticə göstərən
fakültənin dekanlıq əməkdaşları isə ADİU-nun Qubadakı
tədris, idman və istirahət kompleksində 7 günlük
istirahət edə biləcək.
Dünyanın nüfuzlu universitetlərində tətbiq edilən
diferensial əməkhaqqı sisteminin üstünlüklərinə
əməkdaşların pedaqoji fəaliyyətindəki məhsuldarlığının
yüksəldilməsi və uğur kriteriyalarının müəyyən edilməsi,
heyətin adekvat şəkildə mükafatlandırılmasının təmin
edilməsi, rəqabət mühitinin gücləndirilməsi, məmnuniyyət
səviyyəsinin artırılması və keyfiyyət göstəricilərinin
yüksəldilməsi daxildir.
İctimaiyyətlə əlaqələr şöbəsi |