İyulun
6-da Qəbələdə gənc xilasedicilərin və
yanğınsöndürənlərin 4-cü respublika birinciliyinin və
gənc xilasedicilərin 3-cü beynəlxalq yarışının bağlanış
mərasimi keçirilib.
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil,
Gənclər və İdman nazirliklərinin birgə dəstəyi ilə
keçirilən yarışların bağlanış mərasimində fövqəladə
hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri
Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini
İsmayıl İsmayılov iştirak ediblər.
Əvvəlcə yarışın keçirildiyi ərazidə komandaların
üzvlərinin sıra hazırlığı, geyimi, fiziki və taktiki
hazırlığı, qidalanması üçün yaradılan şərait, xilasedici
və yanğından mühafizə komandalarının fövqəladə hallara
hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif
texnikalardan istifadə etmək bacarıqları ilə tanış
olunub.
Komandalar şərti olaraq "Yeddi Gözəl" otelində baş verən
yanğının söndürülməsi, oteldə köməksiz vəziyyətdə qalan
insanların xilas edilməsi, göldə boğulmaq təhlükəsi ilə
üzləşən uşağın xilas edilməsi, dərin quyuya düşən
insanın oradan çıxarılması əməliyyatlarını uğurla başa
vurublar. Gənc yanğınsöndürən və xilasedicilər hündür
binanın fasadına çıxaraq üçrəngli dövlət bayrağını
dalğalandırıblar, gənc boksçu və taekvondoçular isə
döşək üzərində öz bacarıqlarını nümayiş etdiriblər.
Sonra
Qəbələ Mədəniyyət Mərkəzində yarışda qalib gələn
komandaların mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə gənc xilasedicilərin və yanğınsöndürənlərin
4-cü respublika birinciliyi və gənc xilasedicilərin 3-cü
beynəlxalq yarışının final mərhələsi haqqında videoçarx
nümayiş etdirilib. Yerli və xarici komandaların öz milli
rəqs və mahnılarını ifa etmələri mərasimə xüsusi rəng
qatıb.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov çıxış edib.
Təhsil naziri qeyd edib ki, yarışların keçirilməsinin
məqsədi yeniyetmə və gənclərin fövqəladə hallara
hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi
və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin
aşılanması, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun
aşılanması, məktəblilər arasında sağlam həyat tərzinin
təbliğidir. Mikayıl Cabbarov fövqəladə hallar naziri
Kəmaləddin Heydərovu və nazirliyin bütün kollektivini 10
illik yubiley münasibətilə təbrik edərək, onlara uğurlar
arzulayıb.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov
qalibləri təbrik edib və belə tədbirlərin əhəmiyyəti
haqqında fikirlərini bildirib.
Tədbirdə məlumat verilib ki, FHN-nin yaradılmasının 10
illik yubileyi münasibətilə əvvəlcə Azərbaycanın
müxtəlif bölgələrində gənc xilasedicilərin və
yanğınsöndürənlərin 4-cü respublika birinciliyinin zona
yarışları keçirilib, yüksək nəticə əldə edən komandalar
finala vəsiqə qazanıblar. Bu yarışın iştirakçısı olan 17
şəhər və rayonun komandası, eləcə də Azərbaycan,
Türkiyə, Rusiya, Polşa, Belarus, Gürcüstan, Qazaxıstan
və Moldovadan olan təmsilçilər beş mərhələdə - "Maneələr
zolağı", "Kombinə edilmiş yanğın estafeti",
"Axtarış-xilasetmə işi", "Komandaların təqdimatı" və
"Gənc ekspertlər" üzrə birincilik uğrunda mübarizə
aparıblar.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov
ümumrespublika yarışlarının qalibi adını qazanan Siyəzən
rayon komandasına və beynəlxalq yarışın qalibi olan
Rusiya komandasına mükafatları təqdim edib, gənc
yanğınsöndürən və xilasedicilərə uğurlar diləyib.
Beynəlxalq yarışda ikinci yeri Azərbaycan, üçüncü yeri
Belarus komandaları tutublar. Respublika yarışlarında
isə Bakının Nizami rayon komandası ikinci, İsmayıllı
komandası üçüncü yerə çıxıb. |